

“Qanun yaxşı hazırlanıb və buna səs verəcəyəm. Amma bir neçə məsələyə də münasibət bildirmək istəyirəm. Öncə, doğru olardı ki, bu sahə özəlləşdirilsin. Yəni beynəlxalq təcrübə də göstərilir ki, özəlləşdirməyə getmədən bu sahədə yüksək xidmətə nail olmaq çətindir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “İstilik təchizatı haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili həmçinin əlavə edib: “İkinci qeyd etmək istədiyim məsələ ondan ibarətdir ki, mən, vaxtilə hörmətli Baş nazir Əli Əsədova da müraciət etmişdim. O zaman onun da diqqətinə çatdırmışdım ki, bizdə istiliyin verilməsi mövsümlə əlaqədar olaraq, konkret günlə müəyyənləşdirilir. Amma istilik havanın temperaturundan asılı olaraq verilməlidir.
Yəni yay müddətində müvafiq dövlət orqanları buna hazırlaşmalıdırlar. Məsələn qanunda qeyd oluna bilər ki, temperatur 18 dərəcəyə enəndə istiliyin verilməsi işə düşür.
Əlbəttə bunu müvafiq dövlət orqanları ilə də müzakirə edib qərar qəbul etmək olar.
Məsələn mənə ötən il çoxsaylı insanlar müraciət edirdilər ki, havalar soyuyub, amma istilik verilmir. İstilik verilməyəndə elektrik enerjisindən isitifadə edirlər və buna görə də elektrik xətlərində açılmalar baş verir. Nəticədə elektrik kabelləri əriyir, bəzən sayğaclar sıradan çıxır və bununla əlaqədar olaraq, mən, Azərişıq ASC-nin rəhbərliyi ilə də o zaman əlaqə saxlamışdım. Yəni onları da başa düşmək lazımdır. Bu həm də xeyli ziyan vurur. Özü də istilik verilən evlərin çoxu sovet dönəmində inşa edilən panel evlərdir. Havanın soyuması ilə evlər dərhal soyuyur və elektirik qızdırıcılarından istifadə etməyə məcbur olurlar.
Növbəti təklifim isə ondan ibarətdir ki, biz mütləq qeyd etməliyik ki, vətəndaşlarla imzalanan müqavilələrin nümunəvi forması bu qanuna əlavə olunsun. Və biz onu Milli Məclisdə təsdiq edək ki, orada sui-istifadə hallarına da yol verilməsin”.