
ABŞ və İran arasında gərginlik davam edir. Ötən gün ABŞ yenidən İrana güclü zərbələr endirib. Zərbələr nəticəsində 80-dən çox hədəfin vurulduğu bildirilir. Proseslər göstərir ki, ziddiyyətlər əsasən Hörmüz boğazı ilə bağlıdır..
Digər tərəfdən isə ABŞ ilə İran arasında 11 iyulda Pakistanda növbəti danışıqlar keçiriləcək.
Belə bir mərhələdə sözügedən danışıqlardan hansı nəticələr gözləmək olar?
“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri, politoloqlarla müzakirə edib.
Milli Məclisin deputatı Tural Gəncəliyev deyib ki, ABŞ və İran arasında 11 iyulda Pakistanda keçiriləcək danışıqlardan ciddi bir nəticə gözləmir: “Əvvəlki danışıqların taleyi kimi bunun da heç bir xüsusi nəticəsi olmayacaq. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens eskalasiyanın qarşısının alınmasından ötrü bu danışıqların davam etdirilməsinin tərəfdarıdır. İran isə bu danışıqlardan istifadə edərək öz agendasını qorumaq və xüsusilə də nüvə məsələləri ətrafında uzun-uzadı danışıqlar vasitəsilə ABŞ-ni çətin vəziyyətə salmaq üçün istifadə edir. Hətta mən hesab edirəm ki, ABŞ və İran üçün bu danışıqlar taym-autdur və futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra böyük ehtimal ABŞ İrana qarşı yenidən zərbələr vurmağı bərpa edəcək”.
“Dünya çempionatı başa çatdıqdan sonra müharibə davam edəcək”
Deputatın sözlərinə görə, Ceyms Devid Vens isə daha çox əməkdaşlıq, sülh gündəmi ilə çıxış edir: “İstəyir ki, növbəti ABŞ prezident seçkilərində Trampdan sonra Respublikaçılar Partiyasının əsas namizədi olsun. Ancaq dövlət katibi Marko Rubio isə daha çox sükut vəziyyətindədir, danışmamağa üstünlük verir. Rubio danışmamaqla İsrail və ABŞ-nin İrana hücumunun və İsrailin mövqeyinin dəstəklənməsinin tərəfdarıdır. Ona görə də o, hələ ki kölgədə qalaraq danışıqlara getməməklə İsrail lobbisinin və ABŞ-dəki aqressiv köklənmiş qüvvələrin də simpatiyasını itirmək istəmir. Ona görə də mən bu məsələdə danışıqların daha çox hər iki tərəf üçün fasilə olduğu, İranın heç vaxt zənginləşdirilmiş uran məsələsi, eyni zamanda, ballistik raketlərlə bağlı ABŞ-yə güzəştə getməyəcəyini fikirləşirəm. Bir daha qeyd edirəm ki, futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra müharibənin davam etməsi riski böyükdür”.
“Bu, ABŞ-yə sərf etmir”
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov qeyd edib ki, əslində, görüşlərin bu şəkildə davam edəcəyi gözlənilən idi: “Çünki danışıqlar prosesi çox çətin gedir, mürəkkəbdir, tərəflər kompromisə getmək niyyətində deyil. Hər iki tərəfin şərtləri bir-biri ilə ciddi zidiyyət təşkil edir. Ona görə də prosesin belə hamar olmayan müstəvidə davam etməsi onu uzadır. Bu baxımdan Pakistanda, Qətərdə, İsveçrədə görüşlərin keçirilməsi, dialoq formatının olması özlüyündə müsbət ümidlər vəd edir. Amma hər bir halda ilkin mərhələdə müəyyən mənada bəzi şeylər razılaşdırılıb”.
