Qəbələ və Oğuzda gənclər üçün dini maarifləndirici seminarlar təşkil edilib Hadisə

Qəbələ və Oğuzda gənclər üçün dini maarifləndirici seminarlar təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB tərəfindən "Gənclər arasında dini radikalizm təzahürlərinə qarşı maarifləndirici seminarlar" layihəsi çərçivəsində Oğuz və Qəbələ rayonlarında seminarlar təşkil edilib.
Layihənin məqsədi cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, gənclərin dini radikal və ekstremist qruplara cəlb olunmasının qarşısının alınmasına, gənclərin dini radikalizm və ekstremizmlə mübarizə ruhunda tərbiyə olunmasına, dini radikalizm və ekstremizm ideyalarının gənclərin dünyagörüşünə təhrif edici təsirinin və ciddi psixi anomaliyaların qarşısının alınmasına kömək etməkdən ibarətdir.
Seminarlarda layihənin aktuallığı, gənclərin bu sahədə məlumatlı olmasının əhəmiyyəti, dövlət-din münasibətləri, Azərbaycan respublikasının bu sahədə qanunvericiliyi, Konstitusiyada təsbit olunmuş dini etiqad azadlığı, respublikamızda dini tolerantlıq mühiti, o cümlədən multikultural dəyərlər, milli-mənəvi dəyərlər, ailə dəyərləri, dövlətimizin dini dəyərlərimizə göstərdiyi qayğı, ölkə Prezidentinin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi və s. haqqında geniş məlumat verilib.