MDBMİ-də Müslüm Maqomayevin yaradıcılığına həsr edilmiş konsert olub Mədəniyyət

MDBMİ-də Müslüm Maqomayevin yaradıcılığına həsr edilmiş konsert olub

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Müslüm Maqomayevin yaradıcılığına həsr edilmiş konsert olub.

AZƏRTAC xəbər verir ki, konsert Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və MDBMİ-nin dəstəyi ilə bu institutun Azərbaycan klubu tərəfindən təşkil edilib.

Konsertə gələn 300-dək qonaq beynəlxalq müsabiqələr laureatı Klimenti Kateninin dirijorluq etdiyi orkestrin müşayiəti ilə MDBMİ-nin solistlərinin və dəvət olunmuş artistlərin ifasında hamıya yaxşı tanış olan və sevilən musiqi kompozisiyalarını yenidən eşitmək kimi unikal imkana malik olublar.

Konsertdən əvvəl Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar siyasət şöbəsinin rəhbəri Tamilla Əhmədova, MDBMİ-nin Azərbaycan klubunun sədri Nihad Binnətzadə salona toplaşan tamaşaçıları salamlayıblar.

Musiqi axşamı Müslüm Maqomayevin səsi ilə açılıb. Tamaşaçılara görkəmli artistin beynəlxalq müsabiqələr laureatı Anastasiya Qonçarova (royal) və Sergey Belozerçevin (skripka) akkompanementi ilə Andrey Dementyevin “Odarivaet sçastye nas po raznomu...” adlı şeirini oxumasının səs yazısı təqdim edilib.

Konsert proqramı opera müğənnisi Yana Melikayeva, Mariinski teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Həmid Abdulov, beynəlxalq müsabiqələr laureatı Ramazan Ramazanov, Qalina Vişnevskaya Opera Müğənniliyi Mərkəzinin solisti, beynəlxalq müsabiqələr laureatı Nigar Cəfərova, pianoçu, beynəlxalq müsabiqələr laureatı Anastasiya Qonçarova və “Qradski holl” teatrının solisti Emil Qədirovun çıxışları ilə davam edib.

Konsertin bütün iştirakçıları – dəvət olunmuş artistlər və MDBMİ-nin solistlərinin ifasında səslənən “Azərbaycan” mahnısı Müslüm Maqomayevin yaradıcılığına həsr edilmiş konsertin parlaq yekunu olub.