Avropanın hərbi strategiyası: dronlar müharibənin gedişatını necə dəyişəcək? Dünya

Avropanın hərbi strategiyası: dronlar müharibənin gedişatını necə dəyişəcək?

Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin, xüsusilə də Avropa İttifaqının (Aİ) Kiyevə hərbi-maliyyə dəstəyi yeni mərhələyə qədəm qoyur. Müasir müharibələrin, o cümlədən Ukraynadakı hərbi əməliyyatların gedişatını həll edən əsas amillərdən birinin pilotsuz uçuş aparatları (PUA) olduğu artıq heç kimə sirr deyil. Bu baxımdan, Avropa İttifaqının Ukraynada və ondan kənarda dron istehsalının genişləndirilməsi üçün əlavə maliyyə ayırması həm döyüş meydanındakı balansa, həm də qitənin gələcək təhlükəsizlik arxitekturasına birbaşa təsir edəcək mühüm addım kimi qiymətləndirilir.
Lakin bu addımın qlobal nəticələri barədə ekspertlərin mövqeləri fərqlidir. Bəziləri bunu Avropanın öz təhlükəsizliyini təmin etmək, Rusiya təcavüzünün qarşısını almaq üçün qaçılmaz strategiyası hesab etsə də, digərləri bu qərarın münaqişəni daha da alovlandıracağını və genişmiqyaslı eskalasiya riskini artıracağını düşünür. Mövzu ilə bağlı yerli politoloqlar “Xalq Cəbhəsi”nə açıqlamalarında prosesin siyasi və hərbi cəhətlərini təhlil edərək, Aİ-nin dron siyasətinin arxasında dayanan hədəfləri dəyərləndiriblər.

"Uğurlu Ukrayna – Təhlükəsiz Avropa”

Politoloq Əli Mustafa qeyd edib ki, Avropanın Ukrayna dronlarının istehsalı ilə əlaqədar əlavə maliyyə ayrılması başa düşüləndir, yəni bu, Ukraynanın dəstəklənməsi proqramının bir hissəsidir: “Ümumiyyətlə, belə bir ehtimal var ki, Ukrayna dronları Avropa ölkələrinin ərazisində istehsal olunur. Təqribən səkkiz ölkənin ərazisində deyilir. Və bunların əlbəttə maliyyələnməsinin, maliyyələşdirilməsinin böyük bir hissəsini Avropa ölkələri, o cümlədən Avropa İttifaqı həyata keçirir”.
O vurğulayıb ki, bu, Ukraynanın hərbi gücünü artırmaq, Rusiyanın hücumlarının qarşısını almaq və zəiflətmək niyyəti daşıyır: “Burada bir vacib məsələ də var ki, Avropa hesab edir ki, Ukrayna nə qədər uğurlu olacaqsa, Avropa üçün müharibə təhlükəsi riski bir o qədər az olacaq. Odur ki, əslində bu layihələrin maliyyələşdirilməsi elə Avropanın təhlükəsizlik strategiyasının bir hissəsi kimi qəbul edilməlidir."

Kiyevin strateji üstünlüyü

Politoloq Oqtay Qasımov açıqlaması zamanı deyib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan etibarən Ukraynaya ən ardıcıl dəstəyi göstərən əsas güc mərkəzi Avropa İttifaqı olub.
Onun sözlərinə görə, Rusiya-Ukraynaya qarşı işğalçı müharibə başlayandan Ukraynanı ardıcıl şəkildə dəstəkləyən əsas güc mərkəzi Avropa İttifaqı olub və heç də təsadüfi deyil ki, bu il də Avropa İttifaqı Ukraynaya 90 milyard dollarlıq bir yardım paketini təsdiqlədi və artıq bu istiqamətdə addımlar atılır: “Bu ayrılmış layihələr, maliyyələr konkret istiqamətlərə yönələcək. Onlardan biri də Ukraynanın pilotsuz uçuş aparatlarının istehsalı sahəsidir. Çünki Ukrayna savaşın gedişatında bu istiqamətdə çox ciddi uğurlara imza atıb və dron istehsalını yüksək səviyyələrə qaldırıb. Artıq Ukraynanın özünün istehsal gücü, illik dron istehsal gücü 1 milyonun üzərində olmaqla bir nəticədir və məhz Ukrayna bu dron və antidron sistemləri vasitəsilə son bir ildə Rusiya ilə müharibədə ciddi şəkildə strateji üstünlük əldə etməyə demək olar ki, müvəffəq olub.
Bu istiqamətdə addımların atılması və bununla bağlı Avropa İttifaqının dəstəyi də çox önəmlidir. Belə ki, Avropa çox yaxşı anlayır ki, Avropanın təhlükəsizliyi birbaşa Ukraynanın təhlükəsizliyi ilə bağlıdır. Ukrayna Rusiya təcavüzünün qarşısında duran ən böyük gücdür. Bu baxımdan, əlbəttə ki, pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı yardımların edilməsi həm Ukraynanın özünün müdafiə qabiliyyətinin gücləndirilməsinə, eyni zamanda Avropanın da gələcək təhlükəsizliyi ilə bağlı qayğılarının xeyli dərəcədə təminat altına alınmasına təsir göstərəcək deyə düşünürəm. Yəni bu, Ukrayna üçün çox vacibdir, Ukrayna qədər Avropanın təhlükəsizlik strategiyasına da uyğun olan bir addım kimi dəyərləndirilməlidir.”

Daha çox dron, daha şiddətli müharibə

Politoloq Şakir Ağayev nəzərə çatdırıb ki, Avropa İttifaqının Ukraynaya pilotsuz uçuş aparatlarının istehsalı üçün maliyyə yardımı ayırması müharibənin gedişinə təsirsiz ötüşməyəcək.
Onun sözlərinə görə, belə bir qərar münaqişənin daha da eskalasiyasına səbəb ola bilər: “Ukrayna tərəfi daha çox pilotsuz uçuş aparatları əldə edəcək və bunun hesabına Rusiyanın daxili ərazilərinə daha güclü zərbələr endirmək imkanına malik olacaq. Buna cavab olaraq Rusiya da Ukraynaya qarşı daha intensiv hücumlar həyata keçirəcək. Nəticədə müharibənin eskalasiyası daha da güclənəcək.
Avropa bu addımı ilə Ukraynaya dəstək versə də, əsas məqsədlərdən biri Rusiyanı zəiflətməkdir.
Avropa Ukraynanın əli ilə Rusiyanı zəiflətmək istəyir. Ukrayna faktiki olaraq bu qarşıdurmada döyüş meydanına çevrilib və Avropanın təhlükəsizlik siyasətinin mühüm alətlərindən biri kimi çıxış edir”.
Politoloq hesab edir ki, müharibənin davam etməsi nə Ukraynanın, nə də dünyanın təhlükəsizliyinə xidmət edir: “Müharibə nə qədər uzanarsa və şiddətlənərsə, qlobal təhlükəsizlik üçün risklər də bir o qədər artacaq. Ona görə də bu prosesin Avropanın təhlükəsizliyinə tam təminat yaradacağını düşünmürəm. Əksinə, eskalasiyanın güclənməsi gələcəkdə daha genişmiqyaslı müharibə riskini artıran amillərdən biri ola bilər”.

Günel Elxan