Yəməndə savaş yenidən alovlanır: proses nə vəd edir? Dünya

Yəməndə savaş yenidən alovlanır: proses nə vəd edir?

Yəməndə hökumət qüvvələri ilə İranın dəstəklədiyi husilər arasında qarşıdurma uzun illərdir davam edir. Son məlumatlara görə Yəməndə hökumət qüvvələri husilərə qarşı yeni genişmiqyaslı hərbi əməliyyata başlayıb. Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq məqsədilə hücum elan edib. İranın dəstəklədiyi husilərin buna cavabı regiondakı İran–Səudiyyə rəqabətini və Qırmızı dənizdə təhlükəsizliyi yenidən kəskinləşdirə bilər.

“Rəqabətin yenidən kəskinləşməsi riski artır”

Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu qeyd edib ki, Yəməndə hökumət qüvvələrinin husilərə qarşı yeni genişmiqyaslı əməliyyata başlaması Yaxın Şərqdə İran–Səudiyyə rəqabətinin yenidən kəskinləşməsi riskini artırır: “Çünki burada söhbət artıq yalnız Yəmən daxilində hakimiyyət uğrunda mübarizədən getmir. Səudiyyə Ərəbistanı Yəmən hökumətini dəstəkləyir, husilər isə İranla strateji əlaqələrə malikdir və onların Qırmızı dəniz sahilində mövqelərinin güclənməsi Riyad üçün həm sərhəd təhlükəsizliyi, həm də dəniz kommunikasiyaları baxımından ciddi məsələdir. Əsas risk ondan ibarətdir ki, husilər yeni hücuma cavab olaraq Səudiyyə Ərəbistanının ərazisini, xüsusilə enerji infrastrukturu və strateji obyektləri raket və PUA-larla hədəfə alsalar, Riyadın Yəməndəki hərbi əməliyyatları daha da genişləndirməsi mümkündür. Belə bir vəziyyətdə İranın husilərə hərbi və kəşfiyyat dəstəyini artırması qarşıdurmanı yeni mərhələyə keçirə bilər”.
Münaqişəsinin regional təhlükəsizlik böhranına çevrilmə ehtimalı
V.Zifəroğlunun sözlərinə görə, digər mühüm məsələ Qırmızı dəniz və Bab əl-Məndəb boğazıdır: “Husilərin burada gəmiçiliyə qarşı təhdidləri artırması beynəlxalq ticarət marşrutlarını təhlükə altına sala və ABŞ, Avropa ölkələri və digər regional aktorların prosesə daha fəal müdaxiləsinə səbəb ola bilər. Bu isə Yəmən münaqişəsinin regional təhlükəsizlik böhranına çevrilməsi ehtimalını artırır. Bununla belə, hazırkı prosesə birbaşa “İran–Səudiyyə müharibəsinin başlanması” kimi yanaşmaq düzgün olmaz. Hər iki ölkənin birbaşa hərbi toqquşmadan yayınmaq üçün kifayət qədər səbəbi var. Əsas ehtimal qarşıdurmanın yenidən proksi müharibəsi formasında inkişaf etməsidir. Yəni Riyad Yəmən hökumət qüvvələrini dəstəkləyəcək, Tehran isə husilərin müqavimət imkanlarının qorunmasına çalışacaq”.

Rəqabət yenidən hərbi müstəviyə keçir

Ekspert həmçinin söyləyib ki, Yəməndəki yeni əməliyyat İran–Səudiyyə qarşıdurmasını avtomatik olaraq birbaşa müharibəyə çevirməsə də, həmin rəqabətin yenidən hərbi müstəviyə keçməsi üçün ciddi zəmin yaradır: “Xüsusilə husilərin Səudiyyə ərazisinə və Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə qarşı hücumları genişləndirməsi vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. Buna görə qarşıdakı mərhələdə əsas diqqət Yəmən cəbhəsindəki döyüşlərdən daha çox husilərin cavabının coğrafiyasına və Səudiyyənin buna reaksiyasının miqyasına yönələcək”.

“Bu, real hərbi qarşıdurmaya gətirib çıxarmayacaq”

Politoloq Asif Nərimanlı qeyd edib ki, Yəmən hökuməti ilə husilər arasındakı qarşıdurma, hərbi toqquşmalar regionda Səudiyyə Ərəbistanı və İran toqquşmasını daha da kəskinləşdirir: “Lakin burada əsas məsələ bu qarşıdurmanın hansı mərhələyə qədər davam edəcəyidir. Çünki hazırda hadisələr məhz Yəmən daxilində baş verir və bu prosesdə husiləri İran tərəfi, Yəməni hökumətini isə Səudiyyə Ərəbistanı dəstəkləyir. Hər iki tərəf hələ ki, bu qarşıdurmada özlərinin dəstəklədiyi qüvvələrin önə çıxmasına çalışır və hadisələr Yəmən daxilində davam etdiyi müddətdə hesab edirəm ki, bu, Səudiyyə Ərəbistanı və İran arasında regional gərginliyin davam etməsinə gətirib çıxaracaq, amma birbaşa toqquşmalar və ya daha real hərbi qarşıdurmaya gətirib çıxarmayacaq. Hazırkı məqamda tərəflər də bunda maraqlıdır”.

İrana qarşı siyasi təzyiqin artması...

A.Nərimanlı əlavə edib ki, İran tərəfi nəzərə alır ki, əgər məsələyə Səudiyyə Ərəbistanı qoşulacaqsa və husilərin Səudiyyə Ərəbistanı ərazisinə daha kəskin zərbələri olacaqsa, bu, həm ABŞ başda olmaqla bir çox ölkələrin İrana qarşı çıxmasına gətirəcək, həm də son olaraq imzalanan “Məkkə” sazişinə görə Türkiyə və Pakistanın da prosesə qoşulmasına gətirib çıxaracaq: “Bu isə regionda İran üçün arzuolunmaz bir vəziyyət yaradır. Burada ən problemli məsələ odur ki, hərbi qarşıdurma Qırmızı dənizdə vəziyyətə necə təsir edəcək. Yəni husilərin Qırmızı dənizdə mövqelərinin güclənməsi artıq Səudiyyə Ərəbistanı daxil olmaqla region ölkələri də özlərinə qarşı təhlükə hiss edəcək, o cümlədən bu bölgədən keçən nəqliyyat dəhlizlərindən istifadə edən ölkələr də bu prosesdən özlərinə qarşı təhlükə hiss edirlər. Bu isə İrana qarşı siyasi təzyiqin artmasına gətirib çıxara bilər”.

“Gərginlik davam edəcək”

Politoloq düşünür ki, bu proses Yəmən hökuməti və husilər arasında qalacağı müddətdə Səudiyyə Ərəbistanı və İran pərdəarxası oyunçu kimi çıxış edəcək: “Təbii ki, gərginlik davam edəcək, lakin hadisələr bir qədər də inkişaf edərsə, xüsusən də Qırmızı dəniz ətrafında vəziyyət gərginləşərsə, bu, artıq pərdəarxası oyunçular olan İran və Səudiyyə Ərəbistanının ön plana çıxmasına gətirib çıxara bilər. Bu da regionda yeni bir qarşıdurmaya gətirib çıxaracaq. Bu isə mövcud vəziyyətdə ən çox İranın əleyhinə olan bir məsələdir”.

Röya İsrafilova