"Moskva Avropanı kənarda saxlamaqla fikir ayrılığı yaratmağa çalışır” Gündəm

"Moskva Avropanı kənarda saxlamaqla fikir ayrılığı yaratmağa çalışır”

10–11 noyabr 2026-cı il tarixlərində Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə keçirilən son Rusiya – Ukrayna danışıqları tərəflərin bir-birinə zidd olan tələbləri və görüşün ilkin hazırlıq xarakteri daşıması səbəbindən yekun razılaşma ilə nəticələnmədi. 9 aylıq fasilədən sonra bərpa olunan bu qapalı prosesdə hər hansı sülh sazişinin imzalanması əvvəlcədən də gözlənilmirdi.

Prosesin bu dəfə də, nədən nəticəsiz yekunlaşması ilə bağlı politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

Politoloq bildirdi ki, danışıqların konkret razılaşma ilə bitməməsinin bir neçə səbəbləri var. Rusiya Ukrayna qüvvələrinin Donbasdan tamamilə çıxarılmasını və həmin ərazilərin Moskvaya verilməsini tələb edir. Kiyev isə öz növbəsində ərazi güzəştlərinə getməyəcəyini qəti şəkildə bəyan edir. ABŞ rəsmiləri bu raundun yekununda hər hansı sazişin bağlanmasının nəzərdə tutulmadığını əvvəlcədən bildirmişdilər. Ukrayna nümayəndə heyətinin üzvü prosesin bərpasının özünün uğur olduğunu və konkret nəticələrin yalnız növbəti raundlarda gözlənildiyini qeyd etmişdi.

Görüşdə Rusiya tərəfi müharibədən sonrakı təhlükəsizlik arxitekturası və köhnə şərtlər üzərində dayandığı halda, Ukrayna ilk növbədə təhlükəsizlik zəmanətləri, enerji infrastrukturuna hücumların dayandırılması və əsir mübadiləsi kimi praktiki məsələləri ön plana çəkib.

ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner uzunmüddətli razılaşma üçün Avropa müttəfiqlərinin də masaya cəlb edilməsini vacib sayırlar. Avropa ölkələri isə hələlik bu formatda kimin təmsil olunacağı və Moskva ilə birbaşa təmasların forması barədə yekun qərar verməyiblər. Lakin Moskva Avropa təmsilçilərinin masada əyləşməsinin əleyhinədir.

Görüşdən sonra mətbuata açıqlamasında Rusiya XİN rəhbəri S.Lavrovun istehzalı açıqlamaları da bunu sübut edir. Rusiya sülh danışıqlarında Avropa ölkələrinin və Avropa İttifaqının iştirakını bir neçə strateji və siyasi səbəbə görə istəmir. Moskva prosesi yalnız Rusiya, ABŞ və Ukraynanın yer aldığı üçtərəfli formatda davam etdirməkdə israrlıdır. Rusiya rəsmiləri Avropanın konkret və konstruktiv sülh planı irəli sürmədiyini bildirirlər.

Kreml hesab edir ki, Aİ ölkələrinin fəaliyyəti yalnız Ukraynanı silahlandırmaq və maliyyələşdirməklə məhdudlaşır. Rusiya Xarici İşlər Nazirliyi Avropa ölkələrini münaqişəni uzatmaqda və ABŞ-nin dəstəklədiyi diplomatik cəhdləri bloklamaqda ittiham edir. Moskvanın fikrincə, Avropanın masada olması prosesi ləngidəcək və razılaşmanı çətinləşdirəcək. Rusiya nümayəndə heyəti Əbu-Dabidəki son təmaslar zamanı Aİ təmsilçilərinin danışıqlarda hansı rəsmi statusla iştirak etdiyinin aydın olmadığını vurğuladılar. Kreml həmçinin qeyd edir ki, Avropa ölkələri öz mövqelərini onsuz da Vaşinqton və Kiyevlə olan kanallar vasitəsilə çatdıra bilirlər.

Rusiya tərəfi hesab edir ki, Avropanın Moskvaya qarşı iqtisadi sanksiyaları yumşaltmaq istəməməsi onların real sülhdə maraqlı olmadıqlarını göstərir. Moskva Avropanı kənarda saxlamaqla ABŞ və Avropa müttəfiqləri arasında fikir ayrılığı yaratmağa çalışır. Rusiya birbaşa Vaşinqtonla razılaşma əldə etməyi özü üçün daha sərfəli hesab edir. Avropa ölkələri Ukraynanın ərazi bütövlüyü və müharibədən sonrakı təhlükəsizlik zəmanətləri məsələsində Kiyevlə daha yaxın mövqedən çıxış edirlər.

Bu səbəbdən Rusiya Avropanı bitərəf vasitəçi yox, münaqişənin birbaşa tərəfi kimi görür. Aİ ölkələri Rusiya ilə danışıqlarda onları kimin təmsil edəcəyi barədə vahid qərara gələ bilməmələri, Avropa daxilindəki koordinasiya çatışmazlığı Moskvanın onları nüfuzlu tərəf kimi qəbul etməməsinə şərait yaradır.

Cavid