
Azərbaycanda payızın gəlişi ilə hava şəraitində dəyişikliklər, yağıntıların artması müşahidə olunur. Yağışların intensivləşməsi isə subasmalar və digər fəsadlarla bağlı narahatlıq yaradır. Belə olan halda sual yaranır: Bakı payıza nə dərəcədə hazırdır? Güclü yağışlar zamanı şəhərdə subasmaların və digər fəsadların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
“Xalq Cəbhəsi” məsələni ekspertlərlə araşdırıb.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli söyləyib ki, son illər mülayim hava şəraiti yoxa çıxıb: “Sanki fəsillər öz yerini dəyişib. Yaz və payız ayları çox qısa çəkir, havalar bir anda isti və ya soyuq keçir. Bu isə heç şübhəsiz, qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlarla bağlıdır. Məsələn, sentyabr ayı çox isti keçdi. Sanki yay geri dönmüşdü. Qəfildən hava soyudu və intensiv yağışlar başladı. Beynəlxalq təşkilatlar qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və adaptasiya tədbirləri deyəndə bunu nəzərdə tuturlar. Yəni artıq həm insanlar, həm də dövlət qurumları havanın dəyişkənliyinə və gözlənilməz şıltaqlıqlarına hazır olmalıdırlar. Həyət evlərində yaşayan sakinlər isə xüsusilə avqust ayından etibarən hazırlıqlara başlamalı, kanalizasiya və yağış sularının axıdılması sistemlərini yoxlamalı, təmirə ehtiyacı olan boru və digər hissələri vaxtında dəyişdirməlidirlər. Güclü yağışlar zamanı əsas problem yağıntının çoxluğu deyil, şəhərin bu suyu nə dərəcədə düzgün qəbul edib idarə edə bilməsidir”.
“Yağış sularının hərəkət etdiyi kanallar nəzarətdə saxlanılmalıdır”
E.Cəfərli bildirib ki, paytaxtın payıza hazırlığı yalnız yağış kanalizasiya xətlərinin təmizlənməsi ilə məhdudlaşmamalıdır: “İlk növbədə yağış sularının hərəkət etdiyi kanallar, kollektorlar və drenaj sistemləri mütəmadi şəkildə yoxlanılmalı, onların texniki vəziyyəti nəzarətdə saxlanılmalıdır. Suötürücü qurğuların qarşısının yarpaq, məişət tullantıları və digər çirkləndiricilərlə tutulmasının qarşısı vaxtında alınmalıdır. Güclü yağış zamanı yaranan problemləri yalnız fövqəladə vəziyyət kimi qiymətləndirmək düzgün deyil. Yağış sularının idarə olunması şəhər planlaşdırmasının ayrılmaz hissəsi olmalıdır. Bakı kimi yağıntının artıq mövsümi xarakter daşıdığı şəhərdə suyun toplanması, ötürülməsi və mümkün olduqda yenidən istifadəsi üçün uzunmüddətli sistem qurulmalıdır. Yağıntıların yaratdığı ekoloji riskləri azaltmaq üçün şəhərdə yaşıllıq sahələrinin artırılması və torpağın suyu özünə hopdurmasına imkan verən ərazilərin qorunması da vacibdir. Asfalt və beton örtüklərin həddindən artıq genişləndirilməsi yağış suyunun torpağa hopmasını çətinləşdirir və səthi axının artmasına səbəb olur”.
İntensiv yağışların avantajları
O deyib ki, intensiv yağışların yaratdığı avantajlar da var: “Yağışlar yaşıllıqların suvarılmasına imkan yaradır. Bakıda elə yaşıllıq əraziləri var ki, orda ağaclara aylarla qulluq olunmur, bitkilər suvarılmır. Məsələn, Bakıxanovdakı meşə sahəsində ağaclara qulluq göstərildiyini görməmişəm. Yaşıllıq getdikcə keçəlləşir. Bir sıra uşaq bağçaları və məktəblərin həyətlərindəki ağaclar da aylarla qulluq görmür, suvarılmır. İntensiv yağışlar həmin yaşıllıq sahələrinə can verir. Yağış sularının müəyyən hissəsinin xüsusi çənlərdə və tənzimləyici hovuzlarda toplanaraq texniki məqsədlərlə, məsələn, yaşıllıqların suvarılmasında istifadə edilməsi də nəzərdən keçirilə bilər. Eyni zamanda, su basmasına meyilli ərazilər müəyyənləşdirilməli və həmin zonalarda risklərin azaldılması üçün konkret tədbirlər planı hazırlanmalıdır”.
