Şuşa Bəyannaməsi qardaşlığı müttəfiqliyə çevirdi - Aygün Attar Siyasət

Şuşa Bəyannaməsi qardaşlığı müttəfiqliyə çevirdi - Aygün Attar

Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərində bir miladdır.

Bunu Trend-ə açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə illərdir reallaşdırdığı qardaşlığı müttəfiqliyə çevirdi.

"Şuşa Bəyannaməsi hüquqi olaraq çox mühüm bir sənəddir. Bu günə qədər Türkiyə və Azərbaycan arasında əməkdaşlığa dair bir sıra iclaslar keçirilib, sənədlər imzalanıb, lakin Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin bugününə və bundan sonrakı 100 illiklərə möhür vuracaq bir sənəddir. Bir çox sahələrdə çox mühüm maddələri özündə ehtiva edən bəyannamə iki dövlətin münasibətlərini fərqli bir səviyyəyə çatdıran tarixi bir sənəddir. Bu bəyannamənin türk dünyasına, Türkiyə-Azərbaycan münasibətlərinin fundamental dəyərlərinə çox böyük töhfəsi var", - deyə A.Attar bildirib.