Dərslər bu il də mayın sonunda başa çatacaq Hadisə

Dərslər bu il də mayın sonunda başa çatacaq

Nabatəli Qulamov: " Dünya təcrübəsində dərs ilinin uzadılması, yaxud qısaldılması ilə bağlı heç bir mənbəyə rast gəlmərik"

Əlövsət Sadıqlı: "Təhsilin keyfiyyəti daha çox təhsil proqramlarından asılıdır"

Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə dəyişiklik edib. Dəyişikliyə əsasən dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər . 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.
O da bildirilir ki, Nazirlər Kabinetinin qərarı dərs ili başlandıqdan sonra qəbul edildiyi üçün cari tədris ilində dərslər mayın 31-də başa catacaqdır.
Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatıb. Dərs ili 15 sentyabr - 29 dekabr və 6 yanvar - 31 may olmaqla iki yarımilə bölünüb. Dərs ili ərzində 6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (30 dekabr - 5 yanvar), 8 gün yaz tətili (17-24 mart) və birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilib. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, yerli təhsil orqanları ilə razılaşdırmaqla, tətil günlərində dəyişiklik edilə bilib.
Təhsil Nazirliyində QHT üzvləri və müəllimlərin iştirakı ilə keçirilən müzakirələrdən, məktəb rəhbərlərinin verdiyi təkliflərdən sonra isə daha çox dərs ilinin sentyabrın 1-dən başlanması yox, iyunun 15-də başa çatması və aradakı tətil günlərinin qısaldılması hesabına tədris ilinin uzadılması fikri üzərində dayanılırdı. Dərslər sentyabrın 15-də başlasın, yoxsa iyunun 15-də bitsin?! Meteoroloqların da qənaətinə görə, Azərbaycanda sentyabrın 15-ə qədər havalar daha isti keçir, nəinki iyun ayının 15-dək. Sinoptiklər bunu coğrafi baxımdan belə izah edirlər ki, sentyabrın 22-dək yay vaxtı olduğuna görə, Günəşin Yeri isitməsi prosesi gedir, iyun ayının 22-dək isə yazdan yaya keçid olduğuna görə, hava nisbətən sərin olur. Bununla əlaqədar bəzi məktəb rəhbərləri, müəllimlər və təhsil üzrə QHT rəhbərləri fərqli fikirlər irəli sürürdülər.
Təhsil Tədqiqatları Mərkəzinin rəhbəri Əlövsət Sadıqlı dərs ilinin uzadılması ilə təhsilin keyfiyyətində əhəmiyyətli dəyişiklik gözləmir. Ekspert bildirib ki, hazırda dünya praktikasında şagirdə həyati bacarıqları üçün nə lazımdırsa, o, öyrədilir. Natamam təhsil müddətində bu məsələ xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda isə təhsil proqramları mürəkkəb tərtib olunduğu üçün şagirdlər yüklənir: "Hətta dərs proqramları müəllimlərin özləri üçün də qaranlıqdır. Riyaziyyat, ədəbiyyat, dilçilik, təbiət fənlərində natamam orta təhsil üçün artıq olan məlumatlar var ki, bu şagirdin əlavə yüklənməsinə səbəb olur. Şagirdi beyin hambalına çevirmək olmaz. Qabaqcıl dünya təhsili sistemində ağır, elmi mövzular orta məktəbin sonuncu pilləsində keçilir, yəni şagirdlər təmayül üzrə bölündükdən sonra onlara hər təmayülə uyğun mürəkkəb elmi proqramlar tərtib olunur, bizdə isə bu mürəkkəblik aşağı sinifdən başlayır".
Ekspert bildirib ki, şagirdlərə lazım olmayan informasiyaların dərsliklərə salınmasına səbəb hər il tədris proqramları hazırlayan komissiyanın tərkibində məktəb müəllimlərinin çoxluq təşkil etməsidir: "Ali məktəb müəllimləri elmi səviyyələrinə uyğun materialları orta məktəb proqramına salırlar. Halbuki həmin komissiyanı daha çox orta məktəb üzrə ekspertlər təmsil etməlidir. Bu baxımdan proqramların yenidən işlənməsinə ehtiyac var. Doğrudur, dərs ilinin uzadılmasını da tədrisin keyfiyyətini artırmaq istiqamətində bir addım kimi dəyərləndirmək olar, amma tədris proqramının elmi yükü azaldılmayınca, tədris ilinin uzadılmasının da heç bir əhəmiyyəti yoxdur".
