
ABŞ Prezidenti Donald Tramp sentyabrın son günlərində Milli İspan İrsi Ayı çərçivəsində Ağ Evdə çıxışı zamanı ABŞ qoşunlarının 23 ildən sonra İraqdan çıxması ilə bağlı danışıb.
ABŞ Prezidenti Donald Trampın "Biz İraqdan rədd olub gedirik. Bu gün ABŞ üçün qələbə günüdür” deməsi, Yaxın Şərqdə vəziyyətin yaxşılığa doğru dəyişəcəyi proqnozuna səbəb olub.
“Son Amerika qüvvələrinin İraqı tərk etdiyini elan etməkdən məmnunam. Çox pis qərarlarla uzun müddət keçdi və bu, bizi əvvəlcə bataqlığa saldı. Bu, uzun illərdir ki, bizim üçün bataqlıq olub. Amma tezliklə tarixin bu fəsli başa çatacaq. Bu, Amerika üçün əla bir gündür”, - Tramp deyib.
Tramp bunun həm İraq, həm də İŞİD-ə qarşı mübarizə baxımından qələbə olduğunu bildirib. O, terror təşkilatının tamamilə məhv edildiyini söyləyib.
ABŞ-nin bu addımına münasibət bildirən politoloq Vasif Əfəndi qəzetimizə deyib ki, bununla Yaxın Şərqdə bir dövr başa çatır. Onun fikrincə, ABŞ-nin İraqdan çəkilməsi ilə Yaxın Şərqdə yeni regional güc balansı yaranır.
Politoloq qeyd edib ki, 30 sentyabr 2026-cı il Yaxın Şərqin son iyirmi illik geosiyasi tarixində mühüm simvolik tarixlərdən birinə çevrilə bilər. ABŞ-nin İraqdakı son hərbi qüvvələrinin çıxması ilə Vaşinqtonun 2003-cü ildən başlayan genişmiqyaslı hərbi iştirakının İraq mərhələsi başa çatır: "Bu hadisəni yalnız “Amerikanın İraqdan çıxması” kimi qiymətləndirmək kifayət deyil. Daha geniş mənada burada ABŞ-nin Yaxın Şərqdəki təhlükəsizlik modelinin dəyişməsi müşahidə olunur. Vaşinqton regionda əvvəlki kimi genişmiqyaslı quru qoşunları ilə daimi iştirak etmək əvəzinə, regional müttəfiqlərin hərbi imkanlarına söykənə bilər. Bu addım ABŞ-nin Yaxın Şərqi tamamilə tərk etməsi anlamına gəlməməlidir. Əksinə, ABŞ bölgədə iştirak formasının dəyişir".
V.Əfəndi onu da vurğulayıb ki, ABŞ-nin birbaşa hərbi iştirakının azalmasından sonra bölgədə yaranan boşluğu kim və hansı formada dolduracağı maraq doğurur. Burada ABŞ müttəfiqləri olan Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı önə çəkəcək. Beləliklə, ABŞ strateji ağırlıq mərkəzini Yaxın Şərqdən Sakit okeana istiqamətləndirir. Amerikanın qarşısında duran əsas uzunmüddətli strateji rəqabət artıq yalnız Yaxın Şərq deyil, Vaşinqton üçün Çinlə iqtisadi, texnoloji və hərbi rəqabət getdikcə daha böyük əhəmiyyət daşıyır.
ABŞ-Çin rəqabətinin artıq Vaşinqtonun qlobal strategiyasının mərkəzi istiqamətlərindən biri olması danılmazdır: "Belə bir şəraitdə ABŞ Yaxın Şərqdə məhdud resurslarla sabitliyi qoruyaraq əsas strateji diqqəti Hind-Sakit okean regionuna yönəltməyi düşünür. Bu baxımdan regional müttəfiqlərin daha böyük yük daşıması məntiqli strategiya ola bilər. Burada üç dövlət - Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı xüsusi diqqət çəkir. Hər üç dövlətin maraqları eyni deyil. İsrail əsasən hərbi-texnoloji üstünlüyünü və İranın regional təsirinin məhdudlaşdırılmasını prioritet hesab edir. Səudiyyə Ərəbistanı öz təhlükəsizliyi, Körfəz sistemi və regional iqtisadi çəkisi üzərində dayanır. Türkiyə isə daha mürəkkəb mövqedədir. NATO üzvüdür, ABŞ-la müttəfiqlik münasibətinə malikdir, Rusiya ilə eyni zamanda rəqabət və əməkdaşlıq edir, İranla uzun sərhədə malikdir və İraq-Suriya xəttində birbaşa təhlükəsizlik maraqlarına sahibdir. Məhz buna görə ABŞ-nin çəkildiyi bir Yaxın Şərqdə Türkiyənin çəkisinin və önəminin artması mümkündür”.
