Soğorta vasitəçilərinin fəaliyyətinə nəzarət sərtləşdiriləcək İqtisadiyyat

Soğorta vasitəçilərinin fəaliyyətinə nəzarət sərtləşdiriləcək

Namiq Xəlilov: "İcbari sığorta növləri üzrə tariflərin artırılmasına gərək yoxdur"

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti icbari sığorta növləri üzrə tariflərin artırılması üçün heç bir əsas görmür. Trend-in məlumatına əsasən, bunu bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib. Xatırladaq ki, sığorta şirkətləri manatın məzənnəsində baş verən dəyişiklikdən sonra xərclərin artması ilə əlaqədar belə bir təkliflə müraciət etmişdilər.
N.Xəlilov bildirib ki, ölkədə icbari sığorta növlərinin zərəri ilə bağlı problem yoxdur. Dövlət Xidmətinin rəisi bu bazarda mövcud olan problemlər sırasında sığorta şirkətlərinin fəaliyyətinin optimallaşdırılması məsələsini qeyd edib: "Sığorta şirkətləri informasiya texnologiyalarını tətbiq etməklə iş prinsiplərini təkmilləşdirmək, habelə sığorta vasitəçilərinə verilən komissiyaları azaltmaqla fəaliyyətləri zamanı xərclərini azalda bilərlər".
Azərbaycan kənd təsərrüfatı sahəsində sığorta ilə bağlı qanun layihəsinin hazırlanması çərçivəsində beynəlxalq ekspertlərin cəlb olunmasında maraqlıdır. Trend-in məlumatına əsasən, bunu bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, Azərbaycan kənd təsərrüfatı sığortasının etibarlı strategiyasının inkişafında maraqlıdır: "Bu, aqrosənayenin inkişafına təsir edəcək, fermerlərin fəaliyyətini stimullaşdıracaq".
S.Şərifov bildirib ki, kənd təsərrüfatı sığorta şirkətləri üçün riskli sahədir, buna baxmayaraq hökumət ölkədə kənd təsərrüfatı sahəsində sığortanın inkişafında öncül rol oynayacaq: "Artıq Kənd Təsərrüfatı Nazirliyi ilə birgə kənd təsərrüfatının sığortasına dövlət dəstəyinin göstərilməsi üçün qanunvericilik bazasını hazırlamışıq. Layihə hökumət tərəfindən qəbul olunduqdan sonra müzakirə üçün parlamentə təqdim olunacaq".
Azərbaycanda sığorta bazarında vasitəçilərin fəaliyyətinin tənzimlənməsi üçün daha sərt qayda və üsullar yaradılacaq. Nazir bildirib ki, əksər hallarda sığorta şirkətlərinin yaxşı fəaliyyəti sığorta vasitəçilərinin fəaliyyəti ilə korlanır və nüfuzdan salınır. O qeyd edib ki, sığorta şirkətləri müştəriləri ilə işə və onların hüquqlarının qorunmasına daha çox diqqət ayırmalıdır: "Müştərilərinə aşağı keyfiyyətli xidmət göstərmək hesabına gəlirlərini artırmağa çalışmamalıdırlar. Bununla əlaqədar Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə müştərilərin hüquqlarının müdafiəsi sahəsində vəziyyətin optimallaşdırılması üzrə tədbirlər planının yaradılması üçün sorğu göndərib. Sığorta vasitəçilərinin fəaliyyətinin tənzimlənməsini yaxşılaşdırmaq üçün bir sıra addımları təsdiq etmişik. Şirkətlər müştəriləri ilə münasibətlərini ən yüksək səviyyədə qurmalıdır və vasitəçilərin göstərdiyi aşağı keyfiyyətli xidmətə görə bu əlaqələr pozulmamalıdır". S.Şərifov bildirib ki, bu məsələlər hazırda həll olunur.