RUH Yevlaxda «dəyirmi masa» keçirib Hadisə

RUH Yevlaxda «dəyirmi masa» keçirib

Noyabrın 18-də Yevlaxda Yeni Azərbaycan Partiyasının Yevlax Rayon Təşkilatında "Milli Qəhrəmanların təbliğində media mütəşəkkiliyi: mövcud durum və perspektiv vəzifələr" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbir "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsi çərçivəsində baş tutub.

"Dəyirmi masa"nı giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Yevlax Rayon Təşkilatın aparat rəhbəri Əli Quliyev açaraq bildirib ki, Yevlaxda milli vətənpərvərlik təbliğatının aparılması davamlı vəzifələrdəndir. Şəhər rəhbərliyi də fəaliyyətində bunu rəhbər tutur. O, mövcud xüsusda "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsinin önəminə diqqət çəkib. Layihə çərçivəsində "Milli Qəhrəmanların təbliğində media mütəşəkkiliyi: mövcud durum və perspektiv vəzifələr" mövzusundakı "dəyirmi masa"nın vətənpərvərlik təbliğatına ictimai dəstək baxımından əhəmiyyətli olacağına inamını ifadə edib.

"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru, "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsinin rəhbəri Əvəz Rüstəmov çıxışında sözügedən layihə barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilməkdə olan layihə 2015-cü ilin əvvəlindən başlayaraq reallaşdırılmaqdadır. "Layihə çərçivəsində indiyədək bu mövzuda "dəyirmi masa"lar keçirilib. Eyni zamanda hər ay jurnalist Milli Qəhrəmanlardan birinin həyat və fəaliyyətinə, keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş geniş məqalələr hazırlanıb. Əlbəttə, vətənpərvərlik təbliğatında media başlıca vasitədir. Medianın fəaliyyəti təbliğatın tələblərinə adekvatdırmı? "Dəyirmi masa"da sizlərin iştirakı ilə bu kimi məsələləri müzakirə etməyi planlaşdırırıq", - deyə o vurğulayıb.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxışında cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu qeyd edərək mövcud prosesdə medianın xarakterik fəaliyyət formalarından söz açıb. O bildirib ki, əksər hallarda media orqanları cəmiyyətin bu mövzuda onlardan olan gözləntilərini doğrultmurlar. Konkret misallar üzərində dayanan S.Verdizadə toplantı iştirakçılarının suallarını da cavablandırıb.

Yevlax Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, kapitan Rövşən Məmmədov Milli Qəhrəmanların örnək kimi gənc nəslə daha yaxından tanıdılmasının zəruriliyini vurğulayıb. Ümumən hərbi vətənpərvərlik təbliğatının gənclərə və yeniyetmələrə məktəblərdə aşılanmalı olduğunu diqqətə çatdıran R.Məmmədov mövcud istiqamətdəki praktik tədris imkanlarının zəifliyindən söz açıb. O, şagirdlərin silahla davranmalarının öyrədilməsi üçün əyani şəraitin yaradılmasının vacibliyini əsaslandırıb.

Çıxış edənlərdən Yevlax Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşı Fəxrəddin Zeynalov, Yevlax şəhər 5 saylı orta məktəbin direktor müavini Elman Əlibəyli və başqaları Milli Qəhrəmanların, eləcə də müharibədə şücaət göstərmiş digər şəxslərin cəmiyyətə daha yaxından tanıdılmasının zəruriliyini vurğulayıblar. Bu işdə xüsusən də telekanalların üzərinə böyük missiyanın düşdüyünü bildirən natiqlər televiziya ekranlarında vətənpərvərlik mövzusundakı filmlərin, serialların nəzərə çarpacaq dərəcədə azlığından narahatlıqlarını ifadə ediblər.