Tokayevin Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı təklifi təsadüfi deyil - ŞƏRH Siyasət

Tokayevin Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı təklifi təsadüfi deyil - ŞƏRH

Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini istisnasız olaraq dəstəkləyən dost və qardaş bir ölkədir. Hələ 2005-ci ildə Azərbaycanla Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb və hər iki ölkənin parlamentlərində ratifikasiya olunub. 2022-ci ildə isə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalanıb və Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı yeni prioritetlər müəyyənləşib.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu il martın 11-12-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri gerçəkləşib.

"Səfər çərçivəsində Kasım-Jomart Tokayev Prezident İlham Əliyevlə birlikdə Füzuli rayonunda və Şuşa şəhərində olublar, həmçinin Qazaxıstanın hesabına inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin açılış mərasimində iştirak ediblər. Qazaxıstan Prezidentinin ölkəmizə dövlət səfərindən təxminən bir ay sonra Ermənistana getməsi və bu ölkənin baş naziri ilə danışıqlarda Azərbaycan-Ermənistan münasibətlərinə diqqət çəkməsi, Qazaxıstan ərazisinin Azərbaycanla Ermənistan arasında sülh danışıqları üçün platforma kimi təqdim etməsi, qənaətimə görə təsadüfi deyil və istisna etmirəm ki, bütün bu məqamlar Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı nəzərdən keçirilib", - deyə o qeyd edib.

E.Mirzəbəyli vurğulayıb ki, Qazaxıstan bölgədə sabitliyin qorunub saxlanmasında, təhlükəsizliyin təmin edilməsində maraqlı olan və bu istiqamətdə səmimi səylər göstərən bir ölkədir.

"Azərbaycanla Qazaxıstanın birgə səyləri nəticəsində “Orta dəhliz” – Transxəzər Beynəlxalq (multimodal) Nəqliyyat Dəhlizi reallığa çevrilib və əhəmiyyətini gündən-günə artırmaqdadır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, şübhəsiz ki, regionda kommunikasiyaların açılmasına və “Orta dəhliz”in Azərbaycan üzərindən keçməklə Ermənistan marşrutunun da işə düşməsinə, mahiyyət etibarilə “Zəngəzur dəhlizi” layihəsinin də gerçəkləşməsinə zəmin yarada, bölgədə etimadlı münasibətlərin formalaşmasına yol aça bilər.

Bütün hallarda, Qazaxıstanın da Xəzəryanı ölkə olduğunu nəzərə alsaq, bölgə dövlətlərinin regionda davamlı sülhün əldə olunması ilə bağlı səyləri müsbət qəbul olunmalıdır. Qazaxıstanın Azərbaycanla və Ermənistanla münasibətləri bu ölkənin sülh danışıqlarında platforma kimi çıxış etməsinə və sülh prosesinə töhfə verməsinə imkan yaradır", - deyə o əlavə edib.