Politoloq Əfəndi İbrahimli isə deyib ki, Yaxın Şərqdə bəzən bir hərbi qüvvənin hansısa ərazidən çıxması həmin ərazinin taleyindən daha böyük məna daşıyır. Çünki söhbət yalnız əsgərlərin bir ölkədən çıxarılmasından deyil, regional güc balansının yenidən formalaşmasından gedir. 30 sentyabr 2026-cı il tarixində ABŞ-ın İraqdakı hərbi missiyasının başa çatması məhz belə hadisələrdən biridir. Vaşinqtonun İraqdakı son hərbi qüvvələrinin ölkədən çıxması ilə 2014-cü ildən fəaliyyət göstərən ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın missiyası sona çatdı. İraq hökuməti bu mərhələni ölkənin suverenliyi və təhlükəsizlik məsuliyyətinin milli institutlara keçidi kimi təqdim edir: “Lakin tarix göstərir ki, Yaxın Şərqdə hər hansı gücün geri çəkilməsi yaranmış boşluğu avtomatik olaraq boş saxlamır. Bir güc azalanda digərlərinin təsir imkanları artır. Bu baxımdan ABŞ-nin İraqdan çıxması təkcə Bağdad üçün deyil, İran, Türkiyə, Körfəz ölkələri, İsrail və bütövlükdə Yaxın Şərq üçün yeni geosiyasi reallıq yaradır. İraq artıq Vaşinqton və Tehran arasında əsas rəqabət meydanı olmayacaqmı? İraq uzun illər ABŞ-İran rəqabətinin əsas qarşıdurma məkanlarından biri olub. ABŞ hərbi qüvvələrinin mövcudluğu İranın İraqdakı təsir imkanlarını məhdudlaşdıran amillərdən biri idi. İndi isə həmin hərbi amilin aradan qalxması İranla əlaqəli silahlı qrupların siyasi və təhlükəsizlik sahəsində manevr imkanlarını artıra bilər.
Reuters-in təhlilinə görə, ABŞ qüvvələrinin çıxması İran və onun İraqdakı müttəfiq silahlı qrupları tərəfindən strateji uğur kimi qiymətləndirilir. Bununla yanaşı, İraq daxilində ABŞ hərbi dəstəyinin azalmasının İŞİD-in gizli hüceyrələrinin yenidən fəallaşması ehtimalı ilə bağlı narahatlıqlar da mövcuddur.
Bu səbəbdən qarşıdakı dövrün əsas sualı belə olacaq: İraq öz təhlükəsizliyini tam şəkildə dövlət institutlarının nəzarətində saxlaya biləcəkmi? Bu sualın cavabı yalnız Bağdadın deyil, bütün regionun gələcək təhlükəsizlik arxitekturasına təsir göstərə bilər”.
Politoloq İran üçün yeni imkanlardan da söz açıb. Deyib ki, Tehranın reaksiyası hadisənin geosiyasi əhəmiyyətini açıq şəkildə göstərir. İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin İraqdan çıxmasını daha geniş regional prosesin başlanğıcı kimi qiymətləndirərək ABŞ qüvvələrinin digər Yaxın Şərq ölkələrindən də çıxmasını tələb edib.
Bu yanaşma göstərir ki, İran ABŞ-ın İraqdakı hərbi iştirakının başa çatmasını yalnız ikitərəfli məsələ hesab etmir. İranın qarşısında indi yeni imkan yaranır: İraq daxilində siyasi əlaqələrini, iqtisadi təsirini və müttəfiq silahlı qruplarla münasibətlərini daha geniş regional strategiyanın tərkib hissəsinə çevirmək: “Amma burada mühüm məqam var. İraqın siyasi sistemi yalnız bir xarici gücün təsir dairəsinə daxil olmaq üçün formalaşmış sistem deyil. Bağdadın qarşısında həm İranla münasibətləri qorumaq, həm ərəb dünyası ilə əlaqələri inkişaf etdirmək, həm də ABŞ və Qərblə iqtisadi və təhlükəsizlik əməkdaşlığını davam etdirmək ehtiyacı dayanır. ABŞ-nin İraqdan çıxması Türkiyənin də İraq siyasətinə yeni kontekst gətirə bilər.
Ankara üçün əsas məsələlərdən biri İraqın şimalındakı təhlükəsizlik vəziyyəti, PKK məsələsi və İraq Kürdüstanı ilə münasibətlərdir. ABŞ-ın bölgədəki hərbi çəkisinin azalması Türkiyənin təhlükəsizlik siyasətində daha fəal mövqe tutmasına səbəb ola bilər.
Lakin bu proses həm Bağdad, həm Ərbil, həm Ankara, həm də Tehran arasında yeni diplomatik balans tələb edəcək. Başqa sözlə, ABŞ-ın geri çəkilməsi Türkiyəyə avtomatik olaraq daha böyük təsir qazandırmır. Bu təsirin hansı istiqamətdə inkişaf edəcəyi Ankara-Bağdad-Ərbil münasibətlərindən və bölgədəki təhlükəsizlik proseslərindən asılı olacaq”.
