Putinin köməkçisi etiraz etdi Dünya

Putinin köməkçisi etiraz etdi

"Rusiyanın prezidenti Vladimir Putinin Rusiyanın "Kiyevi ələ keçirməyə" hazır olması barədə Avropa Komissiyasının sədri Joze Manuel Barrosu tərəfindən sitat gətirilən sözləri kontekstdən çıxarılıb və nəticədə başqa məna kəsb edib".
Rusiya KİV-ləri bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.
"Bu isə düzgün deyil və diplomatik praktikanın sərhədlərini aşır. Bu, ciddi siyasi xadimə yaraşan hal deyil" - deyə Y.Uşakov J.M.Barrosunun fikirlərini şərh edərkən söyləyib.
Qeyd edək ki, dünən İtaliyanın "La Repubblica" qəzeti Avropa Komissiyasının sədri J.M.Barrosuya istinadən V.Putinin Ukrayna planlarına dair bir fikrini dərc etmişdi. J.M.Barrosu Avropa İttifaqına üzv ölkələrin liderləri qarşısındakı çıxışında demişdi ki, o, Putindən Ukraynaya qoşun yeridilməsi barədə soruşanda Rusiya lideri hədə-qorxu gəlməyə başlayıb.
J.M.Barrosu bu vəziyyəti V.Putinin dilindən belə təsvir etmişdi: "Problem də ondadır ki, əgər istəsəm, Kiyevi iki həftəyə alaram".