“Hakimiyyət xalqı inkişaf etmiş Qərb standartlarına hazırlamalıdır” Siyasət

“Hakimiyyət xalqı inkişaf etmiş Qərb standartlarına hazırlamalıdır”

Qüdrət Həsənquliyev: "Demokratik cəmiyyəti qurmaq üçün demokratik dünyagörüşə malik insanların çoxluğu lazımdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirirk

- Qüdrət bəy, söhbətimizə günün ənənəvi sualından başlamaq istəyirəm: Azərbaycanda iqtisadi böhran varmı?

- "Böhran" sözünü hər bir siyasətçinin necə qəbul etməsinə baxmaq lazımdır. Əlbəttə, iqtisadiyyatımızda ciddi çətinliklər var. İqtisadi böhran deyəndə gözümün önünə Yunanıstandakı proseslər gəlir. Ölkə defolt vəziyyətinə düşmüşdü, dövlət borcunu ödəyə bilmirdi və insanlar da meydanlara axışıb buna etiraz edirdilər. Əgər böhranı Yunanıstandakı durum baxımından etalon kimi qəbul etsək, Azərbaycanda elə deyil. Amma çox ciddi iqtisadi çətinliklər var, manat 2 dəfə devalvasiyaya uğrayıb, özü də 100 faizdən artıq. Bu mənada ölkə ciddi iqtisadi problemlərlə üz-üzədir.

- Bu, hara aparır?

- Əlbəttə, hökumət ölkənin defolt vəziyyətinə düşməməsi və böhrana gətirilməməsi üçün müəyyən addımlar atır. Ancaq atılan addımlar qənaətbəxş deyil, çox vaxt itirilir.

- Yəni qəbul olunan qərarlar adekvat deyil?

- Neftin qiyməti aşağı düşəndə dünyanın tanınmış və nüfuzlu ekspertləri yaxın 1-2 ildə qiymətin qalxmayacağını deyirdilər. Ölkənin əsas gəlir mənbəyi isə neftdir, ona görə də dövlət 2014-cü ilin ikinci yarısından bu istiqamətdə addımlar atmalıydı. Amma biz nəinki o zaman, birinci devalvasiyadan sonra mühüm qərarlar qəbul etmədik. Düzdür, çoxlu sayda müəyyən fərmanlar imzalanıb, qərarlar qəbul olunub, ancaq bunlar vəziyyəti dəyişmək üçün yetərli deyil.

- Yumşaq keçid etmək üçün konkret hansı addımlar atılmalıdır?

- Zaman çox itirilib. Parlamentdə olduğum birinci ildən hökumətin hər hesabatında, büdcə müzakirələrində özəlləşdirmənin həyata keçirilməsi, rəqabət mühitinin gücləndirilməsi, qanunların aliliyinin təminatı, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi istiqamətində siyasi islahatların aparılmasını gündəmə gətirmişəm. Əsasən də parlamentli respublika modelinə keçilməsini söyləmişəm. Sonuncu amil bizim partiyanın bütün seçki platformalarında öz əksini tapıb. Ancaq indi də gec olmadığını və özəlləşdirməni yubatmamağı tövsiyə edirəm.
Hazırda hökumət xaricdən investorlar və ekspertlər dəvət etmək istəyir. Sözün doğrusu, investorların cəlb olunması üçün əlverişli iqtisadi mühit olmalıdır. Son atılan addımlar və qərarlar isə bu mühiti bir az da korlayır. Məsələn, sahibkarların qiymət artımına görə həbsi, təqibi. Bu hadisələr nəinki xarici investorları cəlb edir, əksinə, bir az da qorxudur. Mətbuatda oxudum ki, Siyəzəndə quşçuluq fabrinin direktoru qiymət artımına görə həbs olunub. Əvvəla, Azərbaycanda prokurorluğun ümumi nəzarət funksiyası yoxdur, konkret, hər hansı cinayət faktı üzrə şikayət daxil olduqda prokurorluq həmin faktı araşdırır. Yəni prokurorluq gedib hardasa yoxlama apara bilməz. Mərhum prezident Heydər Əliyevin dövründə "Prokurorluq haqqında qanun"a dəyişiklik etdik və ümumi nəzarət funksiyası prokurorluğun əlindən alındı. Hesab edirəm ki, son hadisələr prokurorluğun səlahiyyət həddini aşmasıdır. İkincisi, sahibkar toyuğu 3 manata satırdısa, qiyməti kim müəyyənləşdirmişdi? Özü. İndi də kimsə ona deyə bilməz ki, əvvəl niyə 3, bu gün isə 4 manata satır. Konstitusiyaya görə, mülkiyyət hüququ var və sərəncamı da onun sahibinə məxsusdur, burdan belə nəticə çıxır ki, sahibkar öz əmlakını neçəyə istəyirsə, o qiymətə də sata bilər. Yalnız təbii inhisarçılardan söhbət gedə bilər, "Azərsu", "Azərişıq", "Azərqaz"... Bunlar üçün Tarif Şurası qiymətləri müəyyənləşdirməlidir. Amma Tarif Şurası dərmana qiymət müəyyənləşdirəndə, artıq qurum burda təbii inhisarçı olduğunu qəbul edir. Söhbət dərmanı bir şirkətin satmasını qəbul etməsindən gedir. Deməli, rəqabət mühiti yaratmaq əvəzinə, sahibkarın malına qiymət qoymaq, sabah investorları cəlb etmək əvəzinə normal düşüncəli sahibkarları qaçıracaq.

