Türkiyə QHT-lərindən Kəlbəcər girovları ilə bağlı bəyanat Hadisə

Türkiyə QHT-lərindən Kəlbəcər girovları ilə bağlı bəyanat

"Dünya Ermənistanın bu haqsızlığına "Dur" deməli və azərbaycanlı girovları tez bir zamanda azad etməlidirlər"

Türkiyənin bəzi qeyri-hökumət təşkilatları Ermənistanın girov götürdüyü Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə çıxış ediblər.
Modern.az xəbər veri ki, bu barədə Türkiyə KİV-lərində məlumat yerləşdirilib. Yayılan məlumatda qeyd olunub ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcər bölgəsində erməni silahlı birləşmələri tərəfindən girov götürülüb.
Həmin məlumatda məsələ ilə bildirilib:
"Əsgərov və Quliyevin guya Ermənistanın dövlət sərhədini "pozduqları" üçün, onlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində heç bir hüquqi əsası olmadan uydurma məhkəmə tərəfindən mühakimə olunublar. Ermənilərin həmin şəxsləri girov götürdükləri torpaqlar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarıdır. Həmin ərazi Azərbaycanın dövlət sərhədlərinin daxilində olan ərazidir".
Məlumatda vurğulanıb ki, bu torpaqlarda doğulub, böyümüş Dilqəm Əsgərov , Şahbaz Quliyev və Həsən Həsənov Ermənistanın işğalçı siyasətinin nəticəsində öz yurdundan zorla çıxardılmış Azərbaycan vətəndaşlarıdır.
"Kəlbəcər torpaqlarında onların ata-babaları yatır. Öz torpaqlarında ailələrinin qəbirlərini ziyarət etməyə, yaşadıqları kəndi yenidən görmək üçün gedən insanlar girov götürülüb. Onların hər hansı gizli bir planı və niyyəti olmayıb. Onlar doğulduqları torpağı ziyarət etməyə gedəndə ermənilər tərəfindən işğal olunmuş öz torpaqlarında girov götürülüblər".
Məlumatda həmçinin dünya ictimaiyyətinə səslənən fikirlər də söylənilib:
"Ermənistan tərəfi əllərində olan girovlardan azərbaycanlı Həsən Həsənovu işgəncə edərək vəhşicəsinə öldürüblər. Digər girovlar isə hazırda mənəvi, fiziki işgəncələrə məruz qalmağa davam edirlər. Biz bu məlumatı yayaraq etinasız qalmamaları üçün dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönləndirməyə səsləyirik. Dünya Ermənistanın bu haqsızlığına "Dur" deməli və azərbaycanlı girovları tez bir zamanda azad etməlidirlər".