.jpg)
Fikrət Sadıqov: "Torpaqların azad olunması prosesi artıq başlanılmalıdır"
Dünyada, o cümlədən Yaxın Şərqdə gedən proseslər Qarabağ probleminin tez bir zamanda həllini vacib edir. Hər an alovlana biləcək müharibə riskinin aradan qaldırılması yalnız təcavüzkar erməni siyasətinin dəyişməsi və işğalda olan Azərbaycan torpaqlarının boşaldılmasından keçir.
Politoloq Fikrət Sadıqov deyib ki, torpaqların azad olunması prosesi artıq başlamalıdır. O, diqqətə çatdırıb ki, hazırkı geosiyasi reallıqda Dağlıq Qarabağ probleminin siyasi gedişatına işıq salıb: "Dünyada geosiyasi qarşıdurma davam edir. Cənubi Qafqazda və regionun ətrafında hadisələr gərgindir. İlk növbədə Yaxın Şərqi, Türkiyədəki vəziyyəti və münaqişədə iştirak edən Rusiya və Amerikanı nəzərdə tuturam. Digər tərəfdən, Türkiyə kürdlərə və İŞİD-ə hücuma keçib. Belə bir fonda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gecikir. Müəyyən hadisələr həmişə danışıqlar prosesinə təsirini göstərir. Fikir verin, Ermənistanda da vəziyyət kifayət qədər mürəkkəbdir. Ölkədə Rusiyaya qarşı şüarlar səslənir və rus dilli vətəndaşlar Ermənistanı tərk edir. Bütün bunlar Ermənistanın siyasətində yeni əlamətlərdir. Əgər məsələyə bu kontekstdən yanaşsaq, onda müəyyən şərtlərlə hansısa nəticələri gözləmək olar. Çünki Ermənistanda başa düşürlər ki, vəziyyət sonsuzadək belə qala bilməz. Eyni zamanda, Rusiya da son zamanlar Azərbaycanla yaxınlaşır. Moskva Bakının yeni rolunu çox gözəl dərk edir. Qarabağ danışıqlarının bu kontekstdə aparılması, düşünürəm ki, yeni təkliflərlə müşahidə oluna bilər. Bu təkliflər isə birbaşa Azərbaycanın maraqlarına cavab verməlidir. Yəni şərtsiz, heç bir problemsiz torpaqların azad olunması prosesi artıq başlanılmalıdır".