FHN-in Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilib Hadisə

FHN-in Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında "Bilik günü" münasibətilə tədbir keçirilib.
FHN-in mətbuat xidmətindən bildirilib ki, tədbirdən əvvəl Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar Fəxri Xiyabanda Heydər Əliyev və görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.
Akademiyada keçirilən tədbirdə iştirak edən fövqəladə hallar nazirinin müavini - tibb xidməti general-leytenantı Faiq Tağızadə kursant və məzunları, onların ailələrini FHN rəhbərliyi adından təbrik edib. Qeyd edib ki, hərbi and içərək, Silahlı Qüvvələrin sıralarına daxil olan kursantlar prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə həmişə hazır olmalı, Vətənimizi və bayrağımızı göz-bəbəkləri kimi qorumalıdırlar.
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov da kursantları təbrik edib, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı bəhs edərək onlara uğurlar arzulayıb.
Daha sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Akademiyanın 2017-ci il məzunlarına "leytenant" hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılmış və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilib.
Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Elnur Həbibzadə xatirə lövhəsini simvolik "Yaş kötüyü"nə vurub.
Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə yekunlaşıb.