Yaponiya şirkətləri ölkəmizdə dərman zavodunun tikintisini planlaşdırır Hadisə

Yaponiya şirkətləri ölkəmizdə dərman zavodunun tikintisini planlaşdırır

Yaxın gələcəkdə Azərbaycanda dərman preparatları istehsalı üzrə yeni zavodun tikintisi nəzərdə tutulur. Səhiyyə Nazirliyinin rəsmi orqanı olan "Tibb" qəzeti xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan Yaponiyanın Nipro Pharma və JGC dərman şirkətlərinin nümayəndələri məlumat veriblər. Qonaqlar səfər çərçivəsində Azərbaycanın Baş nazirin müavini Abid Şərifov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və səhiyyə nazirinin müavini Elsevər Ağayevlə görüşdüklərini deyiblər. "Həmin görüşlər zamanı bizdə belə bir təəssürat yarandı ki, Azərbaycanın əsasən iki istəyi var: birincisi, Yaponiya tərəfinin Azərbaycana sərmayə qoyması, ikincisi, burada əczaçılıq sənayesinin inkişaf etdirilməsi. Biz hər iki istiqamətdə Azərbaycana töhfə verməyi, bu istəkləri reallaşdırmağı düşünürük. Azərbaycanda dərman preparatları istehsal edən zavod tikmək üçün ilk növbədə müəyyən araşdırmalar aparmalı, əlaqədar şəxslərlə görüşlər keçirməli idik. Səfərimizin əsas məqsədlərindən biri budur", - deyə JGC dərman şirkətinin xarici əczaçılıq layihəsi qrupunun rəhbəri Susumu Yamada bildirib.
Nipro Pharma dərman şirkətinin vitse-prezidenti Satoshi Kavamura isə zavodun tikintisinə başlamazdan öncə Azərbaycanda hansı dərmanlara tələbatın olması, hansı preparatların istehsalının məqsədəuyğun olması və bir sıra bu kimi məsələlərlə bağlı araşdırma aparacaqlarını bildirib: "Hazırda bizim partnyorumuz Azərbaycan üzrə iri distribüter şirkətlərindən biridir. Nipro Pharma şirkətinin istehsal etdiyi dərmanlarla həmin şirkətin məhsullarını müqayisə edib müəyyən nəticəyə gəlməyə çalışırıq. Bunun üçün ən azı bir il vaxt lazım olacaq. Araşdırmalardan sonra isə biznes plan hazırlayaraq bilavasitə zavodun tikintisini planlaşdırırıq. İlk növbədə Azərbaycanda bizim şirkətin 300-ə yaxın məhsulunu istehsal etməyi düşünürük. Əgər həmin məhsullardan əlavə preparatlara tələbat olarsa, Yaponiyada Nipro Pharmanın partnyoru olan çox sayda şirkətlər var ki, onlar da öz məhsullarını burada istehsal edə bilərlər".
Satoshi Kavamura keyfiyyət məsələsinə xüsusi diqqət yetirdiklərini və çalışdığı şirkətin məhsullarının dünya standartları səviyyəsində olduğunu vurğulayıb: "Məqsədimiz təkcə Azərbaycan bazarında olmaq deyil. İstehsal olunan dərman preparatlarını, eyni zamanda, xarici dövlətlərə də ixrac etməyi düşünürük. Dərmanların keyfiyyəti məsələsi bizim üçün buna görə də prioritetdir. Əgər yüksək keyfiyyətli məhsullar istehsal olunmasa, onları ixrac edə bilmərik". Satoshi Kavamura Azərbaycanda istehsalın daha ucuz qiymətə başa gələcəyini də deyib. Qeyd edib ki, Azərbaycana daha ucuz qablaşdırma məhsulları gətirilərsə, dərmanların indikindən daha ucuz qiymətə bazara çıxarılması mümkündür.