İranda müharibə hazırlığı yeni mərhələdə: Regionda gərginlik artacaq? Gündəm

İranda müharibə hazırlığı yeni mərhələdə: Regionda gərginlik artacaq?

2026-cı ilin fevralında başlayan ABŞ-İran müharibəsində zaman-zaman sülh və atəşkəs əldə olunması istiqamətində cəhdlər göstərilsə də, bu təşəbbüslər indiyədək davamlı nəticə verməyib. Keçirilən görüşlər yalnız qarşıdurmanın müəyyən müddətə səngiməsinə səbəb olub, lakin uzunmüddətli atəşkəs əldə etmək mümkün olmayıb.
Son günlər yayılan məlumatlara görə isə İranda müharibə hazırlığı yeni mərhələyə keçir. “Canfəda” kampaniyası çərçivəsində qadınların da iştirak etdiyi könüllü dəstələr yaradılır və artıqTehranda 300 mindən çox insanın iştirakı ilə yürüş keçirilib.
İrandakı bu səfərbərlik regionda gərginliyi daha da artıracaq?
“Xalq Cəbhəsi” mövzunu politoloqlarla müzakirə edib.

“Regiondakı təhlükəsizlik vəziyyəti həssasdır”

Politoloq Yusif Bağırzadə qeyd edib ki, İranda “Canfəda” kampaniyası çərçivəsində könüllülərin hərbi hazırlığa cəlb edilməsi və Tehranda yüz minlərlə insanın iştirakı ilə keçirilən yürüş regiondakı təhlükəsizlik vəziyyətinin nə qədər həssas olduğunu göstərən mühüm siqnallardır: “Daha mühüm məqam isə kampaniyanın artıq simvolik səfərbərlikdən praktiki hərbi hazırlıq mərhələsinə keçməsidir. Tehranda “Canfəda” mərkəzi yaradılıb və könüllülərə atıcı silahlar, müdafiə vasitələri və digər hərbi avadanlıqlardan istifadə üzrə təlim keçirilir. O da məlumdur ki, qadınlar da bu prosesə faktiki şəkildə cəlb olunurlar və hərbi hazırlıq keçirlər. Bu addımların birinci nəticəsi daxili səfərbərliyin gücləndirilməsidir. İran rəhbərliyi mümkün yeni hücum şəraitində cəmiyyətə “hazırıq” mesajı verməklə yanaşı, dövlət strukturlarının və tərəfdarlarının mobilizasiyasını təmin etməyə çalışır. İkinci və daha mühüm nəticə xarici çəkindirmə mesajıdır. İranın məqsədi potensial rəqiblərə mümkün yeni hərbi əməliyyatın asan və məhdud cavabla qarşılaşmayacağını göstərməkdir”.

“Tehran da dəfələrlə bəyan edib ki...”

Y.Bağırzadənin fikirlərinə görə, rəsmi Tehran da dəfələrlə bəyan edib ki, ABŞ-nin yenidən genişmiqyaslı hücuma başlaması halında daha sərt cavab variantlarını nəzərdən keçirir və mümkün hədəflərin coğrafiyasını genişləndirmək üzərində işləyir: “Bu baxımdan səfərbərlik qısamüddətli perspektivdə gərginliyin azalmasına deyil, artmasına xidmət edə bilər. Çünki ABŞ və İsrail İranın hazırlığını hücum qabiliyyətinin və eskalasiya iradəsinin göstəricisi kimi qəbul edə bilər. Region üçün əsas risk ondan ibarətdir ki, qarşılıqlı çəkindirmə mexanizmi zəiflədikcə hər bir tərəfin müdafiə xarakterli hesab etdiyi addım digər tərəf tərəfindən hücum hazırlığı kimi qiymətləndirilə bilər. Ümumiyyətlə isə “Canfəda” səfərbərliyi hələ avtomatik olaraq yeni müharibənin başlanacağı anlamına gəlmir. Lakin onun miqyası, könüllülərin silahlı hazırlığa cəlb olunması və İran rəhbərliyinin mümkün yeni hücuma daha sərt cavab verəcəyinə dair mesajları regionda eskalasiya riskinin yüksəldiyini göstərən ciddi indikatorlar kimi qiymətləndirilə bilər”.

“Bununla ABŞ-yə mesaj verilir ki...”

Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı diqqətə çatdırıb ki, hazırda İranda həm hakimiyyət daxilində, həm də cəmiyyət arasında ciddi ruh yüksəkliyi müşahidə olunur: “İranda könüllü dəstələrin yaradılması və yürüşlərin keçirilməsi təsadüfi deyil. Bununla ABŞ-yə mesaj verilir ki, İran istənilən hücuma qarşı hazırdır və müqavimət göstərmək əzmindədir. Eyni zamanda, əsas mesajlardan biri də İsrailə ünvanlanıb. Son günlər Netanyahu və Tramp tərəfindən İrana qarşı yeni hücum dalğasının başlaya biləcəyi, hərbi əməliyyatların bərpa olunacağı barədə fikirlər səslənir. Hətta Netanyahu İranın sıradan çıxarılacağını bəyan edir. Belə bir şəraitdə Tehranın öz hərbi və ictimai potensialını nümayiş etdirməsi qarşı tərəfə ciddi çəkindirmə mesajıdır”.

“Regionda gərginlik artacaq”

C.Abbaslı düşünür ki, bundan sonra da İran tərəfindən bu tipli mesajların verilməsi davam edəcək: “Regionda gərginliyin artacağı ehtimalı kifayət qədər yüksəkdir. İran hakimiyyəti də proseslərin hansı istiqamətdə inkişaf edə biləcəyini anlayır və buna görə öz müqavimət imkanlarını nümayiş etdirir. Bununla belə, noyabrın 3-dək hər hansı genişmiqyaslı müharibənin başlamasını gözləmirəm. Çünki həmin tarixdə ABŞ-də aralıq seçkiləri keçiriləcək. Tramp administrasiyasının seçkilərə qədər yeni müharibəyə başlamaqda maraqlı olduğunu düşünmürəm. ABŞ cəmiyyətində İranla müharibəyə qarşı ciddi narazılığın olduğu keçirilən sorğularda da özünü göstərir. Bu səbəbdən Vaşinqtonun seçkilərə qədər belə bir addımdan çəkinməsi daha real görünür. Noyabrın 3-dən sonra isə vəziyyət dəyişə bilər. Tramp administrasiyası seçkilərin nəticələrindən, regiondakı vəziyyətdən və İranın atacağı addımlardan asılı olaraq yeni qərarlar qəbul etməsi gözlənilir. İstənilən halda, İranın hazırkı dirəniş və səfərbərlik xəttini bundan sonra da davam etdirəcəyini düşünürəm”.

Röya İsrafilova