Beynəlxalq aləm Ermənistanın aqressiyasına göz yumur Siyasət

Beynəlxalq aləm Ermənistanın aqressiyasına göz yumur

İşğalçı ölkə nüvə başlığı əldə etməyə çalışır


Aprel döyüşlərindən sonra ciddi təlaş keçirərək Azərbaycan Silahlı Qüvvələrinin gücü, potensialı qarşısında aciz duruma düşən Ermənistan son vaxtlar yenidən aqressiv mövqe nümayiş etdirməyə başlayıb. Silahlı Qüvvələrimizin keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra danışıqlar prosesinə daha çox maraq göstərən işğalçı ölkənin hazırda bu prosesdən yayınmağa çalışdığı müşahidə edilir. Bunun arxasında isə Rusiyanın işğalçı ölkəni yenidən silahlandırması dayanır. Xəbərlərdən də aydın olduğu kimi Rusiya Federasiyası Ermənistana bir müddət əvvəl yeni silah növləri, artileriya qurğuları, eləcə də "İsgəndər M" raket kompleksi satıb. Elə bu səbəbdəndir ki, artıq Ermənistan sülh danışıqlarına deyil, təhdid, hədə variantına daha çox üstünlük verir.
Rəsmi Moskavının Ermənistana yeni silah növləri satması isə Azərbaycan cəmiyyəti tərəfindən haqlı narazılığa səbəb olub. Ekspertlər, siyasi şərhiçilər Rusiyanın bu addımını qəti şəkildə pisləyərək bu addımın ATƏT-in Minsk qrupundakı həmsədrlik postu ilə ziddiyət təşkil etdiyini söyləyirlər.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, Rusiyanın modern "İsgəndər" raketləri Ermənistanda peyda olduqdan sonra Azərbaycanın iki seçimi qalır: Onun sözlərinə görə, birinci seçim əsasında Rəsmi Bakı Kremlə müraciət edir ki, Rusiya bizə də "İsgəndər" raketləri satsın: "Halbuki, Kreml eyni adlı raketləri Ermənistana peşkəş verib ki, bölgədə hərbi balans Azərbaycanın xeyrinə pozulmasın. Əgər Kreml Azərbaycana "İsgəndər" raketlərini satmaq istəməsə qalır ikinci seçim. Bu da "İsgəndər" raketlərini havada neytrlaşdırmağa imkan verən raketlərdən müdafiə sistemini əldə etməkdir. Həmin sistemi İsrail Azərbaycana satmağa hazırdır". Politoloq deyir ki, Rusiyanın Azərbaycana "İsgəndər" raketlərini satacağını düşünmür. Çünki əks halda həmin raketləri Ermənistana ötürməzdi: "Elə Moskvanın raketləri Ermənistana ötürməkdə məqsədi hərbi balansı Azərbaycanın xeyrinə pozulmasına mane olmaq idi. İndi həmin raketləri bizə də versə üstünlük yenə də Azərbaycanın tərəfində olacaq. Bu Kremlin maraqlarına cavab vermir. Digər tərəfdən Azərbaycan Türkiyənin hərbi strateji müttəfiqidir. Rusiya ehtiyat edə bilər ki, "İsgəndər" raketlərinin texnologiyası NATO ölkəsinin əlinə keçə bilər. Azərbaycanın "İsgəndərə" qarşı İsraildən müasir raket sistemləri alması da Kremlin xoşuna gəlməyəcək. Çünki Azərbaycan Rusiyanın silahından da üstün olanına yiyələnəcək. Bütün hallarda nə etsək, bu Kremlin xoşuna gəlməyəcək. Ancaq biz hərbi qüdrətimizi Rusiyanın xoşuna gəlib gəlməmək üçün artırmırıq, nə ediriksə, işğal altındakı torpaqların azadlığı üçün edirik. Bunu isə heç kim bizə qadağan edə bilməz".
Müstəqil ekspert Rövşən Məmmədli də Rusiyanın bu addımı kəskin şəkildə pisləyib: "Tarixi ərazilərimizdə Ermənistan adlı dövlət yaratmış Rusiya indi yaratdığından faydalanmaq amacı ilə Ermənistanın ərazisində "İsgəndər M" raket komplekslərini yerləşdirib. Bundan Rusiya NATO-ya xox gəlmək üçün faydalandığı halda, Ermənistanda bizi qorxuya salıb Qarabağımızı qopartmaq xəyalındadır. Ancaq biz ermənilərin bu xəyallarını gecikmədən alt-üst etməliyik. Biz Qarabağımızın azad edilməsini düz 23 ildir gecikdiririk. Günahı da yıxırıq Minsk qrupunun turist həmsədrlərinin üzərinə. Qarabağ bizim dövlətin bir parçasıdır, onu da işğaldan biz azad etməliyik. Kiminsə arxasına girib yalan bəhanələr gətirməyək". Ekspert deyir ki, Qarabağ məsələsini Beynəlxalq hüquq normalarının müstəvisində dərhal həll etməliyik. Əks təqdirdə ermənilər "İsgəndər M" əldə etməklə qalmayıb nüvə silahı, daha doğrusu nüvə başlığı əldə etməyə çalışacaqlar: "Onların bu istəyi artıq Ermənistanın ayr-ayrı siyasətçilərinin, yazarlarının, hərbçilərinin dilindən eşidilir. "İsgəndər M" məsələsini biz həll edə bilərik. Çünki, ermənilər cürət etməz bundan bizə qarşı istifadə etməyə. Onlar bir "İsgəndər M" atmaqla yüz cavabəını alacaqlarını bilirlər. Ancaq onların əlinə nüvə başlığı keçərsə ermənilər düşünmədən ondan bizə qarşı istifadə edəcəklər. Çünki, onlara türksüz, insansız Azərbaycan torpaqları lazımdır. Biz yüz ildir bunu görürük. Onlar aldıqları torpaqlardan bizi elə həmin an təmizləyirlər. Ya öldürür ya da qovurlar. Həm də nüvə silahını bizə qarşı işlətsələr, cavab zərbəsi almayacaqlarını düşünəcəklər. Odur ki,Azərbaycan dövləti bu gün nə qədər məsuliyyətli vəziyyətin yaranmasının fərqində olmalıdır. Azərbaycan ordusu sözdən əmələ keçməlidir. Şanlı ordumuz öz vəzifəsini yerinə yetirərək elə bu payız dığaları, daşnak tör-töküntülərini torpaqlarımızdan qovmalıdırlar. Bunun əksi bizə fəlakət gətirə bilər və bunu hamı dərk etməlidir".