X.Bəşirovun fikirlərinə görə, əgər qarşılıqlı təhdid dolu mesajlar olmasa, eyni zamanda, tərəflər komprosimə getmək istəsələr bu, müharibədən sonra razılığın əldə edilməsinə gətirib çıxaracaq: “Onsuz da daha genişmiqyaslı qarşıdurmanın, hücumların olması ehtimalı o qədər də böyük görünmür və tərəflər demək olar ki, müharibə variantını kənara qoyublar. Lakin təbii ki, bunun məntiqi nəticəsi kimi danışıqlar prosesinin də bir yekunu olmalıdır. Yoxsa danışıqlar prosesinin uzun müddət davam etməsi ABŞ-nin hazırkı rəhbərliyinə - Donald Trampa sərf etmir. Çünki aralıq seçkiləri gözlənilir. Müqayisədə ola bilər danışıqlar prosesi uzunmüddətli olaraq İrana ABŞ-yə nisbətən sərf eləsin, onun maraqlarına uyğun olsun. Ancaq ABŞ-yə sərf etmir və Tramp administrasiyası bu prosesdə mümkün qədər uğur əldə etmək istəyir”.
“Yekun razılaşma gözləmək tezdir”
Politoloq Tural İsmayılov qeyd edib ki, iyulun 11-də Pakistanda keçirilməsi planlaşdırılan ABŞ–İran danışıqları tərəflər arasında münasibətlərin tam normallaşmasından daha çox, gərginliyin idarə olunmasına xidmət edən növbəti diplomatik mərhələ kimi qiymətləndirilə bilər: “Hazırkı şəraitdə əsas müzakirə mövzuları nüvə proqramı, sanksiyaların mərhələli yumşaldılması, dondurulmuş İran vəsaitlərinin taleyi və regional təhlükəsizlik məsələləri olacaq. Bu görüşdən yekun siyasi razılaşma gözləmək hələ tezdir. Daha real ssenari texniki məsələlər üzrə müəyyən irəliləyişin əldə olunması, dialoqun davam etdirilməsi və yeni eskalasiyanın qarşısını alacaq mexanizmlərin razılaşdırılmasıdır. Vaşinqton da, Tehran da anlayır ki, hərbi qarşıdurmanın yenidən alovlanması həm regional təhlükəsizliyə, həm də qlobal enerji bazarlarına ciddi risklər yaradar”.
İslamabadın beynəlxalq diplomatiyada artan rolu
T.İsmayılov hesab edir ki, eyni zamanda, Pakistanın vasitəçi kimi ön plana çıxması İslamabadın beynəlxalq diplomatiyada artan rolunu nümayiş etdirir: “Əgər danışıqlar konstruktiv atmosferdə keçərsə, bu, qarşılıqlı etimadın müəyyən qədər bərpasına, sonrakı mərhələdə daha geniş siyasi razılaşmalar üçün zəminin formalaşmasına və Yaxın Şərqdə gərginliyin idarəolunan səviyyədə saxlanılmasına töhfə verə bilər”.
Hörmüz boğazında nəzarəti gücləndirmək məqsədi
Siyasi şərhçi Müşfiq Abdulla söyləyib ki, İranın ticarət gəmilərini atəşə tutması ilk növbədə rəsmi Tehranın Hörmüz boğazında nəzarəti gücləndirmək məqsədi daşıyır: “Yəni İran ABŞ ilə əldə edilmiş razılaşmanın müddəti başa çatdıqdan sonra, yəni 60 gün tamam olduqdan etibarən Hörmüz boğazından keçən bütün ticarət gəmilərindən rüsum toplamaq niyyətindədir. Üstəlik, İran rejimi bu addımı atmaqla Hörmüz boğazına dolayısı ilə ərazi iddiası edir. Bu isə 1982-ci ildə qəbul olunmuş Beynəlxalq Dəniz Hüququ Haqqında Konvensiyanın pozulması deməkdir. Yəni Hörmüz boğazı İranın daxili suları deyil, neytral sulardır. Ona görə də İran tərəfi gəmilərin hərəkətinə nəinki mane olur, hətta onların şəxsi heyətinə, mülki insanların həyatına təhlükə yaratmaqla beynəlxalq hüququ kobud şəkildə pozur”.
