Bu, mövcud reallıqlardan nəticə çıxarmayan ermənilər üçün sonuncu şansdır - Elçin Mirzəbəyli Siyasət

Bu, mövcud reallıqlardan nəticə çıxarmayan ermənilər üçün sonuncu şansdır - Elçin Mirzəbəyli

Azərbaycan Respublikasının Konstitusiyası irqindən, dinindən, milli mənsubiyyətindən, siyasi baxışlarından asılı olmadan bütün vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin fundamental hüquq və azadlıqlarına təminat verir və bu hüquq və azadlıqlardan Azərbaycan Respublikasının ərazisində yaşayan erməni əsilli şəxlər də faydalana bilərlər.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisi 2001-ci ildə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanı və onun 1, 4, 6 və 7 saylı Protokollarını təsdiq edib:

"Sözügedən konvensiyada və onun protokollarında nəzərdə tutulan bütün hüquq və azadlıqların müdafiəsi ölkəmizin daxili siyasətinin əsas prioritetlərini təşkil edir. Bu baxımdan, Azərbaycan Respublikasının erməni əsilli sakinlərinin hansısa müstəsna hüquqlarla bağlı iddiaları həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm də ölkənin qoşulduğu beynəlxalq sənədlərə ziddir. Çünki həm Azərbaycan qanunlarının, həm də beynəlxalq hüququn norma və prinsiplərinin təməl fəlsəfəsi bərabərlik prinsipinin qorunmasıdır. Eyni ölkənin vətəndaşlarının bir hissəsinə hansısa müstəsna hüquqların tanınması digərlərinin hüquq və azadlıqlarının kobud şəkildə pozulması deməkdir və Azərbaycan Respublikasının ərazisində bu qəbildən olan hüquqa zidd iddiaların təmin olunması tamamilə istisna olunur".

E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər həmişəlik olaraq başa düşməlidirlər ki, Azərbaycan unitar dövlətdir:

"Onlar unitar dövlətin vahid idarəçilik sistemi və inzibati ərazi bölgüsünün tələblərinə uyğun olaraq yaşamaqdan başqa seçimlərinin olmadığını anlamalı, Azərbaycan Konstitusiyasına zidd olan bütün qondarma təsisatlardan imtina etməlidirlər.

Azərbaycanın Qarabağ bölgəsindəki bütün qondarma təsisatlar buraxılmalı, sözügedən ərazidə Azərbaycan Respublikasının mərkəzi və yerli hakimiyyət orqanlarının legitim təsisatlarının fəaliyyəti təmin olmalıdır. Bu günədək erməni sakinlərin yaşadığı Azərbaycan ərazilərində qanunun aliliyinin təmin edilməsi istiqamətində sərt tədbirlərin həyata keçirilməməsinin əsas səbəbi humanizm prinsiplərindən qaynaqlanır".

Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyevin Laçın rayonuna səfəri çərçivəsində verdiyi mesajların əsasını da, məhz bu prinsiplər təşkil edir.

"Lakin dövlətimizin başçısının qeyd etdiyi kimi, iki il yarım ərzində baş vermiş hadisələr Qarabağdakı erməniləri xülyadan ayıltmalıdır. Azərbaycan Respublikası öz suveren hüquqlarından bir addım da geri çəkilməyəcək. Azərbaycan ərazilərini Ermənistana birləşdirmək iddiaları, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq xülyası dəmir yumruqla məhv edildi, “Miatsum” kitabı əbədilik olaraq bağlandı. Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla şərti sərhəddə qurulan sərhəd-buraxılış məntəqəsi ermənilər üçün dərs olmalıdır. Anlamalıdırlar ki, separatçı, terrorçu əməllərin, xəyanətin sonu yoxdur. Prezidentin bəyan etdiyi kimi, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə hərəkət tam nəzarət altındadır. Azərbaycan öz suveren ərazilərində xaosun, özbaşınalığın davam etməsinə seyrçi qalmayacaq və dövlətimizin başçısının amnistiya ilə bağlı səsləndirdiyi mesajlar 44 günlük müharibədən və mövcud reallıqlardan nəticə çıxarmayanlar üçün sonuncu şansdır", - deyə E.Mirzəbəyli vurğulayıb.