“Tədbirlər planı hazırlanmalıdır”
İctimai Birlik sədri hesab edir ki, biz hər güclü yağışdan sonra fəsadların aradan qaldırılmasına deyil, onların əvvəlcədən qarşısının alınmasına üstünlük verməliyik: “İqlim dəyişiklikləri fonunda ekstremal yağıntıların şəhər infrastrukturuna təsiri daha ciddi nəzərə alınmalıdır. Bakı üçün dayanıqlı yağışsuyu idarəetmə sistemi həm ekoloji təhlükəsizliyin, həm də şəhər sakinlərinin rahatlığının təmin olunması baxımından vacibdir. Bakıda subasmaların yaranmasının əsas səbəbi yağış kanalizasiya xətlərinin düzgün layihələndirilməməsi və ya ərazinin yükünə uyğun hesaplanmamasıdır. Bundan başqa kanalizasiya borularının zədələnməsi, tutulması və ya texniki baxışın vaxtında aparılmaması, yeni tikililərin təbii su axını yollarının üzərində və ya su toplanan ərazilərdə salınması, ərazidə drenaj sisteminin ümumiyyətlə olmaması və ya mövcud sistemin zəif olması, asfalt və beton örtüklərin genişlənməsi nəticəsində yağış suyunun torpağa hopmaması və səthi axının artması da problemin genişlənməsinə səbəb olur”.
İntensiv yağışlarda subasma risklərinin azaldılması
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənovanın fikrincə, mühüm məqam ondan ibarətdir ki, aylıq yağıntının normadan artıq olması ilə qısa müddətdə güclü leysan yağması eyni şey deyil: “Bakı üçün əsas təhlükə bəzən böyük həcmdə aylıq yağıntı deyil, çox qısa müddətdə böyük miqdarda suyun şəhərin küçələrinə düşməsidir. Belə vəziyyət isə drenaj və yağış-kanalizasiya sistemlərinin imkanlarını ciddi şəkildə sınağa çəkir. Son illərə nisbətən müsbət dəyişikliklərdən biri odur ki, 2026-cı ilin yanvarında “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Proqramın əsas məqsədlərindən biri intensiv yağışlar zamanı subasma risklərinin azaldılmasıdır. Sənəd çərçivəsində su, kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur. Bu, əvvəlki illərlə müqayisədə mühüm yanaşma fərqidir. Problem yalnız yağış yağdıqdan sonra suyun çəkilməsi kimi deyil, daha geniş şəhər infrastrukturu məsələsi kimi qiymətləndirilir”.