ABŞ-yə diplomatik təzyiq göstərmə cəhdi
M.Abdulla hesab edir ki, İran bu addımı ilə həm də danışıqlar masasında ABŞ-yə diplomatik təzyiq göstərməyə, öz şərtlərini diqtə etməyə çalışır: “Lakin Tehran hakimiyyətinin ticarət gəmilərini atəşə tutması və beynəlxalq ictimaiyyəti Hörmüz boğazını bağlamaqla təhdid etməsi ona baha başa gələ bilər. Çünki İran bununla ABŞ ilə iyunun 18-də imzalanmış Anlaşma Memorandumunu birbaşa pozur. Həmin sənədin 4-cü maddəsində qeyd edilir ki, 60 gün ərzində İran İslam Respublikası müharibədən əvvəlki gəmi hərəkəti səviyyəsinə uyğun olaraq dəniz nəqliyyatının bərpasını təmin edəcək. Həmin 60 günlük müddət başa çatmadığı üçün İran gəmilərin və tankerlərin hərəkətini müharibədən əvvəlki səviyyədə, yəni dinc və təhlükəsiz şəkildə keçidinə şərait yaratmağa borcludur. Eyni zamanda, Memorandumun 5-ci maddəsində yazılır ki, İran İslam Respublikası bütün imkanlarından istifadə edərək Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə ticarət gəmilərinin təhlükəsiz keçidini heç bir ödəniş tələb etmədən və yalnız 60 gün müddətinə təmin edəcək”.
“İran öhdəliyi pozub”
Siyasi şərhçi qeyd edib ki, İran tərəfi ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək üçün daha bir öhdəliyi pozub: “Bütün bunlar isə ABŞ-nin İran mövqelərinə əks-zərbə endirməsi ilə nəticələnə bilər. Prezident Tramp da İrana xəbərdarlıq edərək həm Hörmüz boğazı, həm də nüvə proqramı ilə bağlı razılaşmalara əməl etməyəcəyi təqdirdə, hərbi əməliyyatların daha kəskin şəkildə yenidən başlanacağını deyib. Lakin yaxın günlərdə ABŞ-nin mümkün qədər səbr nümayiş etdirəcəyini düşünürəm. Çünki İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneyinin dəfn prosesi başa çatana qədər ABŞ və İsraillə atəşkəs barədə Memorandumdan əlavə gizli razılaşma əldə olunub. İyulun 9-da Xameneyi torpağa tapşırılana qədər nə ABŞ-nin, nə də İsrailin İrana qarşı hər hansı ağır hərbi zərbə vuracağı inandırıcı görünmür. Prezident Tramp özü də dəfni rahat keçirmək üçün İranla bir həftəlik razılaşma əldə olunduğunu bildirdi. Nəzərə almalıyıq ki, Xameneyi ilə vida mərasimində 100-ə yaxın ölkənin dövlət və hökumət başçıları, vəzifəli şəxsləri, siyasi və ictimai xadimləri iştirak edir. Onların təhlükəsizliyinin təmin olunmasına görə yalnız İranın deyil, həm də ABŞ-nin və İsrailin üzərinə böyük məsuliyyət düşür. Ona görə də Hörmüzdə atəşkəsin vaxtaşırı pozulması halları baş versə də bunun yaxın günlərdə genişmiqyaslı döyüşlərə çevriləcəyini gözləmirəm”.
“SEPAH danışıqlar prosesini sabotaj etməyə çalışır”
Onun sözlərinə görə, Hörmüz boğazında ticarət gəmilərinin atəşə tutulması İran hakimiyyətində fikir ayrılığının qalmaqda davam etdiyini göstərir: “Məlumdur ki, gəmilərə və tankerlərə atəş İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən açılır. İranda hakimiyyət isə SEPAH-ın əlindədir. Anlaşma Memorandumunu İran tərəfdən prezident Məsud Pezeşkian imzalayıb. Danışıqlarda rəsmi Tehranı təmsil edən spiker Məhəmməd Bağır Qalibaf özünü neytral kimi göstərməyə çalışsa da əslində, SEPAH generalıdır. Yəni SEPAH-ın gizli təlimatı ilə hərəkət edir. Ona görə də SEPAH danışıqlar prosesini sabotaj etməyə çalışır və Pezeşkianın imzaladığı öhdəlikləri istədiyi vaxt sıfırlaya biləcəyini nümayiş etdirir”.
Röya İsrafilova