Bakıda AŞPA Daimi Komitəsinin iclası keçiriləcək Hadisə

Bakıda AŞPA Daimi Komitəsinin iclası keçiriləcək

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrliyi çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsi növbəti toplantısını may ayının 23-də Bakıda keçirəcək.
APA-nın Avropa müxbiri xəbər verir ki, iclası AŞPA-nın sədri xanım Ann Brassör və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov açacaqlar. Toplantıda 47 üzv ölkəni təmsil edən 60-dan çox parlamentar AŞ NK-nin hazırkı sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla təşkilatın cari məsələləri və dünyada gedən aktual məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Daimi Komitənin iclasında Azərbaycanın təşkilatda sədrliyi dövrünü əhatə edən əsas prioritetləri və assambleya ilə Nazirlər Komitəsi arasında daimi siyasi dialoqu əhatə edən digər vacib məsələlər də müzakirə ediləcək. Eyni zamanda komitə üzvləri AŞPA-nın 23-27 iyun tarixlərində keçiriləcək yay sessiyasının gündəliyini hazırlayacaqlar.