- Mövcud reallıq nədən ibarətdir?

- Mövcud reallıq odur ki, hər bir xalqın sosial-inkişaf indeksi var. Bura xalqın qurduğu dövlətin iqtisadi inkişaf səviyyəsi, siyasi mədəniyyət, təhsilin, səhiyyənin səviyyəsi və adət-ənənələr daxildir. BMT-nin məlumatına görə, xalqımızın sosial-inkişaf səviyyəsi 76-cı sıradadır, bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Şəxsən mən hesab edirəm ki, biz daha aşağıda olmalıyıq, 76-cı yer Azərbaycan xalqı üçün uyğun deyil. Belə olduğu təqdirdə ayrı-ayrı işıqlı insanlar bütün kütlədən ayrılıb. Bilirsiniz, demokratik cəmiyyəti qurmaq üçün demokratik dünyagörüşə malik insanların çoxluğu lazımdır. Mən Elçibəydən demokratik insan tanımıram. Amma hakimiyyətə gələndən sonra xalq onu dəstəkləmədi. Surət Hüseynovun 70 nəfər qulduru dövləti iflas vəziyyətinə gətirdi.

- Bəs xalqın indiki vəziyyətində hakimiyyətin məsuliyyəti nə qədərdir?

- Hakimiyyətin məsuliyyəti odur ki, xalqı inkişaf etmiş Qərb standartlarına hazırlamalıdır.

- Bəs 22 ildə hazırlaya bildimi?

- Hesab etmirəm ki, 22 il yetərlidir. Əlbəttə, neft pulları hökuməti xeyli tənbəlləşdirdi və xalqın da tələbkarlığını azaltdı. Ölkədə demokratikləşmə gedir, amma, bu, çox zəif templə gedir.

- Necə düşünürsünüz, tarix indiyə qədər gələn bahalı neft gəlirlərinə görə kimdən haqq-hesab sormalıdır?

- Tarix kimdən haq-hesab sormalıdır deyəndə, bəli, Azərbaycana böyük neft pulları gəldi və düşünmürəm ki, bundan səmərəli istifadə etdik. İnfrastrukturun qurulmasını heç kim dana bilməz, yalnız Dərnəgül şosesini xatırlamaq yetər, orda yolun ortasında bəzən dərinliyi 1 metrə çatan çüxurlar vardı. Körpülər salındı, şəhərlərdə müəyyən işlər getdi.

- Amma israfçılığa da yol verildi...

- Bu, birmənalıdır və heç kim bunu inkar edə bilməz ki, israfçılığa yol verilmədi. Özü də ciddi israfçılıq oldu. Məsələn, 1 kilometr yolun asfaltlanmasına xeyli pul xərcləndi. O cümlədən, səhiyyə obyektlərinin, məktəblərin inşasına bir neçə dəfədən çox vəsait xərcləndi. Hər zamandır deyirdim ki, Azərbaycanda səhiyyə obyektləri özəlləşdirməlidir və bu işləri sahibkarlar həyata keçirməlidir. Düşünürəm ki, Azərbaycan neft pullarından çox da səmərəli istifadə etmədi.

- İqtidar islahatlara gedəcəkmi, əks təqdirdə, yaxın 6 ayda nə gözlənilir?

- Yaxın 6 ayda heç nə gözləmirəm. Hətta iqtidar heç nə etməsə belə, Neft Fondunda 34 milyard vəsait var, bu ehtiyat əhalini ərzaqla təmin etməyə imkan verir. Yəni bu amil də prosesin illərlə uzanmasına gətirib çıxarda bilər. Amma ciddi ərzaq böhranı yaransa və nəticədə insanlar ailələrini də dolandıra bilməsə, nəsə baş verə bilər.

- Amma idxal aşağı düşüb...

- Bəli, idxal düşür. Ancaq hesab edirəm ki, hakimiyyət bunun fərqindədir və ölkənin ərzaqla təmin olunması üçün müəyyən addımlar atacaq.