
Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra ölkələr Ukraynaya dəstəklərini davam etdirir. Xüsusən də qış mövsümü öncəsi göstərilən yardımlar ölkənin enerji infrastrukturunun bərpası və qışa hazırlıq tədbirləri baxımından əhəmiyyətlidir.
Ukraynaya dəstək göstərən ölkələr arasında Almaniya əsas tərəfdaşlardandır. Qeyd olunur ki, oktyabrın 4-də Almaniya kansleri Fridrix Mertsin Kiyevə səfəri zamanı Almaniyanın Ukraynaya 1,3 milyard avrodan çox yeni yardım paketi ayırdığı açıqlanıb. Bildirilir ki, paketin təxminən 1 milyard avrosu hərbi yardıma, 350 milyon avrosu isə qış mövsümü ərəfəsində enerji infrastrukturunun bərpasına yönəldiləcək.
Almaniyanın Ukraynaya dəstəyini artırması müharibənin gedişinə nə vəd edir?
Siyasi ekspertlər məsələni “Xalq Cəbhəsi”nə dəyərləndiriblər.
“Ukraynanın ən böyük dəstəkçisi Almaniyadır”
Politoloq Əli Mustafa söyləyib ki, Almaniyanın Ukraynaya hərbi dəstək göstərməsi yeni məsələ deyil: “Ümumiyyətlə, Ukrayna-Rusiya savaşında Ukraynanın ən böyük dəstəkçilərindən biri Almaniyadır. Almaniya demək olar ki, ilk gündən Ukraynaya kifayət qədər ciddi məbləğlərdə maliyyə yardımı göstərir, hərbi silah-sursat alınmasında iştirak edir. Hətta bu məsələdə Avropa ölkələrinin içində Almaniya liderdir. İndiki məqamda isə bunun bir qədər fərqli anlamı var. Çünki son vaxtlar artıq Rusiya-Ukrayna savaşı daha çox bir növ Rusiya-Avropa gərginliyinə yönəlməyə başlayıb. Yəni savaş da gedir, amma paralel olaraq Rusiyanın artıq Avropa ölkələri ilə sanki birbaşa qarşıdurması dərinləşir və burada da Almaniyanın xüsusi yeri var. Ruslar almanların, almanlar rusların ünvanına kifayət qədər sərt ifadələr işlədirlər”.
“Rusiya-Ukrayna savaşı, əslində, Rusiya-NATO savaşıdır”
Onun sözlərinə görə, hər iki tərəf Ukrayna üzərindən bu savaşda iştirak etdiklərini qeyd edirlər: “Yəni bu gün Rusiya-Ukrayna savaşı, əslində, Rusiya-NATO savaşıdır. Burada da Almaniyanın xüsusi rolu var. Xüsusilə maliyyə dəstəyi məsələsində Almaniya olduqca böyük işlər görür. Hazırda 1 milyon avro yardımın birbaşa hərbi ehtiyaclara, silah-sursat alınmasına yönləndirilməsi onu deyir ki, Almaniya Ukraynanın arxasında durub və onu Rusiya ilə savaşda dəstəkləyir. Bu, həm də onu deməyə əsas verir ki, artıq Avropa ölkələri Rusiya ilə qarşıdurmadan çəkinmirlər və Ukraynaya göstərdikləri dəstəyi Ukraynanın azadlığı, demokratiya uğrunda gedişinə, avrointeqrasiyasına dəstək kimi, hətta ölkələrarası əməkdaşlıq məsələləri kimi qeyd edirlər. Ancaq əsas odur ki, onlar bu köməklə Rusiyadan qorxmadıqları mesajını verirlər və Ukraynaya nə lazımdırsa, etməyə hazırdırlar. Dolayısı ilə bu, o deməkdir ki, savaş davam edəcək”.
“Tərəflər daha da aqressiv mövqeyə keçir”
Politoloq Turan Rzayev bildirib ki, Almaniya kansleri Fridrix Mertsin Kiyevə səfəri və Ukraynaya 1,3 milyard avrodan çox yeni yardım açıqlaması müharibənin gələcəyi baxımından yaxşı heç nə vəd etmir: “Xüsusilə yardım paketinin təxminən 1 milyard avrosunun hərbi məqsədlər üçün ayrılması, üstəlik əlavə 350 milyon avronun qış öncəsi enerji infrastrukturunun bərpasına yönəldiləcəyinin açıqlanması müharibənin yaxın zamanda başa çatacağı ilə bağlı optimist gözləntiləri artırmır. Müharibənin yekunlaşması üçün tərəflərə davamlı şəkildə silah yardımı göstərilməsi və müharibəni uzadacaq addımlar atılması əvəzinə, siyasi və diplomatik həll yollarının önə çıxarılması lazımdır. Çünki proses uzandıqca tərəflər daha da aqressiv mövqeyə keçir, qarşılıqlı etimadsızlıq dərinləşir və kompromis imkanları azalır”.
