
Bu il Bakıda 60 mindən çox uşağın xəstə olduğu aşkarlanıb. Bakı şəhər Baş Səhiyyə İdarəsinin müdir müavini Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, paytaxtda 674 537 uşaq var. Onun sözlərinə görə, onlardan 648 960-ı icbari dispanserizasiyadan (tibbi müayinələrdən) keçirilib: "Müayinə olunan uşaqlardan 63 197 nəfərdə müxtəlif xəstəliklər aşkar olunaraq dispanser qeydiyyata götürülüb. Onlardan 34 834-ü sağlamlıqları bərpa olunub. 2831 uşaq hospitallaşdırılıb və onlardan 494-ü sanator müalicəyə cəlb edilib". Müdir müavini əlavə edib ki, uşaqlar arasında aşkar olunan xəstəliklər arasında ağciyər, tənəffüs, mədə-bağırsaq, sinir sistemi xəstəlikləri üstünlük təşkil edir.