Səhiyyədə strateji addım: 72 mindən çox tibb işçisinin əməkhaqqı artırılır Gündəm

Səhiyyədə strateji addım: 72 mindən çox tibb işçisinin əməkhaqqı artırılır

TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edən yeni əməkhaqqı islahatı ölkənin səhiyyə ictimaiyyətində böyük əks-səda doğurub. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu addım yalnız sosial dəstək tədbiri kimi deyil, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına və insan kapitalının gücləndirilməsinə yönəlmiş strateji qərar kimi qiymətləndirilir. Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Rəşad Mahmudov, Müşfiq Məmmədli və Məlahət İbrahimqızı verilən qərarın əhəmiyyətini, onun regionlarda kadr təminatına, həkim motivasiyasına və vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinə müsbət təsirlərini “Xalq Cəbhəsi”nə
şərh ediblər:

Səhiyyədə insan kapitalı və strateji addım

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Xalq Cəbhəsi”nə açıqlamasında söyləyib ki, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edən əməkhaqqı islahatını yalnız sosial xarakterli qərar kimi deyil, Azərbaycan səhiyyəsinin gələcək inkişafına yönəlmiş strateji addım kimi qiymətləndirmək lazımdır.
O qeyd edib ki, əlbəttə, ilk növbədə bu qərar həkimlərimiz, tibb bacılarımız və bütövlükdə səhiyyə işçiləri üçün sevindirici hadisədir: “Tibb işçisinin əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi onun sosial rifahına, iş məmnuniyyətinə və peşəsinə bağlılığına birbaşa təsir göstərir. Lakin məsələnin daha geniş və uzunmüddətli tərəfi var. Bu gün tibb işçisinə edilən investisiya, əslində, sabah vətəndaşa göstəriləcək tibbi xidmətə edilən investisiyadır. Səhiyyənin ən qiymətli resursu nə bina, nə də tibbi avadanlıqdır, ən qiymətli resurs insandır. Müasir xəstəxana tikmək, ən son texnologiyaları əldə etmək müəyyən maliyyə imkanları daxilində mümkündür. Lakin yüksək səviyyəli həkimin, tibb bacısının, anestezioloqun, neonatoloqun, cərrahın və digər mütəxəssislərin yetişdirilməsi uzun illər tələb edir. Bu səbəbdən peşəkar kadrların sistemdə qorunması hər bir ölkənin səhiyyə siyasətinin əsas strateji məsələlərindən biridir. Yeni yanaşmanın mühüm cəhətlərindən biri əməkhaqqı siyasətinin kadr ehtiyacları ilə əlaqələndirilməsidir. Xüsusilə regionlarda çatışmayan və səhiyyə sisteminin fəaliyyəti üçün kritik əhəmiyyət daşıyan ixtisasların daha ciddi stimullaşdırılması gələcəkdə kadrların ölkə üzrə daha balanslı yerləşməsinə imkan verə bilər. Bu, olduqca vacib məsələdir. Çünki səhiyyədə bərabərlik yalnız hər yerdə xəstəxana binasının olması demək deyil. Həqiqi bərabərlik vətəndaşın harada yaşamasından asılı olmayaraq ehtiyac duyduğu keyfiyyətli tibbi yardıma vaxtında çata bilməsidir. Bunun üçün isə regionlarda yalnız infrastruktur deyil, həmin infrastrukturu işlədə biləcək peşəkar insan resursu da olmalıdır”.
Deputatın sözlərinə görə, əməkhaqqının və digər stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi gənc həkimlərin regionlarda işləməyə marağını artıra, artıq orada çalışan təcrübəli mütəxəssislərin sistemdə qalmasına kömək edə bilər: “Uzunmüddətli perspektivdə bunun nəticəsi paytaxta olan tibbi miqrasiyanın və bəzi xidmətlər üzrə böyük mərkəzlərin üzərinə düşən əlavə yükün azalması ola bilər. Vətəndaş bir sıra tibbi xidmətləri yaşadığı bölgədə ala bildikdə həm vaxt, həm ailə büdcəsi, həm də bütövlükdə səhiyyə sistemi baxımından ciddi üstünlüklər yaranır. Digər mühüm məsələ əməkhaqqı artımı ilə tibbi xidmətin keyfiyyəti arasındakı əlaqədir. Əlbəttə, yalnız maaşı artırmaqla tibbi xidmətin keyfiyyətinin avtomatik yüksələcəyini düşünmək doğru olmazdı. Keyfiyyət çoxkomponentli anlayışdır. Buraya davamlı tibbi təhsil, klinik protokollara əməl olunması, pasient təhlükəsizliyi, müasir texnologiyalara çıxış, düzgün idarəetmə, iş şəraiti və fəaliyyətin obyektiv qiymətləndirilməsi daxildir. Lakin bütün bunların mərkəzində yenə insan dayanır. Əməyinin qarşılığını aldığını, dövlət və cəmiyyət tərəfindən qiymətləndirildiyini hiss edən tibb işçisinin motivasiyası və sistemə bağlılığı da fərqli olur. Buna görə əməkhaqqı islahatının gələcək mərhələlərdə peşəkarlıq, davamlı təhsil, fəaliyyət göstəriciləri və xidmət keyfiyyəti ilə uzlaşdırılması Azərbaycan səhiyyəsində yeni əmək və keyfiyyət mədəniyyətinin formalaşmasına ciddi töhfə verə bilər”.
O həmçinin vurğulayıb ki, son illərdə Azərbaycanda səhiyyənin maddi-texniki bazasının yenilənməsi, yeni tibb müəssisələrinin yaradılması və icbari tibbi sığortanın tətbiqi ilə sistemin maliyyələşmə və təşkilati modeli əhəmiyyətli dərəcədə dəyişib: “İndi isə bu inkişafın növbəti mühüm istiqamətlərindən biri həmin sistemin əsas daşıyıcısı olan insan kapitalının gücləndirilməsidir. Bu baxımdan Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən əməkhaqqı islahatının əhəmiyyəti yalnız bugünkü sosial nəticələrlə ölçülməməlidir. Onun real strateji nəticələri qarşıdakı illərdə peşəkar kadrların sistemdə qorunması, regionlarda mütəxəssis təminatının yaxşılaşması və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi ilə özünü göstərməlidir. Nəticə etibarilə, bu qərarın mərkəzində tibb işçisi dayansa da, onun son ünvanı Azərbaycan vətəndaşıdır. Bu gün həkimə və tibb işçisinə yaradılan daha yaxşı şərait sabah Bakıda olduğu kimi, ölkənin ən ucqar kənd və rayonunda yaşayan vətəndaşın da daha əlçatan, təhlükəsiz və keyfiyyətli tibbi xidmət almasına xidmət etməlidir”.

