Arıçı fermer qadınlar Şəkidə bir araya gəliblər Hadisə

Arıçı fermer qadınlar Şəkidə bir araya gəliblər

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə AFAQ - Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi çərçivəsində martın 4-də Şəki şəhərində arıçı fermer qadınlarla keçirilən görüşdə iştirakçılara mövcud imkanlar və layihələr barədə ətraflı məlumat verilib. Görüşün keçirilməsində əsas məqsəd arıçı fermer qadınların “AFAQ” layihəsindən yararlanması imkanlarını müəyyənləşdirmək, arıçılıqla məşğul olan qadın fermerlərin fəaliyyətləri zamanı qarşılaşdıqları çətinliklərin araşdırılması və aradan qaldırılması yollarını müzakirə etməkdən ibarət olub.
Tədbirdə arıçılıq məhsullarının istehsalında keyfiyyət göstəriciləri, məhsulların qablaşdırılması, satışı, marketinqi və ixracı mövzularında bu sahənin mütəxəssisləri tərəfindən məlumatlar verilib. Məhsul istehsalında qida təhlükəsizliyi standartlarının əhəmiyyəti, marketinq və satış kanalları ilə daha operativ iş, xarici ölkələrə məhsul ixrac etmə qaydaları barədə diqqət yetirilməli vacib qaydalar izah olunub.
Tədbirdə “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədova çıxış edərək, arıçı fermer qadınlara “AFAQ” layihəsi və layihənin onlara verəcəyi imkanlar, üstünlüklər barədə geniş məlumat verib. Uzun müddətdir ki, Azərbaycan Arıçılar Assosiasiyası ilə sıx əməkdaşlıq etdiklərini vurğulayan qurum rəsmisi deyib: “Ötən ilin sonlarında Assosiasiya ilə birgə təşkil etdiyimiz bal yarmarkasında, eləcə də “Kənddən Şəhərə” satış mərkəzləri və yarmarkalarında arıçılıq məhsullarının satışını təşkil etməklə fermerlərimizə dəstək olmağa çalışırıq. Arıçılıqla məşğul olan qadın fermerlər də “AFAQ” layihəsinə qoşulmaqla öz təsərrüfatlarını genişləndirə, yeni biznes imkanları əldə etməklə layihənin imkanlarından yararlana biləcəklər. Onlara istehsal etdikləri məhsulların həm daxili, həm də xarici bazarda satışında dəstək göstəriləcək”.
Qeyd edək ki, “AFAQ” layihəsi “Aqrar Tədarük və Təchizat” ASC və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən PAŞA Holdinqin tərəfdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində mütəmadi olaraq kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən qadınlarla görüşlər keçirilir, onlar üçün təlimlər təşkil olunur, təsərrüfatlarını genişləndirmək üçün məsləhətlər verilir, dəstək göstərilir. Arıçı fermer qadınlarla növbəti görüş martın 6-da Şamaxıda təşkil olunacaq.