Prezident İlham Əliyev: Biz müharibəni ləyaqətlə aparmışıq, mülki əhaliyə qarşı vuruşmamışıq Siyasət

Prezident İlham Əliyev: Biz müharibəni ləyaqətlə aparmışıq, mülki əhaliyə qarşı vuruşmamışıq

Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq.

Bunu Prezident İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq. Halbuki, xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi. Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında alacağıq. Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb. Məhz buna görə düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər.

Mən bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki indi dünyada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, gedəcək. Bu gedən müharibələrə diqqət yetirsək hesab edirəm ki, həm Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür. Əlbəttə ki, idmançılarımız üçün bu, əlavə bir stimuldur. Çünki biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq.

Əlbəttə ki, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin baş planlarında da öz əksini tapır. İndidən federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim etməlidir. Çünki şəhərlərin baş planlarında idman qurğularının yerləşməsi nəzərdə tutulur. Amma bunlar hansı formada olacaq, memarlığı necə olacaq, bunu artıq müvafiq federasiyalar, Gənclər və İdman Nazirliyi təqdim etməlidir".