“Bizim münasibətləri korlamaq istəyən ölkələr də var” Siyasət

“Bizim münasibətləri korlamaq istəyən ölkələr də var”

Tofiq Abbasov: "İki ölkə arasında siyasi dialoqdan idmana qədər müxtəlif sahələrdə möhkəm əlaqələr var"

Asim Mollazadə: "Belarus Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər"

Elxan Şahinoğlu: "Belarusla Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir"

"Belorus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri bir çox yerli və xarici KİV-lərində müsbət xəbərlərlə qarşılanıb. Çünki söhbət iki adekvat subyektin – dövlətlərimizin qarşılıqlı münasibətlərindən gedir. Bizim ölkələrin başında illüziyalarla məşğul olmayan, geo-iqtisadi parametrləri anlayan praqmatiklər dayanıb. İki ölkə arasında siyasi dialoqdan idmana qədər müxtəlif sahələrdə möhkəm əlaqələr var. Bütün bu amillər və ölkə başçılarının mütəmadi səfərləri göstərir ki, əlaqələrimiz yüksəlişə doğru hərəkət edir". Bu fikirləri politoloq Tofiq Abbasov Lukaşenkonun Azərbaycana səfərini şərh edərkən deyib: "Bizim münasibətləri korlamaq istəyən ölkələr də var. Elə böyük dövlətlər var ki, öz daxilində baş verən ən kobud insan hüquqları pozuntularına göz yumaraq bizə nəsə öyrətməyə çalışır. Misal üçün ABŞ-da keçirilən prezident seçkilərinə baxa bilərik. Lakin Bakı və Minsk hər sahədə xeyir verən inkişaf istiqamətini seçərək əsl dövlətlərarası münasibətlərin necə olduğunu göstərirlər".
Millət vəkili Asim Mollazadə deyib ki, hər iki ölkə uzun illərdir dost və tərəfdaş kimi münasibətlər qurub: "Azərbaycan və Belarus arasında iqtisadi sahədə bir sıra layihələr uğurla həyata keçirilir. Azərbaycan iqtisadiyyatı şaxələndicə iqtisadi münasibətlərimiz daha da güclənir. Hesab edirəm ki, enerji və kənd təsərrüfatı sahəsində mövcud olan əməkdaşlığı inkişaf etdirə bilərik. Bu, hər iki ölkə üçün önəmlidir".
Millət vəkili bildirib ki, Belarus beynəlxalq arenada Azərbaycanı dəstəkləyir: "Siyasi sahədə Belarus Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Hesab edirəm ki, Belarus Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər. Bu baxımdan ölkələrimiz arasında əlaqədar daha da inkişaf etməli, yeni iş birlikləri həyata keçirilməlidir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Belarusla Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir: "Bakıdakı görüşdə prezidentlərin əsas fikri bundan ibarət oldu ki, iki ölkə arasında qısa müddət ərzində ticarət dövriyyəsi artırılmalıdır. Bunun üçün potensial var. Məsələn, 2017-ci ildə Belarusla Azərbaycan arasındakı əmtəə dövriyyəsinin həcmini 700 milyon dollara çatdırılması planlaşdırılıb. Lukaşenkonun Bakıya verdiyi təkliflərdən biri budur: "Biz Azərbaycanda kənd təsərrüfatı müəssisələrini tam təhvil verməyə hazırıq". Artıq iki ölkə arasındakı əməkdaşlığın konkret nümunəsi var: Gəncədə Belarus markalı traktorların istehsalına başlanılıb.
Bundan başqa Belarus Azərbaycanın dərman istehsalı bazarına maraq göstərir. Azərbaycan dərman istehsalında tamamən idxaldan asılıdır. Azərbaycan hökuməti bu asılılığı azaltmaq üçün müxtəlif dövlətlərlə danışıqlar aparır. Artıq Bakı ətrafında bir neçə dərman zavodunun tikintisi başlayıb. Azərbaycan hökuməti bu işə böyük vəsait ayırıb. Ona görə də müxtəlif dövlətlər pay almaq istəyirlər.Azərbaycanda dərman istehsalına əsas iki ölkə maraq göstərir: Rusiya və İran. Belarus da bu prosesə qoşulmaq niyyətindədir. Vaxtilə Belarus Azərbaycan kimi dərman idxalından asılı idi. Hazırda ölkədə istifadə olunan dərmanların yarından çoxu Belarusda istehsal olunur.
Aleksandr Lukaşenko Bakıya səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığından da danışdı. Bu, Lukaşenko üçün vacib mövzu idi. Çünki, Belarus prezidenti son zamanlar Rusiyanın Belarusa münasibətdə enerji siyasətindən narazıdır və alternativ imkanlar axtarır. Ancaq "Belarus Azərbaycan neftini hansı yolla ala bilər və qiymət baxımından bu hər iki ölkənin maraqlarına cavab verəcəkmi?" sualı hələ açıq qalır. Prezident İlham Əliyev bildirib ki, energetika sahəsində əməkdaşlıq uzunmüddətli və möhkəm olmalıdır. Çünki neft əməliyyatları və neft ixracatı sahəsində uzunmüddətli tədarüklər lazımdır. Buna baxmayaraq, Lukaşenko Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstana və Ukraynaya qoyduğu yatırımların onun ölkəsinə istiqamətlənməsinə ümidlidir".
E.Şahinoğlu vurğulayıb ki, rəsmi Bakı Dağlıq Qarabağ məsələsində Belarusun Azərbaycana verdiyi dəstəkdən məmnundur: "Belarus Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdır. Bu, prezidentlərin imzaladığı birgə bəyanatda yer alıb. Bu bənddə "ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı" cümləsinə xüsusi yer verilib. Bunun nəticəsidir ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir.
Prezident İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşdə bildirib ki, "biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir. Düşünürəm ki, burada iştirak edənlər mənim nə barədə danışdığımı bilirlər".
Aydındır ki, İlham Əliyev Belarus prezidentinin Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistan prezidentinin Azərbaycan əleyhinə yönəldilmiş siyasətinə mane olduğunu nəzərdə tutur. Bir neçə dəfə bu cür toplantılarda Belarus və Qazaxıstan prezidentləri Ermənistan prezidentinin Azərbaycan əleyhinə təşəbbüslərinin qarşısını alıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sonuncu İrəvan toplantısı da buna nümunədir. Belarus prezidenti həmin toplantıdan narazı qaldığını Ermənistanın paytaxtında keçirilən birgə mətbuat konfransında açıq dedi, gündəmə çıxarılan mövzuların çiy olduğunu vurğuladı. Digər tərəfdən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İrəvan toplantısında iştirak etməməsi Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katibin seçilməsinə imkan vermədi. Həmin baş katib Ermənistanın təmsilçisi olmalı idi. Aleksandr Lukaşenko Ermənistan-Azərbaycan qarşıdurmasına praqmatik nöqteyi-nəzərdən yanaşır. Lukaşenko Azərbaycana gəldiyi qədər Ermənistana getmir. Çünki, Lukaşenko bilir ki, o, Azərbaycanla Ermənistana eyni münasibət göstərsə, rəsmi Bakı ilə iqtisadi və ticarət əməkdaşlığının miqyasını artıra bilməyəcək. Lukaşenkoya hazırda yeni bazarlar lazımdır. Belarus prezidentinin Azərbaycana səfəri də məhz bu faktorla bağlı idi".