ANAMA 2018-ci ilin yekunları barədə hesabat yayıb Hadisə

ANAMA 2018-ci ilin yekunları barədə hesabat yayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci il ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə hesabat yayıb. ANAMA-dan bildirilib ki, 2018-ci il ərzində agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, İsmayıllı, Lənkəran, Masallı, Naftalan, Qaradağ, Qax, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocavənd, Yevlax, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 45 milyon 492 min 690 m² (4 549.27 ha) ərazi yoxlanılıb, 11 min 743 ədəd partlamamış hərbi sursat (PHS), piyada əleyhinə 29 və tank əleyhinə 17 mina (cəmi 11,789 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
İndiyədək cəmi 532 milyon 169 min 188 m² (53,216.92 ha) ərazi təmizlənib, 801 min 155 mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib. 2018-ci il ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng Mərkəzindən – 147 (yüz qırx yeddi), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 134 (yüz otuz dörd), Dövlət Sərhəd Xidmətindən (DSX) - 10 (on), rayon polis şöbələrindən (RPŞ) - 4 (dörd), Rayon İcra Hakimiyyətindən (RİH) – 2 (iki) və Dövlət Təhlükəsizliyi Xidmətindən – 1 (bir) müraciət daxil olub (cəmi çağırış: 298). Müraciətlər əsasında Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Xaçmaz, Şəmkir, Salyan, İsmayıllı, Lənkəran, Zaqatala rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 412 min 368 m² ərazi təmizlənmiş, 5637 ədəd partlamamış hərbi sursat (PHS), piyada əleyhinə 2 və tank əleyhinə 10 mina (cəmi 5649 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib. 2018-ci ilin ərzində Tərtər və Gədəbəy rayonları ərazisində 2 mina hadisəsi baş verib, nəticədə 3 mülki vətəndaş bədən xəsarətləri alıb.