“Tibb işçisinə diqqət və yüksək motivasiya”

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdir səhiyyəyə, xüsusilə ana və uşaq sağlamlığına, müasir tibb müəssisələrinin yaradılmasına, mürəkkəb xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə və ümumilikdə humanitar məsələlərə göstərdiyi həssas münasibət cəmiyyətimizə yaxşı məlumdur: “Bu dəfə də məhz tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı təşəbbüsün irəli sürülməsi həmin ardıcıl və insan amilinə söykənən yanaşmanın davamıdır. Prezident İlham Əliyevin təşəbbüsə dərhal müsbət münasibət bildirməsi və onun həyata keçirilməsi üçün tapşırıq verməsi isə bir daha göstərir ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır”.
Deputat yeni təşəbbüsün dövlət səhiyyə müəssisələrinin peşəkar kadrlar üçün cəlbediciliyini artıracağını, ixtisaslı mütəxəssislərin sistemdə qalmasına əlavə stimul yaradacağını düşünür: “Xüsusilə regionlarda tibbi kadr təminatının yaxşılaşdırılması baxımından əməkhaqqı və digər stimullaşdırıcı mexanizmlərin inkişaf etdirilməsi mühüm nəticələr verə bilər. Azərbaycan səhiyyəsi son illərdə böyük inkişaf yolu keçib. Yeni və müasir tibb müəssisələrinin yaradılması, onların qabaqcıl tibbi avadanlıqlarla təmin edilməsi, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi, tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi və səhiyyənin rəqəmsallaşdırılması istiqamətində görülən işlər bunun göstəricisidir. İndi isə bu böyük sistemin əsas dayağı olan insan kapitalına – həkimə, tibb bacısına və digər tibb işçilərinə daha böyük diqqətin yönəldilməsi islahatların məntiqi davamıdır”.
O əlavə edib ki, qarşıdakı mərhələdə əməkhaqqının artırılması ilə yanaşı, davamlı tibbi təhsilin, peşəkar inkişafın, şəffaf karyera modelinin və əməyin obyektiv qiymətləndirilməsi mexanizmlərinin daha da təkmilləşdirilməsi səhiyyəmizin inkişafına yeni dinamika verə bilər: “İlkin səhiyyə xidmətlərinin və ailə həkimliyi institutunun gücləndirilməsi, regionlarda ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın artırılması, rəqəmsal səhiyyənin inkişafı və profilaktik təbabətin genişləndirilməsi də qarşıdakı dövrün əsas istiqamətləri sırasında olmalıdır. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan səhiyyəsində aparılan islahatların yeni mərhələsi həm tibb işçilərinin sosial rifahının, həm də vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi ilə nəticələnəcək. Bu təşəbbüsü təkcə əməkhaqqının artırılması barədə sosial qərar deyil, Azərbaycan həkiminə və bütövlükdə tibb ictimaiyyətinə verilən yüksək dəyərin ifadəsi kimi qiymətləndirirəm. Tibb ictimaiyyətinin nümayəndəsi olaraq belə bir təşəbbüsün irəli sürülməsi bizdə xüsusi məmnunluq yaradır və düşünürəm ki, bu qərar minlərlə tibb işçisinin əməyinə verilən qiymətin çox mühüm ifadəsidir”.

