Qadağaların yumşaldılması yoluxma sayını artırmayacaq - Həkim Hadisə

Qadağaların yumşaldılması yoluxma sayını artırmayacaq - Həkim

Pandemiyaya görə qoyulan bir sıra qadağaların götürülməsi koronavirusa yoluxmaların sayını artırmayacaq.

Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda COVID-19-a yoluxanların sayında azalma müşahidə olunur. Bundan sonra da azalmalar olacaq.

"Bunun da əsas səbəbi vətəndaşlarımızın könüllü vaksinasiya prosesinə ciddi yanaşmasıdır. Ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsi qapanmaların açılmasına səbəb olur. Əsas səbəblərdən biri də "omikron" ştammının yoluxduruculuq qabiliyyətinin yüksək olmasıdır. Bu səbəbdən vətəndaşlarımızın böyük əksəriyyəti virusa yoluxub. Bununla da kütləvi immunitet formalaşıb. Vəziyyət belə olarsa, qalan məhdudiyyətlər də götürülə bilər”- deyə o bildirib.

Qeyd edək ki, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib.

2022-ci il martın 6-dan aşağıdakı məhdudiyyətlər ləğv edilib:

- mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti;

- dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti;

- şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti;

- ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət;

- pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları;

- 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti.