Heft Fondunun pulları azalır İqtisadiyyat

Heft Fondunun pulları azalır

2015-ci il ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 7 mlrd. 721,1 mln. manat, büdcə xərcləri isə 9 mlrd. 187,7 mln. manat təşkil edib. Bu barədə fonddan məlumat verilib. Ötən il ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 mlrd. 385,5 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 mlrd. 369,6 mln. manat, akrhesabı ödənişlər 2,2 mln. manat, bonus ödənişləri 2,1 mln. manat və tranzit gəlirləri 11,6 mln. manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 335,6 mln. manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 23 mlrd. 217,8 mln. manat təşkil edib. Hesabat dövrü ərzində, ARDNF-nin 2015-ci il büdcəsinin icrası çərçivəsində 8,13 mlrd. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 mln. manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 61,5 mln. manat vəsait ayrılıb. 35,5 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Cənub Qaz Dəhlizi" layihəsi üzrə isə 692,8 mln. manat vəsait ayrılıb. 2015-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 27,9 mln. manat təşkil edib. 2016-cı il yanvarın 1-ə fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 mlrd. 104,1 mln. dollar) nisbətən 9,5% azalaraq 33 mlrd. 574,1 mln. dollara bərabər olub.