Doktorantura səviyyəsində Danışıq bloku üzrə imtahanlar bu gün başa çatır Hadisə

Doktorantura səviyyəsində Danışıq bloku üzrə imtahanlar bu gün başa çatır

Məlum olduğu kimi, xarici dil üzrə Danışıq bloku imtahanı iyunun 16-dan etibarən keçirilir və bu gün başa çatır. İştirakçılar Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib vərəqədə göstərilən yer (DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binası, 8 Noyabr metrostansiyasının yanı) və saatda imtahan verirlər. Namizəd və iddiaçılar “İmtahana buraxılış vərəqəsində” göstərilən vaxtda qeyd olunan ünvanda olmalıdırlar.

Bu barədə APA-ya DİM-dən bildirilib.

"Məlumat üçün qeyd edək ki, ilk 3 gün ərzində imtahanda iştirak etməli olan 1863 nəfərdən 69 nəfər imtahana gəlməyib.

Dövlət İmtahan Mərkəzi müxtəlif səbəblərdən 16-18 iyun tarixlərində Danışıq bloku imtahanına gəlməyən şəxslər üçün imtahan vermək imkanı təklif edir. İmtahanda iştirak etmək istəyənlər 19 iyun saat 12:50-dən 13:20-dək DİM-in 8 Noyabr metrostansiyasının yanında, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasına yaxınlaşa bilərlər.

Xatırladaq ki, Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər növbəti – fəlsəfə imtahanına buraxılmırlar, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmurlar", - məlumatda vurğulanır.