Ə.İbrahimli onu da vurğulayıb ki, Yaxın Şərqin mərkəzində yerləşən İraqın siyasi və təhlükəsizlik istiqamətində baş verən dəyişikliklər Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və digər Körfəz ölkələrinə də təsir göstərə bilər. Əgər İraq sabit, müstəqil və güclü dövlət institutlarına malik ölkə kimi möhkəmlənərsə, regiondakı gərginliyin azalmasına töhfə verə bilər.
Əksinə, əgər dövlət institutları ilə silahlı qruplar arasında qarşıdurma dərinləşərsə, İraq yenidən regional rəqabətin əsas meydanlarından birinə çevrilə bilər. Bu baxımdan İraqın gələcək təhlükəsizliyi artıq yalnız hərbi məsələ deyil. Söhbət dövlət hakimiyyətinin ölkə daxilində nə qədər güclü olacağından gedir: “Ən böyük təhlükələrdən biri İŞİD-in yenidən güclənməsidir. ABŞ-nin İraqdakı missiyasının sona çatması İŞİD-in tamamilə yox olması demək deyil. ABŞ və koalisiya qüvvələrinin 2014-cü ildən apardığı əməliyyatlar nəticəsində təşkilat İraqda ərazi üzərində əvvəlki nəzarət imkanlarını itirib. Lakin onun gizli hüceyrələri və terror imkanları tamamilə aradan qalxmayıb. ABŞ hərbi missiyasının başa çatması ilə İŞİD-ə qarşı əsas təhlükəsizlik məsuliyyəti artıq İraq qüvvələrinin üzərinə keçir. Vaşinqton isə seçilmiş sahələrdə təlim və kəşfiyyat dəstəyini davam etdirəcəyini bildirir.
Deməli, İraqın qarşısında yeni dövrün ən mühüm sınaqlarından biri dövlət təhlükəsizlik qüvvələrinin terrorla mübarizədə müstəqil imkanlarını qorumasıdır”.
Politoloq onu da deyib ki, bu məsələdə Kürdüstan bölgəsi xüsusi diqqət tələb edir. ABŞ qüvvələrinin çıxması xüsusilə İraqın şimalındakı Kürdüstan regionunda təhlükəsizlik narahatlıqlarını artırıb. Kürd rəsmiləri ABŞ-ın hava hücumundan müdafiə imkanlarının bölgədən çıxarılmasının yaratdığı boşluqla bağlı narahatlıqlarını ifadə ediblər. Bu məsələ həm Bağdad-Ərbil münasibətlərinin, həm də İraqın ümumi müdafiə sisteminin gələcəkdə necə qurulacağının əhəmiyyətini artırır: ”ABŞ ordusunun İraqdan çıxması bir prosesin sonu olduğu qədər, başqa bir prosesin başlanğıcıdır. İraq qarşıdakı dövrdə öz dövlət institutlarının gücünü nümayiş etdirməli olacaq. İran öz təsir imkanlarını genişləndirməyə çalışacaq. Türkiyə şimal istiqamətində təhlükəsizlik maraqlarını qoruyacaq. Körfəz ölkələri İraqın hansı istiqamətdə inkişaf edəcəyini diqqətlə izləyəcək. ABŞ isə hərbi iştirakını azaltmaqla yanaşı, diplomatik, iqtisadi və kəşfiyyat əlaqələrini saxlamağa çalışacaq.
Beləliklə, məsələ artıq “ABŞ İraqda olacaq, yoxsa olmayacaq?” sualından ibarət deyil.
Əsas sual budur: ABŞ-dan sonra İraqı kim idarə edəcək?
Cavab isə nə Vaşinqtonda, nə Tehranda, nə də Ankarada verilməlidir. Əsas məsələ İraq dövlətinin öz təhlükəsizlik institutlarının, siyasi sisteminin və milli qərarvermə mexanizmlərinin nə dərəcədə güclənəcəyidir.
Əgər Bağdad ölkə daxilində silahlı güc üzərində dövlət nəzarətini möhkəmləndirə, müxtəlif siyasi və etnik qüvvələr arasında balansı qoruya və xarici aktorlarla münasibətlərini tarazlaşdıra bilsə, ABŞ-ın çıxışı İraq üçün həqiqətən də yeni mərhələnin başlanğıcına çevrilə bilər. Əks halda isə Yaxın Şərqin siyasi xəritəsində yaranan boşluq başqa güclər tərəfindən doldurulacaq. Və bu halda İraq xarici hərbi qüvvələrin olmadığı ölkə ola bilər, amma xarici təsirlərin olmadığı ölkə olmayacaq. Çünki Yaxın Şərqdə hərbi qüvvənin geri çəkilməsi ilə geosiyasi mübarizə bitmir - sadəcə onun forması dəyişir”.
Cavid