
Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə bu dəfə NATO müstəvisinə adlayıb: Fransa və Türkiyə arasında alyans daxilində yaşanan gərginlik regionun gələcək taleyini yenidən gündəmə gətirib. Fransanın Azərbaycanın NATO ilə yeni Fərdi Tərəfdaşlıq Proqramına veto qoymasına cavab olaraq Türkiyənin də Ermənistanla bağlı analoji sənədi bloklaması Ankaranın Bakı ilə strateji həmrəyliyinin növbəti nümayişinə çevrilib. Bölgədə dəyişən dənqələr, Parisin destruktiv həmlələri və Bakı-Ankara ittifaqının bu proseslərə təsiri ilə bağlı politoloqlar mühüm məqamlara toxunublar.
Parisin destruktiv mövqeyi
Politoloq Oqtay Qasımov “Xalq Cəbhəsi”nə söyləyib ki, Fransanın Ermənistanı dəstəkləyən siyasəti və Azərbaycana qarşı mövqeyi uzun müddətdir müşahidə olunur: “Bu yanaşma Cənubi Qafqazda gedən proseslərə və beynəlxalq platformalarda qəbul edilən qərarlara da təsir göstərir.
Fransanın Ermənistanı dəstəkləməsi və Azərbaycana qarşı mövqeyi yeni məsələ deyil. Fransanın Ermənistana verdiyi dəstək, Azərbaycana qarşı tutduğu mövqeyi əlavə şərh etməyə ehtiyac duyulmur. Belə ki, bu münasibətlər bəllidir və Fransa uzun müddətdir Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını faktiki olaraq arxa planda müdafiə edən və Ermənistana havadar olan əsas ölkələrdən biri olub. Hər zaman Azərbaycan ərazilərinin Ermənistan işğalında qalmasına çalışıb. 2020-ci ildə baş verən Vətən müharibəsi və sonrakı proseslər zamanı da Fransanın mövqeyi Azərbaycana münasibətdə kifayət qədər gərgin xarakter daşıyıb. Altı il öncə başlayan Vətən müharibəsi zamanı Fransanın tutduğu mövqe hər kəsə məlumdur. Ondan sonrakı proseslərdə Fransa bölgədə olduqca destruktiv fəaliyyət göstərib, Azərbaycanla münasibəti ciddi şəkildə gərginləşib”.
Politoloq bildirib ki, Fransa müxtəlif Avropa və beynəlxalq qurumlarda Azərbaycana qarşı mövqe nümayiş etdirməyə çalışıb:
“Bu baxımdan Fransa Azərbaycanla bağlı bir çox beynəlxalq qurumlarda Azərbaycana qarşı addımlar atmağa çalışıb, o cümlədən də NATO-da”.
O.Qasımovun sözlərinə görə, Türkiyənin Ermənistanla bağlı tərəfdaşlıq sənədinin təsdiqinə razılıq verməməsi Azərbaycanın maraqları baxımından mühüm mövqedir: “Çünki Türkiyə də buna cavab olaraq Ermənistanla bu tərəfdaşlığın imzalanmasına razı olmayıb və çox doğru olaraq Türkiyə hesab edir ki, hər iki tərəfə münasibət eyni olmalıdır və eyni anda da tərəflərlə bu razılaşma imzalanmalıdır”.
Politoloq Cənubi Qafqazın hazırda dünya güclərinin diqqət mərkəzində olduğunu bildirib: “Şübhəsiz ki, Cənubi Qafqaz hal-hazırda dünya güclərinin diqqət mərkəzindədir. Çünki bu olduqca strateji bir bölgədir. Xüsusilə də nəzərə alsaq ki, Cənubi Qafqazın həm qonşuluğunda, həm də cənubunda savaş davam edir. Bu coğrafiyadan Orta Dəhliz keçir ki, son illər onun önəmi ciddi şəkildə artıb və dünya gücləri mənfəətlərini bu bölgəyə yönəldiblər”.
O əlavə edib ki, regionda maraqların toqquşması əlavə gərginliklərin yaranmasına səbəb olur: “Ona görə də istər-istəməz burada maraqların toqquşması baş verir və bu da bölgədə əlavə gərginliklərin yaranmasına səbəb olur. Prinsipcə, son illər Cənubi Qafqazda baş verən bu gərgin situasiya həm də beynəlxalq güclərin müdaxiləsi ilə əlaqədardır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanana qədər regionda müəyyən gərginliklərin davam etməsi mümkündür. “Biz hələ bir müddət də bölgədə vəziyyət stabilləşənə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qədər bəlkə bu cür zaman-zaman gərginliklərin və neqativ halların olacağını müşahidə edəcəyik”.
Politoloq vurğulayıb ki, regionda əməkdaşlıq mühitinin formalaşması və sülh müqaviləsinin imzalanması beynəlxalq güclərin təsir imkanlarını da azalda bilər: “Bölgədə Azərbaycanın təklif etdiyi formata qarşılıq format yaradılarsa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa və bölgədə əməkdaşlıq mühiti üstünlük təşkil edərsə, şübhəsiz ki, o zaman beynəlxalq güclərin də bölgəyə təsirləri azalacaq və bölgədə proseslər öz axarında daha normal bir şəraitdə irəliləyəcək”.
“Azərbaycanla tərəfdaşlığın gələcəyi…”
Politoloq Elman Telmanoğlu nəzərə çatdırıb ki, Fransanın Azərbaycanın NATO ilə yeni tərəfdaşlıq proqramının təsdiqinə mane olması Alyans daxilində Cənubi Qafqaza münasibətdə fərqli yanaşmaların olduğunu göstərir.
Politoloqun sözlərinə görə, Fransanın mövqeyi ikitərəfli siyasi narazılıqların NATO-nun tərəfdaşlıq mexanizmlərinə də təsir göstərə bildiyini ortaya qoyur: “Bu məsələ NATO daxilində Cənubi Qafqaza münasibətdə vahid yanaşmanın olmadığını göstərir. Fransanın Azərbaycanın NATO ilə yeni tərəfdaşlıq proqramını bloklaması ikitərəfli siyasi narazılıqların alyansın tərəfdaşlıq mexanizmlərinə təsir edə bildiyini özündə ehtiva edir. Burada söhbət təkcə Fransa-Azərbaycan münasibətlərindən getmir. Fransa Ermənistanla daha yaxın siyasi münasibətlər qurarkən, Türkiyə Azərbaycanın mövqeyini müdafiə edir və bu fərqli yanaşmalar NATO çərçivəsində də özünü göstərir”.
E.Telmanoğlu qeyd edib ki, Türkiyənin mövqeyi NATO daxilində Azərbaycanın maraqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Türkiyənin Azərbaycanla bağlı sənəd təsdiqlənmədiyi halda Ermənistanla bağlı sənədin ayrıca təsdiqinə razı olmaması Ankaranın NATO daxilində regional məsələlərdə siyasi çəkisini ortaya qoyur. Bu, eyni zamanda, Türkiyənin Azərbaycanla strateji tərəfdaşlığını yalnız ikitərəfli münasibətlər müstəvisində deyil, çoxtərəfli platformalarda da müdafiə etdiyini göstərir”.
Günel Elxan