Azərbaycan Ermənistana qarşı iddiasında İsrailin dəstəyini almalıdır - İsrail siyasətçisi Siyasət

Azərbaycan Ermənistana qarşı iddiasında İsrailin dəstəyini almalıdır - İsrail siyasətçisi

Biz Enerji Xartiyası Müqaviləsinə əsasən, Azərbaycanın Ermənistana qarşı dövlətlərarası iddiası çərçivəsində onu dəstəkləməliyik.

Trend ABŞ-nin həftəlik Jewish Press qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail siyasətçisi, sabiq kommunikasiya naziri Ayub Kara deyib.

"Beynəlxalq hüquqdan da aydın göründüyü kimi, Ermənistan Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində və yeddi rayonunda enerji resurslarına çıxış imkanını rədd etməklə, onları öz maraqları üçün qanunsuz istismar etməklə və otuz illik işğal dövründə Azərbaycanı enerji resurslarını işləmək hüququndan məhrum etməklə Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını, həmçinin, beynəlxalq hüququn digər prinsiplərini və BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmuşdur", - o deyib.

Onun sözlərinə görə, azərbaycanlı ekoloji fəalların Laçın-Xankəndi yolundakı dinc aksiyasının əsas səbəbi Azərbaycanın resurslarının ekoloji cəhətdən qeyri-sağlam metodlarla hasil olunması və faktiki olaraq hərbi cinayətlər və bəşəriyyət əleyhinə cinayətlər işləmiş şəxslərə satılmasıdır.

"Təqribən bir il bundan əvvəl mən Qarabağda ermənilərin ətraf mühitə vurduqları ciddi zərərin şəxsən şahidi oldum. Biz Qarabağda faktiki olaraq balıqsız çaylar, köklərindən qoparılmış ağaclar, yandırılmış kənd təsərrüfatı sahələri və təbiətin digər irimiqyaslı dağıntılarını gördük. Dağıntılar o qədər dəhşətli idi ki, Livanın cənubunda müşahidə etdiyimdən də pis idi", - o deyib.

Kara, həmçinin, Azərbaycanın Ermənistana qarşı arbitraj iddiasının irəli sürülməsində israillilərin ölkə ilə həmrəylik nümayiş etdirməli olduqlarını əlavə edib.