Təhsil eksperti Nabatəli Qulamov isə təklif edir ki, təhsil müxtəlif sektorlara bölünsün: "Dünya təcrübəsinə nəzər salsaq, dərs ilinin uzadılması, yaxud qısaldılması ilə bağlı heç bir mənbəyə rast gəlmərik. Ona görə ki, dünyada təhsil müxtəlif sektorlara - dövlət, bələdiyyə və özəl sektorlara bölünür. Bu sektorun hər biri öz üzərində ciddi məsuliyyət hiss edir və həmin məsuliyyətin altına girən insanlar hansı yolla olur-olsun çalışırlar ki, öz şagirdlərinə bilik öyrətsinlər. Ona görə təhsilalanlarla təhsilverənlər arasında qarşılıqlı anlaşma əsasında müddət müəyyənləşir. Təəssüf ki, Azərbaycanda təhsil yalnız dövlət sektoruna xasdır. Bu isə müəllimə müəyyən manevrlər etmək imkanı vermir. Dövlət sektorunda isə nə müəllimin, nə məktəb rəhbərinin məsuliyyəti var. Ona görə də ilk növbədə dünya təcrübəsində mövcud olan mühit yaradılmalıdır. Yəni təhsil müxtəlif sektorlara bölünsə, dərs ili müddətinin artırılmasının müzakirəsinə də ehtiyac qalmaz. Bir halda ki, Azərbaycanda iqtisadiyyatımızın 90 faizi özəl əllərdə, təhsilimizin isə 95 faizi dövlət sektorundadır, belə bir anomal vəziyyət yaranacaq".
Təhsil eksperti hesab edir ki, dərs ili müddətinin artırılması ümumən götürəndə təhsilin keyfiyyətinə müsbət təsir edəcək: "Uşaq uzun müddət təhsildən ayrılır və il ərzində keçdiklərinin hamısı demək olar ki, yaddan çıxır. Beyinin çox gözəl funksiyası var, həm dərk edir, həm də yaddan çıxarır. Yaddan çıxarılmasa, yəqin ki, beyin dağılar. Amma şagird özünə lazım olan bilikləri təkrarlasa, bu, onun üçün faydalı olar. Bu nöqteyi-nəzərdən Təhsil Nazirliyinin irəli sürdüyü təklifi təqdir edirəm. Amma dərslərin sentyabrın 15-də başlanıb, iyunun 15-də bitməsi təklifinin tərəfdarı deyiləm. Məktəbdə dərs deyən bir müəllim kimi əminliklə deyə bilərəm ki, may ayının 15-dən o tərəfə dərs keçilmir. Ona görə ki, otaqlar isti olur, şagirdlər yorğun, əhval-ruhiyyələri pis olur. Təklif edirəm ki, dərslər sentyabrın 1-dən başlasın. Çünki avqustun 15-dən sonra havalar sərinləməyə doğru gedir. Azərbaycan məktəblərində nə kondisioner var, nə də sərinləşdirici digər təchizat".
Uzun illər məktəb direktoru işləmiş, əməkdar təhsil işçisi Aliyə Təhmasib tədris ilinin sentyabrın 15-dən başlamasına tərəfdardır: "Sovet dövründə uzun illər müəllim işləmişəm. O vaxtlar dərslər sentyabrın 1-dən başlayırdı, mayın 25-də başa çatırdı. Dərs ili başlayanda istidən həm müəllimlər, həm şagirdlər çox əziyyət çəkirdi. Ona görə hesab edirəm ki, vaxtı iyunun 15-dək uzatmaq daha əlverişli olar".
Dərs yükünün ağırlığına gəldikdə, Aliyə Təhmasib dedi ki, tədris proqramının dəyişdirilməsi, tədrisin kurikulum sənədi üzrə keçirilməsinə əksər müəllimlər uyğunlaşmadığına görə şagirdlərdən çox müəllimlər arasında müasir dərs metodologiyasını mənimsəməkdə çətinliklər var: "İndiki uşaqlar sanki əllərində mobil telefon dünyaya gəliblər, lap kiçik yaşlarından texnologiyanı asan mənimsədiklərinə görə çevik mənimsəmə azyaşlı şagirdlərdə müəllimlərdən üstündür. Bu baxımdan şagirdlər müəllimləri qabaqlayıblar. Ona görə də hesab edirəm ki, müasir dərs metodologiyasına müəllimlərin tam yiyələnməsi üçün əsaslı tədbirlər görülməlidir".

Əli