"Müttəfiqliyin əsas məğzi qarşılıqlı hörmətə söykənir" Siyasət

"Müttəfiqliyin əsas məğzi qarşılıqlı hörmətə söykənir"

Biz Azərbaycan Müdafiə Nazirliyinin Rusiya MN-in bütün diplomatik-siyasi normaları aşan və müttəfiqlik münasibətlərimizin ruhuna zidd olan 26 mart tarixli məlum bəyanatına cavabını tam dəstəkləyirik. Kifayət qədər korrekt və eyni zamanda kəsərli formada hazırlanmış cavab bəyanatında vurğulanan əsas məqamları Rusiya Müdafiə Nazirliyinin rəhbər şəxsləri diqqətlə nəzərdən keçirməli və bundan sonra hər hansı bəyanat yayarkən “qırmızı xətt”ləri keçməməlidirlər. Rəsmi Bakı tamamilə haqlı olaraq bildirdi ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir. Bu olduqca prinsipial mövqedir. Əsl layiqli cavab bax budur.

Bunu "Xalq Cəbhəsi"nə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bildirib.

O, qeyd edib ki, Rusiya tərəfi bu gün üçtərəfli razılaşmaların müddəalarını və bundan irəli gələn vəzifə borclarını düzgün icra etmirsə və bəzi bəndləri ümumiyyətlə yerinə yetirmirsə, o zaman bu ölkənin Müdafiə Nazirliyinin bu cür məsuliyyətsiz bəyanatlarla çıxış etməsi həqiqətən də absurddur. Bu baxımdan, Azərbaycan MN 10 noyabr Bəyanatının 4-cü bəndinin icrasının sözdə “qarantor ölkə” Rusiya tərəfindən təmin edilmədiyini tam da haqlı olaraq yüksək səslə ifadə etdi. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bundan sonra analoji bəyanatları hazırlayarkən öncə yüz ölçüb, bir biçməlidir. Çünki bəyanatın məzmunundan və ruhundan da görünür ki, bu bəyanat Rusiyanın dövlət maraqlarına yox, məhz Kremlə yaxın bəzi ermənipərəst dairələrin maraqlarına uyğun tərtib edilib: "Məndə belə bir təəssürat yarandı ki, sanki bu bəyanatın mətni Rusiya MN-də deyil, Ermənistanın müdafiə nazirliyinin “mətbəx”ində hazırlanıb.

Mən əminəm ki, onlar bu bəyanatı hazırlayarkən Rusiya lideri Vladimir Putinin bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imzaladığı Müttəfiqlik haqqında Moskva Bəyannaməsini tamamən unudublar, yadaki qəsdən görməzdən gəliblər. Çünki bir tərəfdən Kreml Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmlənməsi üçün müttəfiqlik müqaviləsi imzalayır, digər tərəfdən isə Kremldən idarə olunan güc nazirliyi özündə ərazi bütövlüyümüzə qarşı hörmətsizlik ehtiva edən əcaib bəyanat yayır. Bu heç bir sağlam məntiqə sığmır. Burdan belə nəticəyə gəlmək olar ki, Rusiya MN bu bəyanatı yaymaqla ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Vladimir Putinin özünə qarşı təxribatla məşğuldur. Yadaki, Ukraynaya qarşı aparılan “ildırım sürətli müharibə” planının iflasa uğraması nəticəsində artıq Rusiyanın yuxarı “eşalon”unda, mərkəzi idarəetmə sistemində ciddi böhran yaşanmaqdadır".

Bütün hallarda görünən budur ki, hazırda Rusiyada bir nazirlik digər nazirliyin “kitab”ını oxumur. Çünki normalda Rusiya MN belə bir bəyanatı ən azından ya Rusiya XİN-lə birgə hazırlamalı, yadaki onlarla koordinasiya etməliydi. Lakin Rusiya MN həmin bəyanatı özbaşına surətdə hazırlayıb. Bu da sistemin işləmədiyini, Rusiyada hakimiyyət böhranının yaşandığını göstərir. Rusiyanı Ukraynada bataqlığa sürükləyən S.Şoyqunun rəhbərlik etdiyi güc nazirliyi, bu da azmış kimi indi də Azərbaycanın əsəblərini tarıma çəkir: "Əslində Şoyqu kimi qeyri-peşəkar və qeyri-adekvat naziri olan bir ölkəyə əlavə düşmən lazım deyil. Bu cür nazirlərin rəhbərlik etdiyi qurumların təxribatçı bəyanatları, Konstantin Zatulin, Vitali Milonov, Vladimir Jirinovski kimi deputatların araqızışdıran ifadələri, Vladimir Solovyov, Marqarita Simonyan kimi jurnalistlərin irqçi-faşist yönümlü təbliğat fəaliyyətləri Rusiyanı çevrəsindəki hər bir ölkə ilə zorla düşmən edir, hətta ən yaxın müttəfiqləri də belə incik salır.

Zənnimizcə, Kreml artıq bu cür destruktiv şəxslərin parazit fəaliyyətlərini neytrallaşdırmaq istiqamətində tədbirlər görmək üçün təcili hərəkətə keçməlidir. Əks halda, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bilməyən və yaxud bilmək istəməyən bir nazirliyin Qarabağda sülhməramlı kontingent saxlamasına da bizim ehtiyacımız yoxdur. Bizim ərazimizdə sülhməramlı fəaliyyəti göstərən Rusiya MN ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qeydsiz-şərtsiz hörmət bəsləməli, o cümlədən nazirliyin media üçün nəzərdə tutulan məlumat büllütünlərində və bəyanatlarında rəsmi yer adlarımızın təhrif edilməsinə və ya bilərəkdən ermənicə yazılması praktikasına da son qoymalıdır. Müttəfiqliyin əsas məğzi qarşılıqlı hörmətə söykənir. Rusiya MN-in bəyanatını hazırlayanlar bu məqamı mütləq yadda saxlamalıdırlar".

Cavid