“Dublindəki imza qarşılıqlı marağın rəsmi təsdiqidir” Siyasət

“Dublindəki imza qarşılıqlı marağın rəsmi təsdiqidir”

“Noyabrın 12-də Dublində Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan-Britaniya münasibətlərinin inkişafında mühüm mərhələdir. Sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini nəzərdə tutur”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev “Xalqcəbhəsi.az”a açıqlaması zamanı deyib.

Deputatın sözlərinə görə, bəyannamədə 1994-cü ildə imzalanmış Dostluq və Əməkdaşlıq haqqında sənədə, eləcə də 1998-ci il Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında bəyannaməyə istinad edilməsi Azərbaycan-Britaniya münasibətlərinin ardıcıl və uzunmüddətli tərəfdaşlıq xəttinə əsaslandığını göstərir: “1990-cı illərdə Xəzərin enerji layihələri ilə başlayan əməkdaşlıq hazırda daha geniş sahələri əhatə edir. Siyasi baxımdan sənədin ən mühüm müddəalarından biri sərhədlərin toxunulmazlığına, suverenliyə və ərazi bütövlüyünə hörmətlə bağlıdır. Azərbaycan uzun illərdir öz mövqeyini beynəlxalq hüququn prinsipləri üzərində qurur. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Böyük Britaniyanın bu prinsipləri yenidən təsdiqləməsi ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır”.

Deputat bildirib ki, bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Zirvəsinin əhəmiyyəti vurğulanır, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar alqışlanır: “Londonun mövqeyi mövcud sülh prosesini tanımaq və dəstəkləmək, eyni zamanda, tərəflər arasında birbaşa dialoqun əhəmiyyətini önə çəkmək baxımından diqqətəlayiqdir”.

N.Həmzəyev sənədin müdafiə və təhlükəsizlik bölməsinin də əhəmiyyətini vurğulayıb: “Tərəflər birgə təlimlər, potensialın artırılması və müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklər. Bəyannamənin iqtisadi bölməsi Azərbaycan-Britaniya əməkdaşlığının gələcək inkişafı üçün geniş imkanlar yaradır. Enerji sahəsində əməkdaşlıq artıq yalnız neft və qazla məhdudlaşmır. Bərpa olunan enerji, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar yeni əməkdaşlıq istiqamətləri kimi ön plana çıxır. Azərbaycan enerji sektorunu şaxələndirmək, neft-qaz gəlirlərindən asılılığı azaltmaq istəyir. Böyük Britaniya isə iqlim hədəflərinə uyğun yeni layihələrdə maraqlıdır. Bu baxımdan hər iki tərəf üçün qarşılıqlı faydalı imkanlar mövcuddur”.

N.Həmzəyev nəqliyyat sahəsində əməkdaşlığın da strateji əhəmiyyət daşıdığını bildirib: “Böyük Britaniyanın Orta Dəhlizin inkişafını dəstəkləməsi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemindəki mövqeyini daha da gücləndirə bilər”.

Deputat maliyyə sahəsində əməkdaşlığın, xüsusilə kiçik və orta biznesin inkişafı, ticarət maliyyəsi və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyətinə də diqqət çəkib.

O, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolunu xüsusi qeyd edərək bildirib ki, imzalanan sənədlərin real nəticələrə çevrilməsi onların icra mexanizmlərindən asılıdır. Bu baxımdan komissiyanın fəaliyyəti tərəfdaşlığın praktiki nəticələrinin qiymətləndirilməsi baxımından mühüm olacaq.

N.Həmzəyev təhsil və innovasiya sahələrində nəzərdə tutulan əməkdaşlığın uzunmüddətli perspektivinə də toxunub.

Onun sözlərinə görə, ali və peşə təhsili, rəqəmsal bacarıqlar, süni intellekt, həyat elmləri və dövlət qulluqçularının təlimi üzrə əməkdaşlıq Azərbaycan-Britaniya əlaqələrini yeni səviyyəyə yüksəldə bilər.

Deputat hesab edir ki, bəyannamənin əsas əhəmiyyəti iki ölkənin qarşılıqlı maraqlarının daha geniş strateji çərçivədə rəsmiləşdirilməsidir:

“Azərbaycan tərəfdaşlıqlarını şaxələndirir, Böyük Britaniya isə Cənubi Qafqazda mövqeyini və əməkdaşlıq imkanlarını gücləndirməkdə maraqlıdır. Dublində imzalanan sənəd bu qarşılıqlı marağın rəsmi təsdiqidir. Əsas məsələ bəyannamədə nəzərdə tutulan istiqamətlərin konkret layihələrə və real nəticələrə çevrilməsidir”.

Günel Elxan