UN-Habitat rəhbəri: Bakı Fəaliyyət Çağırışı növbəti iki il üçün əsas yol xəritəsi olacaq İqtisadiyyat

UN-Habitat rəhbəri: Bakı Fəaliyyət Çağırışı növbəti iki il üçün əsas yol xəritəsi olacaq

WUF13 çərçivəsində hazırlanmış Bakı Fəaliyyət Çağırışı (Baku Call to Action) və nazirlərin yekun sənədi növbəti iki il ərzində qlobal şəhərsalma və mənzil siyasəti üzrə əsas istiqamətverici sənədlər olacaq.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi: hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudia Rossbax bildirib.

Onun sözlərinə görə, Yeni Şəhər Gündəliyinin 10 illik aralıq icmalı bu ilin 16-17 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək və bu prosesdə parlamentlərin mövqeyi mühüm rol oynayacaq.

Rossbax qeyd edib ki, mənzil məsələsinə yalnız tikinti prizmasından yanaşmaq düzgün deyil və bu sahədə sistemli yanaşma tələb olunur.

“Mənzil siyasəti təkcə ev tikməkdən ibarət deyil. Bu, hökumətlərin, parlamentlərin, özəl sektorun, yerli icmaların və vətəndaş cəmiyyətinin birgə fəaliyyətini tələb edir”, – deyə o vurğulayıb.

BMT-Habitat rəhbəri bildirib ki, WUF13 çərçivəsində hazırlanmış Bakı Fəaliyyət Çağırışı forumun əsas nəticə sənədlərindən biridir və nazirlərin yekun bəyanatı ilə birlikdə gələcək fəaliyyət üçün yol xəritəsi rolunu oynayacaq.

Onun sözlərinə görə, bu sənədlər iki ildən sonra Meksikada keçiriləcək WUF14-ə qədər görüləcək işlərin əsas çərçivəsini müəyyən edəcək.

Rossbax əlavə edib ki, qlobal mənzil böhranının miqyası o qədər böyükdür ki, onun həlli üçün bütün tərəflərin koordinasiyalı və sistemli əməkdaşlığı zəruridir.