“Qəzzada beynəlxalq hökumətin qurulması ciddi narahatlıq yaradan ideyadır” Gündəm

“Qəzzada beynəlxalq hökumətin qurulması ciddi narahatlıq yaradan ideyadır”

“Tramp və Netanyahu görüşündə təklif olunan növbəti sülh planının ən mürəkkəb və mübahisələrə səbəb olacaq bəndləri heç şübhəsiz ki, Qəzzanın beynəlxalq müvəqqəti hökumət tərəfindən idarə olunması ideyası, eyni zamanda HƏMAS-ın və digər radikal qrupların regionu tərk etməsi və razılaşmadan 72 saat sonra bütün girovların azad olunmasıdır”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

Siyasi şərhçi hesab edir ki, bu 3 məsələ xüsusilə də HƏMAS tərəfindən qəbul edilməyəcək məsələlərdir: “Tramp hakimiyyətə yeni gələrkən bəyan etmişdi ki, o, Qəzzanı yenidən quracaq və qəzzalıları oradan tamamilə çıxaracaq, ABŞ Qəzzanı öz nəzarətinə götürəcək. Qəzzada yenidən bu ideyanın oxşarı olan beynəlxalq hökumətin qurulması ciddi narahatlıq yaradan ideyadır. HƏMAS-ın və digər radikal qrupların bölgədən uzaqlaşdırılması məsələsinə gəlincə, onsuz da HƏMAS-ın ilk gündən dirəniş göstərdiyi məsələlərdən biri də HƏMAS-ın Qəzzanı tərk etməsidir. Həmçinin HƏMAS-ın və Fələstin tərəfinin heç bir ciddi qarantiya əldə etmədən bütün girovları dərhal azad etməsi məsələsidir. Hesab edirəm ki, bütün bu tələblər qarşı tərəfdən qəbul olunmadığı üçün bu sülh ideyası da gerçəkləşməyə bilər”.

Röya İsrafilova