ABŞ-İran gərginliyi: qarşıdurma yenidən alovlanır?
2 Sentyabr 23:52

2026-cı ilin 28 fevralında başlayan ABŞ-İran müharibəsində bir müddət idi ki, gərginlik müəyyən qədər azalmışdı. Son bir neçə gündə qarşıdurma yenidən alovlanıb. Belə ki, öncə ABŞ İranın Larak adasındakı hərbi qurğularını vurub. İranın ona cavab zərbəsindən sonra isə ABŞ daha geniş zərbələrə başlayıb və İranın hava hücumundan müdafiə sistemləri, radarları, dəniz vasitələri və digər obyektləri vurulub. İran isə İordaniya, Bəhreyn və İraqdakı ABŞ obyektlərinə raket və dron hücumları edib. Bütün bunlar nisbətən səngiyən münaqişənin daha da artdığına işarədir.
Bəs münaqişə yenidən alovlanıb əvvəlki halına qayıda bilərmi?
“Xalq Cəbhəsi” məsələni politoloqlarla müzakirə edib.
“Qarşıdurma yenidən alovlanır”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva qeyd edib ki, ABŞ-nin təxminən bir aylıq fasilədən sonra İran ərazisindəki hədəflərə yenidən zərbə endirməsi və Tehranın buna raket-dron hücumları ilə cavab verməsi qarşıdurmanın hərbi müstəvidə yenidən alovlandığını göstərir: “Vaşinqton Larak adasındakı qurğuların Hörmüz boğazına mina yerləşdirilməsi təhlükəsi yaratdığını bildirərək əməliyyatı preventiv addım kimi əsaslandırır. Tehran isə hücumu öz suverenliyinin pozulması sayır və cavab zərbələrini çəkindirmə imkanlarını qorumaq cəhdi kimi təqdim edir. Bir müddət davam edən nisbi sakitlikdən sonra tərəflərin birbaşa atəş mübadiləsinə qayıtması diplomatik kanalların zəiflədiyini və “zərbə–cavab zərbəsi” dövrəsinin yenidən işə düşdüyünü göstərir. Reuters və AP bu eskalasiyanın son bir ayda ilk belə hərbi qarşıdurma olduğunu bildirir”.
Təhlükəli eskalasiya mərhələsi
Z.Qarayeva bildirib ki, bununla belə, hazırkı hadisələri hələlik genişmiqyaslı regional müharibənin yeni mərhələsi kimi qiymətləndirmək tezdir: “İranın ABŞ bazalarına ciddi zərər vurduğuna dair iddiaları müstəqil şəkildə tam təsdiqlənməyib, qarşı tərəf isə hücumların böyük hissəsinin dəf edildiyini bildirir. Bu vəziyyət tərəflərə gərginliyi nəzarətdə saxlamaq üçün müəyyən manevr imkanı verir. Lakin ABŞ zərbələrinin İranın daha dərin ərazilərinə yayılması, Amerika hərbçiləri arasında itkilərin yaranması və ya Hörmüz boğazında enerji daşımalarının yenidən pozulması qarşıdurmanı sürətlə genişləndirə bilər. Deməli, hazırda söhbət tammiqyaslı müharibədən deyil, son dərəcə kövrək və hər an nəzarətdən çıxa biləcək təhlükəli eskalasiya mərhələsindən gedir”.
İsrail prosesə cəlb olunarsa…
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov söyləyib ki, İranla ABŞ arasında problem həllini tapmayıb: “Dəfələrlə atışmalar, hücumlar, hava hücumları, bombardmanlar olsa da, qarşılıqlı hədəflərin vurulması və eyni zamanda dəfələrlə danışıqlar prosesi reallaşsa da, hələ ki, problemi həllini tapmayıb və hər şey yarımçıq qalıb. Buna görə də ABŞ-nin zaman-zaman İranın Hörmüz boğazı və Fars körfəzi üçün təhlükə yaradan hərbi obyektlərini hədəfi alması açıq şəkildə ortaya qoyulur. Eyni zamanda, İranın da buna cavabları özünü gecikdirmir. Təbii ki, bu, ondan xəbər verir ki, ABŞ məsələnin həlli yolunu tapıb oradan çıxmaq üçün yollar axtarır. Amma buna nail ola bilmir. İran da geriyə adım atmır və görünən tərəf odur ki, İran üçün prosesi dayandırmaq və yaxud da geri çəkilmək heç bir halda onun marağına uyğun deyil. Bu baxımdan mən düşünürəm ki, ABŞ bu prosesdə hansısa bir yol axtarıb tapana qədər İranla bu qarşıdurmalar reallaşacaq”.
