
Ermənistan–Rusiya münasibətlərində 102-ci hərbi baza ətrafında yeni qarşıdurma dalğası başlayıb. Moskva İrəvanı bazanın mümkün çıxarılması məsələsində məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışmaqda ittiham edir. Halbuki son həftələrdə Vladimir Putinin “Ermənistan istəmirsə, sabah çıxarıq” mesajı, ardınca Nikol Paşinyanın bazanın ölkəsi üçün həyati əhəmiyyət daşımadığını bildirməsi məsələni yenidən gündəmə gətirib.
102-ci baza məsələsini əslində kim gündəmə gətirib və Ermənistan Rusiyanın hərbi mövcudluğundan mərhələli şəkildə imtina etməyə hazırlaşır? Rusiya XİN-in son açıqlaması göstərir ki, məsələ artıq sadəcə hərbi baza ilə bağlı deyil, Moskva–İrəvan münasibətlərinin gələcəyi ilə bağlı daha geniş siyasi qarşıdurmaya çevrilir. İrəvan 102-ci bazadan imtina etməklə hansı yeni təhlükəsizlik modelinə keçmək istəyir? Moskva isə Ermənistanda öz hərbi mövcudluğunun zəifləməsinə nə qədər sakit yanaşacaq?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan-Rusiya münasibətlərində əsas problem 102-ci hərbi bazanın çıxarılıb-çıxarılmayacağı deyil.
Onun fikrincə, bundan sadəcə olaraq narazı mühitlə bağlı arqument olaraq istifadə olunur: “Digər tərədən hazırda 102-ci hərbi bazanın çıxarılması perspektivi də yoxdur.
Ermənistan Rusiyanı narahat edən fərqli, səbrli və kifayət qədər ehtiyatlı strateji yanaşma sərgiləyir.
Burada baza mövzusunu ilk dəfə Putinin səsləndirməsi diqqətçəkən məqamdır. Paşinyanın təqribən “biz bazanın çıxarılmasını tələb etmirik, amma ehtiyacımız da yoxdur,- kontekstində açıqlaması isə Moskvaya cavab xarakteri daşıyır.
Bəs Rusiyanı narahat edən nədir?
Öncə nəzərə almalıyıq ki, Paşinyanın hakimiyyətdə qalması Moskvanın maraqlarını tam təmin edir və seçkidə də bu özünü biruzə verdi. Ermənistanda parlament seçkilərinə 2 gün qalmış və Paşinyanın statusu bəlli olmadan Putinin onu Rusiyaya dəvət etməsi Moskvanın mövqeyi baxımından açıq mesaj idi.
Ukrayna müharibəsinin nəticəsi olaraq, Rusiya sanksiyalara məruz qaldı və bundan sonra Rusiya-Ermənistan ticarət dövriyyəsi təqribən 7 dəfə artdı. Yəni bunun sanksiya altında olan məhsulların Ermənistan üzərindən Rusiyaya daşınması hesabına olması hər kəsə bəllidir. Bu eyni zamanda Bir sıra Avropa İttifaqı ölkələrinin və böyük Qərb şirkətlərinin maraqlarına da tam cavab verir”.
Əli Zülfüqaroğlu əlavə edib ki, Rusiyanın Paşinyandan istəyi rusiyayönümlü qüvvələrin parlamentdə mandat sayının artırılması və güclənməsi idi ki, bu da təmin olundu: “Amma, Paşinyanın daha sonra Karapetyanla yanaşı Tsarukyan, Köçəryan və digərləri ilə bağlı hüquqi müstəvidə addımlar atması Moskvanın Paşinyan üzərində nəzarət imkanlarının azaldılmasına hesablanmışdı.
Çünki Rusiyanı narahat edən əsas məsələlər, İrəvanın Moskvanın maraqlarına birbaşa çıxmasının əvəzinə, daha hiyləgər siyasət yürüdərək, hərbi, iqtisadi, enerji və siyasi asılılığının azaldılması istiqamətində yürütdüyü fəaliyyətdə qarşı tərəfə təzyiq üçün əsaslar yaradan arqumentlər verməmə cəhdləridir.
Xüsusilə Ermənistanın ilk növbədə dəmiryollarını Rusyanın nəzarətindən çıxarma istəyi və bunun üçün güclü arqumentlər formalaşdırması, daha sonra qaz idxalı ilə bağlı əlavə mənbələr əldə etmə cəhdləri Moskvanı ciddi şəkildə narahat edir. Bəllidir ki, qazdan fərqli olaraq dəmiryolları Rusiya üçün iqtisadi deyil, Ermənistanın dəmiryolu nəqliyyatına nəzarət imkanı verən strateji kartdır. Amma Ermənistanın arqumenti də güclüdür. İrəvan Rusiyaya bu mesajı verir: “sanskiayaya məruz qalan məhsulları mənim imkanlarımla əldə edirsən, digər tərəfdən Rusiyaya tətbiq olunan sanksiyalara görə, bir sıra dövlətlər Rusiyanın nəzarətində olan Ermənistan dəmiryolları ilə yük daşımaqdan çəkinirlər. Nəticədə Ermənistan ciddi iqtisadi itkilərə mərzuz qalır”. Bu çox güclü arqumentdir və Moskvanın əks arqumentləri çox zəif olacaq.
Daha bir strateji məsələ İrəvanın xüsusilə İrandan qaz idxalını artırmaqla Qazpromun, dolayısı ilə Rusiyanın İrəvandakı strateji maraqlarına təhdid yaratmasıdır. Yəni İrəvan Qazprom qarşısında “Ermənistanı tərk edin” kimi tələb qoymur. Amma bununla yanaşı tam qanunauyğun addım ataraq, enerji idxalı mənbələrini genişləndirməklə Rusiyanın strateji maraqlarına təhdid yaradır.
Hesab edirəm ki, Rusiyanı narahat edən əsas məsələlər bunlardır.
Buna görə də Moskva-İrəvan xəttində əsas problem dəmiryolları və enerji məsələsi ilə bağldır. Bu baxımdan 102-ci hərbi baza burada sadəcə təzyiq arqumenti kimi istifadə edilir.
Təbii ki, İrəvanın Rusiya ilə yanaşı ABŞ, Fransa və Hindistanla hərbi əməkdaşlıq etməsi bu sahədə də mənbələrin çoxaldılması cəhdidir. Ona görə də Rusiya bu sahəni də diqqətdənkənar qoymayacaq.
Karapetyandan sonra Köçəryan, Tsarukyan və digərlərinin Moskva tərəfindən azad edilməsi tələbinin əksinə Köçəryanın rəhbərlik etdiyi blok tərəfindən deputatlığa namizəd olmuş Ohanyanın da həbs olunması eyni prosesin tərkib hissəsidir”.