11:39
525
“Ukraynada münaqişənin dayandırılması üzrə danışıqlar davam edir. İndi isə Berlində növbəti raund aparılıb. Dünən Uitkoff ilə Ukrayna Prezidenti və nümayəndələri arasında danışıq baş tutdu. Hətta Uitkoffla görüşdən əvvəl Berlində Alman kansleri də Ukrayna Prezidenti ilə görüşdü. Ancaq bu gün yenidən danışıqlar davam edəcək. Hesab edirəm ki, bu danışıqlar hələ çox uzun sürəcək. Çünki biz artıq neçənci həftədir ki, gah ABŞ-də Florida ştatında, gah Parisdə, gah digər yerlərdə danışıqların keçirildiyinin şahidi oluruq və danışıqlarda hər dəfə yeni bir element, maddə üzə çıxır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
T.Gəncəliyev bildirib ki, burada məqsəd 25 dekabrda Milad bayramı ərəfəsində Trampın dünyaya və öz ictimaiyyətinə Ukraynada münaqişənin həll edilməsi ilə bağlı mesaj verməkdir: “ABŞ administrasiyası bunun üçün tələsir. Ona görə də bu danışıqlar və ya Berlində hansısa razılıqlar olsa belə bu, daha çox müvəqqəti taktiki razılıq ola bilər. Çünki tərəflər arasında çox böyük ixtilaf mövcuddur. Rusiyanın tələbi odur ki, Ukrayna Donbas, Luqansk ərazilərindən, xüsusilə də Donbas ərazilərindən qoşunlarını tam çıxarmalıdır və Ukrayna silahlı qüvvələrinin sayında məhdudiyyət tətbiq edilməlidir. Eyni zamanda, Ukrayna NATO-ya üzv qəbul edilə bilməz və s”.
Deputat əlavə edib ki, Ukraynada isə bunu tamamilə yersiz və qəbuledilməz adlandırırlar: “Nəzərə alsaq ki, ABŞ administrasiyası da Ukraynada prezident seçkilərinin neçə vaxtdır keçirilmədiyini və Ukraynada demokratiya və insan hüquqları ilə bağlı məsələdə problem olduğunu zaman-zaman qaldırır. Beləliklə, də Ukraynaya bir təzyiq vasitəsi kimi istifadə edilə bilər. Hesab etmirəm ki, Berlin danışıqları konkret müsbət bir məqamla nəticələnəcək. Danışıqlar davam etdiyi zaman da böyük döyüşlərin getdiyi göz qabağındadır. Ona görə də 25 dekabra kimi ola bilər hansısa razılıq olsun, ancaq bu, uzunmüddətli sürməyəcək”.
Röya İsrafilova