Paytaxtda binalara yeni liftlər quraşdırılır - FOTO Hadisə

Paytaxtda binalara yeni liftlər quraşdırılır - FOTO

Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən Almaniyanın Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanaraq alman istehsalı olan 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb.

Trend-in məlumatına görə, ötən ilki işlərin davamı olaraq bu ildə də Bakı şəhərində yeni liftlərin quraşdırılması işləri davam etdirilir. Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi ilə Wittur Holding GMBH şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən daha 625 ədəd lift alınaraq Bakı şəhərinə gətirilib. Bu liftlər paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılıcaqdır.

Əlavə olaraq liftlərə operativ xidmətin göstərilməsi üçün 5 ədəd yeni avtonəqliyyat vasitəsi də alınıb.

Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərov KİV nümayəndələrinə yeni liftlərin texniki göstəriciləri barədə məlumat vermişdir. Bildirilmişdir ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. İşlər çərçivəsində köhnə liftlər demontaj edilir, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunur, otaqların üstünə ruberoid çəkilir.
Yeni liftlər müasir elektron sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı UPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur.

“Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətində növbəti yenilik alınan liftlərə xidmət göstərilməsi və onları daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti Sisteminin qurulması olub. Bura lazımı texniki avadanlıqlarla təchiz edilib və liftlərin göstəriciləri daim nəzarətdə saxlanılır. Yeni liftlər istismara verildikcə bu məntəqəyə qoşulacaqdır.

Görmə qabiliyyəti məhdud olan şəxslərin liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələrin göstəriciləri brayl əlifbası ilə işarələnib. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kq və 0,71 metr/saniyə idi.

Yeni quraşdırılan liftlərin hər biri müvafiq sınaqlardan keçdikdən sonra vətəndaşların istismarına veriləcək.