Bu gün onun yubileyidir... Hadisə

Bu gün onun yubileyidir...

Qubanın ucqar dağ kəndlərindən biri- İspikdə dünyaya gəlib. Qayğısız uşaqlıq illərini, yeniyetmə çağlarını həmin kənddə keçirib. Orta təhsilini orada başa vurub. Sonra təhsilini davam etdirmək məqsədi ilə Bakıya üz tutub. Beş il indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb. On iki il AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant, kiçik elmi işçi, baş elmi işçi kimi müxtəlif vəzifələrində çalışıb. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim, dosent, professor kimi fəaliyyət göstərib. 2007-ci ildə yenidən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna dönüb. 2013-cü ilədək orada "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri, "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində baş elmi işçi vəzifələrində işləyib. 2013-cü ildən 2016-cı ilədək Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin "Ədəbiyyat və dillər" kafedrasının professoru kimi elmi-pedoqoji fəaliyyətini davam etdirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur...
Elmi xidmətlərinə görə akademik Y. Məmmədəliyev mükafatının laureatı adına layiq görülüb. 2010-cu ildə isə müəlliflərindən biri olduğu "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatını alıb...
1982-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru alimlik dərəcələrinə yiyələnib. 1985-ci ildə SSRİ Yazıçılar İttifaqına, sonradan Azərbaycan Yazıçılar Birliyinə üzv kimi qəbul olunub...
“Nəslimiz yeyib-içən, şən, davakar nəsil idi. Dalaşmağa adam tapmayanda, adi bir şeyi bəhanə edib bir-birlərini döyürdülər. Bir neçə saatdan sonra ağız-burunlarının qanını yuyur, bir süfrədə çörək yeyirdilər. Dalaşanda onları heç kim ayırmırdı. Çünki ayıranda daha çox qızışırdılar”-deyir...
Həyəcan hissi ona yaddır. Nə qədər çətin vəziyyətə düşsə də çöhrəsindəki təbəssümü qoruyub saxlaya bilir. Güclü təxəyyülü var. Böyük ürəkli, zəngin ideyalarla dolu insandır. Maraq dünyası çox genişdir. Bəzən ona elə gəlir ki, yetkin təfəkkür hər kəsə məxsusdur, elə ona görə də hamıya yüksək qiymət verib, sayğıyla yanaşır. Daima yeni-yeni insanlarla görüşə can atır. Səyahət etməyi xoşlayır. Romantikası çox güclüdür, dünyanı gəzib görmək arzusu heç zaman onu tərk etmir. Macəra və sərgüzəştlərə meyillidir...
...Ömür-gün yoldaşı Qızqayıt xanımla xoşbəxt bir ailə yaradıb. Dörd övlad atası, yeddi nəvənin babasıdır...
“İndi də həyat yoldaşımı sevirəm və sevgi dolu ailəm, övladlarım, nəvələrim var. Mən hər cür şəraitdə yaşamağı bacaran adamam. Hələlik işim, gücüm, planlarım, bitmək bilməyən arzularım məni darıxmağa qoymayır. Lakin həyatda bir neçə məqam məni darıxdırır- dayanmış saat, ağlayan uşaq və kifir qadın. Deyingən arvadın əri olmaq dəhşətli faciədir. Dünyada o şey ki, insanın rahat yaşamasına xidmət etmir, mənə lazım deyil. Əgər insanın həyatını gözəlləşdirmirsə, heç sevgi də lazım deyil. Qadın təkcə arvad, ana, nənə, sevgili deyil, həyatın ruhu, bəzəyi, nəfəsidir”-deyir...
Heç vaxt siyasətə qarışmayıb, heç bir partiyanın üzvü deyil. Siyasət onun ruhuna yaddır. Və bir şəxsiyyət kimi özünün prinsiplərinə sadiqdir.
Şux qaməti, sərt baxışları ona xüsusi yaraşıq verir. Sədaqətli dost, etibarlı yoldaşdır. Təmtərağı xoşlamasa da, ləzzətli yeməklərdən zövq alır. Elə ona görə də yeyib-içməyi xoşlayır. Haradan eşitdiyimi unutmuşam- “Yeyib-içən adam heç vaxt yaman olamyır...” El dilində söylənən bu kəlmələr ona da yapışır...
Orta məktəbdə oxuyanda çox savadlı olduğundan ona "Eynşteyn” deyirdilər, amma əsl adı Nizaməddin, soyadı Şəmsizadədir. Dekabrın 30-u haqqında söhbət açdığım Nizaməddin Şəmsizadənin doğum günüdür, 65 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, ona möhkəm can sağlığı arzulayıram.
Yubileyiniz mübarək, professor!

Elman Eldaroğlu,
[email protected]