14:18
301
“Dublin Sammiti Cənubi Qafqazda sülhün təmin olunması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından mühüm siyasi platformadır. Bu cür beynəlxalq tədbirlər tərəflər arasında dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın formalaşdırılması və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün əlavə imkanlar yaradır”.
Bu barədə Milli Məclisin deputatı Arzuxan Əlizadə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Azərbaycanın sammitdə iştirakı ölkəmizin regional və beynəlxalq məsələlərdə artan siyasi rolunun göstəricisidir: “Sammit çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş xüsusi əhəmiyyət daşıyır. Görüşdə sülh prosesinin irəli aparılması, sərhədlərin delimitasiyası, nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticarət münasibətləri, eləcə də etimad quruculuğu istiqamətində praktiki addımlar müzakirə olunub. TRIPP layihəsinin reallaşdırılması, Azərbaycanın ərazisindən Ermənistana yükdaşımaların həyata keçirilməsi və enerji sahəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi münasibətlərin normallaşmasının artıq konkret iqtisadi və regional layihələr müstəvisində də inkişaf etdiyini göstərir. Azərbaycanın maraqları baxımından əsas məsələ regionda formalaşacaq yeni əməkdaşlıq mühitinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qurulmasıdır. Xüsusilə Zəngəzur dəhlizi və TRIPP layihəsi çərçivəsində maneəsiz nəqliyyat bağlantılarının təmin edilməsi, kommunikasiyaların açılması zamanı qarşılıqlı öhdəliklərə əməl olunması, Azərbaycanın təhlükəsizlik və iqtisadi maraqlarının nəzərə alınması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Avropa institutlarının regiona münasibətdə balanslı mövqe sərgiləməsi, Ermənistanın silahlandırılması və revanşist meyilləri təşviq edə biləcək addımlardan çəkinilməsi vacibdir”.
A.Əlizadə Azərbaycanın Dublin Sammitində qəbul edilən bəzi sənədlərə qoşulmamasına da diqqət çəkib: “Ölkəmizin beynəlxalq platformalarda müstəqil mövqeyini və milli maraqlarına uyğun qərarlar vermək prinsipini qoruduğunu göstərir. Azərbaycanın əsas məqsədi regionda davamlı sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təmin olunmasıdır. Avropa tərəfi də bu prosesdə qərəzsiz və konstruktiv yanaşma nümayiş etdirməli, Cənubi Qafqazda yeni qarşıdurma xətlərinin yaranmasına deyil, uzunmüddətli sabitliyin möhkəmlənməsinə töhfə verməlidir”.
Günel Elxan
11:33
707
10:17
721
13 Noyabr 20:15
1 015