Bölgələrdə kadr təminatı və sosial dövlət siyasəti

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində sosial, humanitar, mədəniyyət və səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərib.
Deputat qeyd edib ki, onun bu nəcib təşəbbüsü Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanıb və Prezident bu təşəbbüsün reallaşdırılması ilə bağlı müvafiq tapşırıq verib: “Hesab edirəm ki, belə bir humanist qərar həm ölkəmizdə, eləcə də səhiyyə sahəsində həyata keçirilən əsaslı islahatların tərkibi olmaqla, həm də dövlətimizin, Dövlət Başçısının həyata keçirdiyi davamlı sosial siyasətin göstəricisidir…”.
M.İbrahimqızı diqqətə çatdırıb ki, bu gün tibb işçisinə edilən investisiya, əslində, sabah Azərbaycan vətəndaşına göstəriləcək keyfiyyətli tibb xidmətinə edilən investisiyadır: “Bildiyimiz kimi, ölkə səhiyyəsində əsaslı islahatlar çərçivəsində bütün bölgələrdə səhiyyənin zəngin maddi-texniki bazası yaradılıb və yüksək səviyyədə tibb təhsili almış güclü kadrlarla yetişdirilib.

Müasir standartlara cavab verən xəstəxana tikmək, ən son texnologiyaları əldə etmək, müxtəlif ixtisaslar üzrə yüksək səviyyəli kadrlar yetişdirməklə bərabər, həm də tibb işçilərinin maddi rifahı da artırılmalıdır. Beynəlxalq təcrübədə də yüksək tibbi xidmətin əldə edilməsində əməkhaqqı siyasətinin də böyük önəmi var. Etiraf etməliyik ki, bu gün ölkəmizin müxtəlif bölgələrində tibb kadrlarının çatışmazlığının səbəblərindən biri də əməkhaqqlarının qənaətbəxş olmaması ilə əlaqədardır. Yəni bu qeyd etdiyim parametrlər bir-birlərini tamamlayaraq ölkə əhalisinin keyfiyyətli tibb xidmətini təmin edən amillərdəndir”.
Onun fikirlərinə görə, bölgələrdə tibb kadrlarının kritik çatışmazlığının qarşısının alınması üçün gələcəkdə də əməkhaqqının və digər stimullaşdırıcı mexanizmlərin tətbiqi və gücləndirilməsi davamlı olaraq aparılmalıdır: “Belə ki, dünyanın bütün ölkələrində ən yüksək əmək haqqı alan tibb işçiləri əməklərinin qarşılığını aldıqda, dövlət və cəmiyyət tərəfindən qiymətləndirildiyini hiss etdikdə onun göstərdiyi tibb xidməti də yüksək olacaq. İnanırıq ki, gələcəkdə aparılacaq əməkhaqqı islahatında tibb işçilərinin peşəkarlıq, davamlı təhsil, fəaliyyət göstəriciləri və göstərdikləri xidmət keyfiyyəti nəzərə alınacaq. Yekun olaraq bildirmək istəyirəm ki, Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsü və Prezident İlham Əliyevin qəbul etdiyi siyasi qərar ölkə ictimaiyyəti, xüsusilə də səhiyyə ictimaiyyəti tərəfindən dövlətimizin sosial siyasətinin tərkibi kimi yüksək qiymətləndirilir. Fürsətdən istifadə edərək Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin üzvü kimi həm Respublikamızın Prezidentinə, həm də Respublikamızın Birinci vitse-prezidentinə sonsuz təşəkkürümü bildirirəm”.

Günel Elxan