“Layəqətsizlərin buynuzu olmur” Hadisə

“Layəqətsizlərin buynuzu olmur”

Baş redaktorlar Əli Kərimliyə sərt cavab verdilər
Elçin Mirzəbəyli: "Onun ömrünün bütün səhifələri xəyanətlə yazılıb"
Aydın Quliyev: "hər kəs dövlətlə konstrutiv əməkdaşllıq etməyə hazır olmalıdır"
Namiq Əliyev: "Mən heç vaxt Əli Kərimlini siyasətçi kimi qəbul etməmişəm"
Rəşad Məcid: "Yalnız öz mövqelərinin düzgün olduğunu fikirləşmək insanlardan təcridə aparır"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli baş redaktorları hakimiyyətə işləməkdə günahlandırıb. Bu isə baş redaktorlar tərəfindən sərt təpki ilə qarşılanıb.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirdi ki, əslində hər kəs öz məntiqi, həyat tərzi və düşüncəsindən çıxş edir: "Bu baxımdan da Əli Kərimlinin Azərbaycan mediasının ünvanına səsləndirdiyi fikirlər də onun həyat tərəzinə, düşüncəsinə və keçdiyi yola uyğundur. Özü dəfələrlə satıldığına görə, başqalarının da satıldığını düşünür. Azərbaycan dövləti ilə Azərbaycan mediasının əməkdaşlıq etməsi, xüsusən də dövlətin informasiya təhlükəsizliyi, dövlətçilik və milli maraqlarla bağlı bir araya gəlməsi əslində çox normaldır və dünyanın hər yerində belə hallar baş verir. Hər bir mətbuat orqanının rəhbəri həm də bir vətəndaşdır. Ölkənin informasiya təhlükəsizliyinin qayğısına qalmaq onun vətəndaşlıq borcudur. Çünki bu ölkədə yaşayır, ona görə də bu ölkənin rifahı onun, övladlarının, çalışdığı kollektivin rifahıdır". Elçin Mirzəbəyli əlavə etdi ki, sağlam düşüncəli insanlar bu məntiqlə çıxış edirlər: "Təbii ki, Əli Kərimli fərqli məntiqlə çıxış edəcək. Çünki onun ömrünün bütün səhifələri xəyanətlə yazılıb. Vaxtilə müavini olduğu Əbülfəz Elçibəyə etdiyi xəyanətlər əslində onun mahiyyətini ortaya qoyur. Bu insanın öz müəlliminə, liderinə qarşı nümayiş etdirdiyi mövqe əslində onun əxlaqını ortaya çıxaran amillərdir. Yaxın keçmişi xatırlasaq radikal müxalifətdaxili münasibətləri dəyərləndirsək, Müsavat və digər partiyalar tərəfindən Əli Kərimlinin ünvanına səsləndirilən fikirləri nəzərə alsaq, onun ayrı-ayrı dönəmlərdə atdığı qeyri adekvat addımları götürsək bu adamın kimliyi ortaya çıxır. Bu adam gah Qərb dəyərlərinin tərəfdarı kimi çıxış edir, sonra İranın müdafiəsinə qalxır, sonra Avropa demokratiyasından danışır və dərhal Rusiyanın layihəsi olan "Milli Şura"da yer alır. Yəni təpədən dırnağa ziddiyyətlərlə dolu bir adamdır. Əslində onun Azərbaycan mediasına qarşı sərgilədiyi bu münasibət heç bir əxlaqi kriteriyalara uyğun gəlmir. Bu gün media standartlarına uyğun gəlməyən məhz Əli Kərimli ilə işləyən, onun birbaşa və dolayısı ilə idarə etdiyi mətbuat orqanlarıdır. Məgər "Azadlıq" qəzeti media kriteriyalarına uyğun gəlirmi? Başdan ayata təhqir və böhtanla doludur. Əslində hakimiyyətlə bağlı tənqid normaldır və istənilən media orqanında hakimiyyət tənqid edilə bilər. Amma dövlətin maraqları əleyhinə çıxış etmək və bunu az qala qəhrəmanlıq kimi qələmə vermək əslində mənim qənaətimə görə ləyaqətsizliyin göstəricisidir. Layəqətsizlərin buynuzu olmur ki..."
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev diqqətə çatdırdı ki, kimin nə deməyinin onun üçün əhəmiyyəti yoxdur: "Kimin nəsə deməsinə münasibət bildirmək istəmirəm. Mənim özümün şəxsi mövqeyim ondan ibarətdir ki, biz, hamımız kifayət qədər yetkin, dövlət maraqlarını, milli, siyasi, ictimai maraqları bir birindən fərqləndirməyi və uzlaşdırmağı bacaran şəxslərik. Mən də baş redaktor olaraq işimi həm mətubatın, həm də dövlətin maraqları çərçivəsində qururam. Kiminsə nə dediyinin mənim üçün qəti şəkildə əhəmiyyəti yoxdur. Ona görə də mən gündəlik iş görməyin tərədarıyam, nəinki görülən işlərin qaralamağın, onu lazım gəlmədiyi təqdirdə siyasiləşdirməyin. Ümumiyyətlə fikrim bundan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı lazım gələndə özünün həm prinsipial mövqeyini ortaya qoymağı bacarmalıdır, həm də milli, dövlət maraqları olan yerdə mətbuat təmsilçisi olub olmamasından asılı olmayaraq hər kəs dövlətlə konstrutiv əməkdaşlıq etməyə hazır olmalıdır. Bundan da çəkinmək lazım deyil".
"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev "mən heç vaxt Əli Kərimlini siyasətçi kimi qəbul etməmişəm",- deyə bildirdi: "Odur ki, onun nə yazması, nə deməsi mənim üçün heç bir maraq kəsb etmir. Öz liderinə xəyanət edən adamdan nə gözləyirsiniz ki?".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirdi ki, müharibə aparan dövlətdə medianın hansısa məsələlərlə bağlı ali dövlət hakimiyyəti orqanlarının rəhbərləri ilə müzakirələr aparması və dövlətin münasibətlərini və mövqeyini dinləməsində heç bir qüsur yoxdur: "Medianın prinsiplərində də belə bir məqam yoxdur. Prezident Adminstrasiyasının rəhbəri Raimz Mehdiyev orada dövlətin mövqeyini bildirirdi. Müharibə aparan ölkədə hansısa azadlıqların məhdudlaşdırılmasının qanunla mümkün olduğunu söyləyirdi. Amma bu addımın atılmaması və buna görə də jurnalistlərdə milli maraqların informasiya təhlükəsizliyinin peşə prinsiplərindən üstün gəldiyi məqamları göstərirdi. Mən elə bilirəm ki, orada iştirak edənlərin böyük əksəriyyəti bu məsələləri müsbət qəbul etdilər". Rəşad Məcidin sözlərinə görə, oradakı əsas iradlar yeni mediaya, qeyri peşəkarlara ünvanlanmışdı: "Arzu edirəm ki, bu deyilənlərdən də yeni "həmkarlarımız" ibrət götürəcəklər. Amma müxalifətin yeri gəldi gəlmədi həm media rəhbərlərinə qarşı bu cür münasibət göstərməsi hər halda onların düşdüyü indiki mühitin göstəricisidir. Cəmiyyətdə bütün insanları qaralayıb yalnız öz mövqelərinin düzgün odlduğunu fikirləşmək hardasa insanlardan təcridə aparır. Bu cür düşüncə də heç bir zaman uğur qazana bilməz".

Əli