“Kollektor və kanalizasiya layihələri icra olunur”
Onun sözlərinə görə, hazırda Bakı və Abşeronun müxtəlif ərazilərində kollektor və kanalizasiya layihələri icra olunur: “Məsələn, Pirşağı hövzəsində ümumi uzunluğu 33 kilometr olan kollektorun və yeni nasos stansiyasının tikintisi həyata keçirilir. Layihənin Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi və Kürdəxanı kimi ərazilərdə su və kanalizasiya problemlərinin həllinə, həmçinin subasma hallarının azaldılmasına xidmət etməsi nəzərdə tutulur. Müşfiqabad hövzəsində isə kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Layihənin 2028-ci ildə başa çatdırılması planlaşdırılır və subasma risklərinin azaldılması da layihənin gözlənilən nəticələri sırasında göstərilir. Hazırkı yağışlı hava şəraitində aidiyyəti qurumların gücləndirilmiş iş rejiminə keçməsi də müsbət haldır. Bakının subasma problemini yalnız kanalizasiya xətlərinin çatışmazlığı ilə izah etmək düzgün olmaz. Şəhərin sürətli tikinti və urbanizasiya prosesi, asfalt və beton səthlərin genişlənməsi, təbii su axınlarının dəyişməsi, bəzi ərazilərdə yağış sularının toplanması üçün kifayət qədər imkanların olmaması da problemi artırır. Ona görə də gələcəkdə yalnız böyük kollektorların tikilməsi deyil, “yaşıl şəhər” prinsiplərinin şəhərsalma siyasətinə daha geniş tətbiqi vacibdir. Bakı üçün hədəf sadəcə yağışdan sonra küçələrdə yaranan suyu çəkmək deyil. Əsas məqsəd iqlim dəyişikliklərinin yaratdığı ekstremal yağıntı risklərinə davamlı, müasir, ekoloji və dayanıqlı şəhər infrastrukturu qurmaq olmalıdır”.
“Cari hazırlıq tədbirləri həyata keçirilir”
İri Şəhərlərin Su Təchizatından bildirilib ki, payız mövsümü ilə əlaqədar İri Şəhərlərin Su Təchizatının tabeli qurumları hazırda cari hazırlıq tədbirlərini həyata keçirirlər: “Rayon sukanal idarələri plana uyğun olaraq mövcud yağış barmaqlıqlarının və suqəbuledici qurğuların təmizlənməsi, yağış xətlərinin yuyulması, kollektor və şəbəkələrin texniki vəziyyətinin yoxlanılması, eləcə də mümkün yağıntılar zamanı su axınının maneəsiz yönləndirilməsi üçün zəruri tədbirlər görürlər. Bu işlərə texnika və canlı qüvvə cəlb olunur, əsas diqqət yağış sularının toplanmasının qarşısının alınmasına, mövcud şəbəkələrin yağış mövsümünə hazır vəziyyətə gətirilməsinə yönəldilir. Yəni hazırkı mərhələdə xidmətin mövcud infrastruktur və texniki imkanları çərçivəsində yağış mövsümünə hazırlıq məqsədilə bütün zəruri tədbirlər görülür. Mövcud imkanlar hesabına həyata keçirilən cari və texniki tədbirlər əsasən operativ və mövsümi xarakter daşıyır. Şəhərin yağış sularının idarə olunması ilə bağlı uzunmüddətli, kompleks və fundamental nəticələrin əldə olunması isə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan iri infrastruktur layihələrinin icrası ilə mümkün olacaq”.
“Mühüm layihələr nəzərdə tutulub”
Qeyd olunub ki, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında tullantı suların idarə olunması, kanalizasiya və yağış infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr nəzərdə tutulub: “Bu layihələrin mərhələli şəkildə icrası mövcud infrastrukturun əhatə dairəsinin genişləndirilməsi, yeni kanalizasiya xətlərinin və kollektorların inşası, yağış sularının daha səmərəli idarə olunması və şəhərin müxtəlif ərazilərində yağış sularının toplanması risklərinin azaldılması istiqamətində əhəmiyyətli nəticələrin əldə edilməsinə hesablanıb”.
“İnfrastruktur yenilənməsi istiqamətində iş aparılır”
“Hazırda Dövlət Proqramı çərçivəsində müəyyən ərazilərdə tikinti-quruculuq işlərinə başlanılıb. Xüsusilə qeyd edək ki, burada söhbət yalnız ayrı-ayrı küçə və ərazilərdə lokal tədbirlərin görülməsindən deyil, şəhər miqyasında yağış sularının idarə olunmasını təmin edəcək sistemli infrastrukturun formalaşdırılmasından gedir. Nəticə etibarilə, indiki halda həm mövsümə hazırlıq, həm də daha genişmiqyaslı infrastruktur yenilənməsi istiqamətində paralel iş aparılır” deyə məlumatda deyilir.
Röya İsrafilova