Ortaq məxrəc
O qeyd edib ki, Fridrix Mertsin Kiyevə səfəri zamanı Rusiya tərəfindən Ukraynaya zərbələrin davam etdirilməsi də bunu bir daha göstərdi: “Yəni siyasi mesajlar və yeni yardım paketləri müharibənin gedişinə təsir göstərsə də, hələlik tərəfləri danışıqlar masasına gətirəcək əsaslı nəticə ortaya qoymur. Əksinə, hərbi dəstəyin davam etməsi münaqişənin daha uzun müddət davam etməsi riskini artırır. İndiki məqamda, heç şübhəsiz, tərəflər ortaq məxrəcə gəlməli və kompromis variantlarını ciddi şəkildə nəzərdən keçirməlidirlər. Müharibəyə qalib ədası ilə və ya təhdid ritorikası ilə yanaşmaq konstruktiv həllin əldə olunmasını daha da gecikdirir. Tərəflərdən birinin tam qələbəsini gözləmək əvəzinə, müharibənin dayandırılması və davamlı sülhün təmin olunması üçün hər iki tərəfin müəyyən güzəştlərə getməsi zəruridir. Əks halda, yeni silah yardımları və qarşılıqlı hərbi addımlar müharibəni bitirməkdən daha çox onun müddətini uzada, itkiləri artıra və regiondakı təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirə bilər”.
“Almaniyanın rolu danılmazdır”
Siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib ki, Avropa ölkələri bundan əvvəl də eyni siyasəti davam etdirib: “Yəni onlar Ukraynaya dəstəyi davam etdirirlər. Burada Almaniyanın rolu danılmazdır. İstər maliyyə cəhətdən, istər silah təminatına görə Almaniya Ukraynaya yardım edən əsas Avropa ölkəsi olaraq qalmaqda davam edir. Təkcə Ukraynaya verilən Leopard tanklarının hərəkət gücü həm strateji baxımdan, eyni zamanda, maliyyə baxımından olduqca tutumludur. Bu xüsusda əlbəttə ki, Almaniya kansleri FridrixMertsin Kiyevə gedərək Ukraynaya 1,3 milyard avrodan çox yeni yardım paketini açıqlaması şübhəsiz ki, Ukraynanın müharibəni davam etdirməsinə çox böyük əsas verir. Xüsusilə də burada əsas məsələ 350 milyon avronun qış öncəsi enerji infrastrukturunun bərpasına ayrılmasıdır. Çünki məlum olduğu kimi Rusiya Ukraynanın əsas enerji infrastrukturunu əsas etibarlı ilə sıradan çıxarıb. Yəni Rusiyanın əsas hədəfində Ukraynada ilk növbədə enerji infrastrukturudur. Almaniyanın bu şəkildə Ukraynaya yardım etməsi Ukraynada enerji məsələsi ilə bağlı böhranın aradan qaldırılması üçün çox böyük dəstək olacaq”.
“Ukraynaya əsas həlledici dəstək ABŞ-dən gəlir”
Z.Əmrəliyevin fikirlərinə görə, ikinci məsələ isə 1,3 milyard avrodan çox silah təminatının verilməsi Ukrayna üçün çox böyük bir göstəricidir: “Xüsusilə də qış dövrünə hazırlıq baxımından Ukrayna bu məbləğdən səmərəli şəkildə istifadə edə bilər. Ancaq təkcə bu, yetərli olmayacaq. Ukraynaya əsas həlledici dəstək hər zamankı kimi ABŞ-dən gəlir. ABŞ də Ukraynaya real şəkildə dəstək göstərməlidir. Yəqin ki, Almaniyadan sonra biz Qərb ölkələrindən də Ukraynaya aktiv şəkildə dəstəyin şahidi olacağıq”.
Röya İsrafilova