Gürcüstan BMT TŞ-nin təcili toplaşmasını tələb edib Dünya

Gürcüstan BMT TŞ-nin təcili toplaşmasını tələb edib

Vəfa Quluzadə: "Tiflis heç bir zaman Abxaziya və Cənubi Osetiyanın işğalını Rusiyaya bağışlamayacaq"

Rəsmi Tiflis BMT-nin Təhlükəsizlik Şurasının toplanmasını istəyir. Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Xarici İşlər naziri Tamar Beruçaşvili çıxış edib.
O, artıq bununla bağlı məktubun BMT-yə göndərildiyini bildirib.
"Rusiya və Abxaziya arasında imzalanan müqavilə de-fakto Abxaziyanın anneksiyasıdır. Gürcüstan hakimiyyəti bunu qanunsuz addım sayır və beynəlxalq ictimaiyyəti ərazi bütövlüyünün pozulmasına görə lazımı cavab verməyə çağırır. Bu sənəd Rusiyanın 2008-ci avqustun 12-də atəşkəslə bağlı üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozması deməkdir. Bu müqavilə heç bir hüquqi əhəmiyyət daşımır və beynəlxalq aləm onu heç bir zaman tanımayacaq".
Qeyd edək ki, NATO Tiflislə Moskva arasında problemə dərhal reaksiya verib və bəyan edib ki, Alyans Rusiya və Abxaziya arasında imzalanan müttəfiqlik və strateji partnyorluq haqqında müqaviləni tanımır.
NATO Baş katibi Yens Stoltenberq bu müqavilənin Gürcüstanın ərazi bütövlüyünün pozulması demək olduğunu bildirib.
Politoloq Vəfa Quluzadə söyləyib ki, Rusiyanın Qafqaz, Mərkəzi Asiya və bütün qonşuları üçün daimi təhlükədir.
O, Gürcüstanın Rusiyanı heç bir zaman bağışlamayacağını deyib: "Çünki Rusiya ekspansionist imperiyadır. Belə təhlükənin qarşısının alınması onun nə vaxt çökəcəyindən asılıdır. Bu imperiya çökməyənə və hakimiyyətin mahiyyəti dəyişməyənə qədər, qonşularına təhlükə olaraq qalacaq. Onlar artıq Gürcüstanı siyahıdan çıxarıblar. Çünki Gürcüstan heç bir zaman Abxaziya və Cənubi Osetiyanın işğalını Rusiyaya bağışlamayacaq. Moskva bunu bilir. Abxaziya ilə müqavilə məsələsi yeni ssenari deyil. Kreml Gürcüstanın ərazi bütövlüyünün bərpasından narahat olduğuna görə Abxaziyada əsgəri bazasını yerləşdirir. Rusiya bizimlə də Gürcüstan kimi rəftar edib. Moskva Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib, Gümrüdə öz bazalarını yerləşdirib, daha sonra isə Ermənistanla 1997-ci ildə hərbi müttəfiqlik haqqında müqavilə imzalayıb. Bu həmin imperiyadır. O, Abxaziya, Cənubi Osetiya, Ermənistan və digərləri ilə müxtəlif oyunlar açaraq özünün Qafqazdakı mövqeyini möhkəmləndirməyə çalışır".