BQXK sözdə humanitar təşkilat olsa da, əməllərində ikili standartlara əsas yer verir - ŞƏRH Siyasət

BQXK sözdə humanitar təşkilat olsa da, əməllərində ikili standartlara əsas yer verir - ŞƏRH

BQXK-si sözdə neytral fəaliyyət göstərən humanitar təşkilat olsa da, əməllərində ikili standartlar amilinə əsas yer verir. Bu baxımdan Azərbaycanın torpaqları işğal altında olduğu 30 ildə BQXK-si azərbaycanlıların qarşılaşdığı humanitar problemlərinə heç də adekvat reaksiya vermədi. Bəlkə də 1988-ci ildə BQXK-si Qərbi Azərbaycanda etnik təmizlənməyə məruz qalmış azərbaycanlılara zamanında öz dəstəyini göstərsəydi, 300 minə qədər soydaşımız öz ata yurdlarından departasiya olunmazdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, həm də 90-cı illərin əvvəlində I Qarabağ müharibəsi zamanı soyqırımlara məruz qalmış azərbaycanlılara lazımı səviyyədə humanitar dəstək göstərilsəydi bəlkə də 4 mindən çox vətəndaşımız itkin düşməzdi.

“O cümlədən BQXK 30 ildə əsir və itkin düşmüş azərbaycanlıların problemləri ilə məşğul olsaydı, bu gün bu problem müəyyən qədər həll olunmuş olardı. Həm də uzun illər çadır şəhərciklərində ağır şəraitdə yaşamağa məhkum olunmuş azərbaycanlılara lazımı səviyyədə humanitar dəstək göstərmədi.

Amma 44 günlük Vətən müharibəsindən sonra BQXK-si sanki ermənilərin himayəçisi kimi çıxış etməyə başladı. Belə ki, müharibə meydanında qalmış 1700-dən çox erməni cəsədinin təhvil verilməsində canfəşanlıq etdi. Həkəri çayı üzərində sərhəd keçid məntəqəmizi yaradanda Xankəndidə yaşayan ermənilər üçün qaçaqmalçılıq yolu ilə gizli daşımalarla məşğul oldu. Azərbaycan sərhədçiləri BQXK-nin bu əməllərini ifşa edəndən sonra təşkilatın iki əməkdaşı Azərbaycandan çıxarıldı.

Hətta Qarabağda yaşayan ermənilərə humanitar yardımların Azərbaycandan aparılması ilə bağlı tələbimizə də qarşı çıxdı. Halbuki, ölkə ərazilərimizdəki humanitar məsələlər suveren hüquqlarımız çərçivəsində həll olunmalı idi. O cümlədən, bu gün də qeyri-qanuni şəkildə Bərdədə İrəvandan idarə olunan ofisin fəaliyyətini davam etdirir. Halbuki BQXK-nin ofisinin fəaliyyəti qanuna görə Bakıdakı ofisindən idarə olunmalı idi.

Amma BQXK-si Ukraynada Rusiyanın nəzarəti altındakı Donetsk vilayətinə humanitar yardımların Rusiya ərazisindən aparılmasına razı olmadı.

Bu gün Xankəndidəki ofisinin bağlanması və Bərdədə fəaliyətinə davam etdirilməsinin açıqlamasını İrəvan ofisindən bildirməsi də tamamilə beynəlxalq hüquq normalara və eləcə də BQXK-nin nizamnaməsinə ziddir. Azərbaycanlılara qarşı düşmənçilk mövqeyində olan BQXK-nin ölkəmizdə fəaliyyətinin davam etdirilməsi bizə lazımdırmı kimi bir sual meydana çıxır. Bu sualın cavabı ancaq yoxdur. Hesab edirəm ki, BQXK-nin Cenevrədə yerləşən mərkəzi ofisinin qarşısında ölkəmizdə ikinci bir ofisin fəaliyyət göstəriməsinin yolverilməzliyi ilə bağlı məsələni qaldırmalıyıq. Əgər onlar Bərdədə Bakıya tabe olmayan ikinci ofisində fəaliyyətini davam etdirmək istəyirlərsə, ona imkan verməməliyik. Təbii ki, bu ölkəmizin suveren hüququdur”, - deyə deputat bildirib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə Trend-ə deyib ki, Beynəxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin Bərdəyə köçürülməsi ilə bağlı qərarın harada verilməsi önəm kəsb edir.

O qeyd edib ki, digər tərəfdən BQXK öz funksionallığını bölgədə qorumaq üçün məsələlərə siyasi don geyindirməməlidir.

"Burada humanist, tamamilə ədalətli yanaşmadan söhbət getməlidir. Azərbaycan daxilində BQXK tərəfindən milli, dini, irqindən aslı olmayaraq hər kəsə eyni baxış olmalıdır. Buna görə də bizim üçün vacib məqamlardan biri dünyada BQXK ofisi necə fəaliyyət göstərirsə, bizdə də elə faəliyyət göstərsin. Adətən onların paytaxtlarda ofisləri olur. Amma Azərbaycanda uzun müddətdir ki, BQXK-nin iki ofisi fəaliyyət göstərir. Xankəndi ofisi uzun müddət Bakıdan yox, İrəvandan təlimatlar alırdı.Təyinatlar da məhz İrəvan tərəfindən həyata keçirildi. Əlbəttə bu yolverilməz idi. Azərbaycan bu və ya digər şəkildə qəti addımlarını atıb və bundan sonra da atmağa davam edəcək", - deyə o bildirib.