X.Bəşirov əlavə edib ki, əvvəlki kimi intensiv müharibəyə çevrilməsə də, bu qarşıdurmaların, qarşılıqlı hədəflərin vurulmasının şahid ola bilərik: “Ancaq bunun intensiv müharibəyə çevrilməsi üçün düşünürəm ki, İsrail tərəfinin də bu prosesə cəlb olunmasına ehtiyac var. O halda qarşıdurma intensivləşəcək, eskalasiya güclənəcək, müharibə yenidən əvvəlki kimi geniş miqyas alacaq. Əks təqdirdə, proses bu şəkildə hədəflərin vurulması formasında bir müddət davam edəcək”.
“Hərbi qarşıdurma bitməyib”
Politoloq Tural İsmayılovun sözlərinə görə, ABŞ və İran arasında baş verən qarşılıqlı zərbələr göstərir ki, Yaxın Şərqdəki hərbi qarşıdurma heç də bitmiş hesab edilə bilməz: “Əksinə, Larak adasına endirilən ABŞ zərbəsi və Tehranın buna cavab olaraq İordaniyada yerləşən ABŞ hərbi obyektlərini hədəfə alması tərəflər arasında mövcud olan kövrək tarazlığın yenidən pozulduğunu nümayiş etdirir. Burada diqqətçəkən məqam zərbənin məhz Larak adasına endirilməsidir. ABŞ tərəfi bildirir ki, İranın İnqilab Keşikçiləri Hörmüz boğazına mina yerləşdirmək üçün raket qurğularından istifadə etməyə hazırlaşırdı. Vaşinqton da məhz bu səbəbdən “məhdud və dəqiq” hərbi əməliyyat həyata keçirdiyini açıqlayıb. Reuters-in məlumatına görə, bu, iyulun sonlarından etibarən ABŞ-nin İrana qarşı ilk məlum birbaşa zərbəsidir”.
“Zərbələr bir-birini doğuran zəncirə çevrilə bilər”
T.İsmayılov deyib ki, Tehranın reaksiyası isə təsadüfi deyil: “İran ABŞ-yə göstərmək istəyir ki, onun hərbi obyektlərinə zərbə endirilməsi cavabsız qalmayacaq. İordaniyadakı ABŞ bazalarına ballistik raketlərin atılması həm hərbi, həm də siyasi mesajdır. İran bununla öz çəkindirmə qabiliyyətini nümayiş etdirməyə çalışır. Eyni zamanda, raketlərin böyük hissəsinin İordaniya tərəfindən havada məhv edilməsi göstərir ki, Tehran hələlik ABŞ ilə tammiqyaslı və nəzarətsiz müharibəyə keçməkdə maraqlı deyil. Lakin əsas təhlükə məhz buradadır: qarşılıqlı zərbələr bir-birini doğuran zəncirə çevrilə bilər. ABŞ “mina təhlükəsi”nə cavab olaraq zərbə endirir, İran cavab verir, Vaşinqton isə növbəti cavabı nəzərdən keçirə bilər. Bu mərhələdə hər bir tərəfin hesablamasında kiçik səhv belə daha böyük eskalasiyaya gətirib çıxara bilər. Üstəlik, söhbət adi coğrafiyadan getmir. Larak adası Hörmüz boğazının yaxınlığındadır. Bu boğaz qlobal enerji və beynəlxalq ticarət üçün strateji əhəmiyyət daşıyır. Artıq qarşıdurmanın iqtisadi təsiri də görünür: Reuters-in məlumatına görə, ABŞ-nin Larakdakı zərbəsindən sonra neft qiymətləri 2 faizdən çox yüksəlib”.
“Qarşıdurma idarəolunan eskalasiya mərhələsinə qayıdır”
Politoloq ona görə də hesab edir ki, hazırkı vəziyyəti “ABŞ-İran arasında yeni müharibə başlayır” kimi təqdim etmək hələ tezdir: “Daha doğru ifadə budur: qarşıdurmanın idarəolunan eskalasiya mərhələsinə qayıtması müşahidə olunur. İndi əsas məsələ tərəflərin növbəti addımıdır. Əgər zərbələr hərbi obyektlərlə məhdudlaşacaqsa, diplomatik manevr imkanları qalacaq. Amma enerji infrastrukturu, kommersiya gəmiləri və regiondakı digər dövlətlərin ərazisi sistemli şəkildə hədəfə çevrilərsə, artıq söhbət lokal ABŞ-İran qarşıdurmasından yox, daha geniş regional müharibə riskindən gedəcək. Yəni bu gün əsas sual kimin daha güclü olması deyil. Əsas sual budur: Vaşinqton və Tehran öz hərbi güclərini nümayiş etdirməklə yanaşı, eskalasiyanın harada dayanmalı olduğunu müəyyən edə biləcəklərmi? Çünki Yaxın Şərqdə tarix dəfələrlə göstərib ki, müharibələr bəzən planlaşdırılmış qərarlardan yox, nəzarətdən çıxan cavab zərbələrindən başlayır”.
Röya İsrafilova