İşğaldan azad edilmiş ərazilərdəki layihələrdə Rusiya şirkətlərinin iştirakına dair müzakirələr aparılıb İqtisadiyyat

İşğaldan azad edilmiş ərazilərdəki layihələrdə Rusiya şirkətlərinin iştirakına dair müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Rusiyanın dost və qonşu ölkələr, strateji tərəfdaşlar olduğunu qeyd edən iqtisadiyyat naziri vurğulayıb ki, ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı yüksək etimad və dostluq münasibətləridir.

M.Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq Rusiyanın münaqişənin həlli üçün göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

İqtisadiyyat naziri Rusiyanın əsas ticarət tərəfdaşlarımızdan və qeyri-neft ixracında ilk yerdə olduğunu, kənd təsərrüfatı, sənaye, nəqliyyat-tranzit, investisiya, turizm və sair sahələrdə uğurlu əməkdaşlığı, əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edib.

Səfir M.Boçarnikov ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsini vurğulayıb, iqtisadi tərəfdaşlığın genişləndirilmısi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan İnvestisiya Holdinqi ilə əməkdaşlıq perspektivləri, həmçinin azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə Rusiya şirkətlərinin iştirakına dair müzakirələr, növbəti Azərbaycan-Rusiya Regionlararası Forumunun təşkili barədə fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında son vaxtlarda ortaya çıxan bəzi çətinliklərin aradan qaldırılması yollarını müzakirə ediblər.